Nostalji

İnsan olmaq üçün sərəncam, fərman lazımdır?!

Mən "nostalji" sözü-nü keçmişin xiffətin çəkmək kimi öz dilimizdə də yaza bilərdim. Lakin cəmiyyətimiz bu anlayışı bilavasitə bu formada qəbul etdiyi üçün beləcə də yazdım-nostalji.

Son zamanlar, yaşlı nəslin nümayəndələrinin sovet dönəmi barədə fikir söyləmələri, misal çəkmələri gənclər və bəzən elə yaşlılar tərəfindən də nostalji kim qəbul edilir və həmin şəxsləri sovet rejiminə sevgidə ittiham edirlər. Çox maraqlıdır ki, ittiham edənlərin də böyük əksəriyyəti o dövürdə aşırmalı şalvarda qəzib,qəndə «qaqqa» deyirdilər. Nə o rejimdən xəbərləri var, nə də o dövürdən, sadəcə olaraq gündəmdə olmaq xatirinə yaşlılarla söz güləşdirirlər.

Onların diqqətinə çatdırmaq istəyirəm ki, o dövrün nostaljisini çəkən insanların böyük əksəriyyətində bu xiffət heç də sovet rejiminə sevgidən qaynaqlanmır. Əksinə, müasir dövürdə yaranan bir çox pisliklərin cəmiyyəti öz ağuşuna alaraq boğmasından doğur. 

Dediklərimə aydınlıq gətirmək üçün sizin diqqətinizə bir neçə nümunə təqdim edəcəyəm. Məsələn, bu yaxınlarda kiçik bir cocuğun həkim biganəliyindən, onun xəstəxanaya çatdırılması üçün lazımi tədbirlərin görülməməsindən, Təcili-Tibbi Xidmətin yarıtmazlığı üzündən dünyasını dəyişməsi faktı barədə yazılanlar cəmiyyətdə böyük narazılıqlara səbəb oldu. Mətbuat bu barədə çeşid-çeşid yazılar yazdı. Mövzu mümkün olduğu qədər ictimailəşdirildi. Amma, dəyişən nə oldu?...

Yadınızdadır, bir müddət əvvəl də buna oxşar bir hadisə baş vermişdi. Belə ki, Abşeron rayon DYP  idarəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqov yol qəzasında yaralanan bir vətəndaşın vəziyyətinin ağırlığını nəzərə alaraq onu öz avtomobilində (yəqin ki, Abşeron rayonunda Təcili- Tibbi Xidmətin hansı səviyyədə olduğunu Vasif müəllim də yaxşı bilir) əvvəlcə Təcili -Tibbi Xidmət Stansiyasına çatdırır. Orada yaralını qəbul etmirlər ki, "çox qan itirib".  Belə çıxır ki, Təcili- Tibbi Xidmət sağlam insanlara lazımdır, ağır vəziyyətdə olanlara yardım etmək onların vəzifəsi deyil. Polis kapitanı yaralını daha sonra el arasında "Semaşko" kimi tanınan 1 saylı Kilinik Tibbi Mərkəzə çatdırır. lakin yaralını burada da qəbul etmirlər ki, "vəziyyəti ağırdır". Nə yaxşı ki, polis kapitanı Vasif Sadıqov insanlıq naminə öz inadından dönmür və yaralını Respublika Travmotologiya İnstitutuna aparır. Nəhayət,  burada öz peşəsinə və vəzifəsinə vicdanla yanaşan, insanlıq hissilərini itirməyən həkimlər tapılır.

Bu ilk növbədə bir insanlıq və vicdan məsələsidir. Həkim adını daşıyan birisinin insanlıq hissini itirməsi, insan həyatının itirilməsi ilə nəticələnirsə, bu artıq cinayətdir.

Vicdanını, insanlığını öz nəfsinə qurban verən bu kimilərini görəndə nostalji keçirməyəsən, nə edəsən?

Sizə bir söver nostaljisindən nümunə.

O dönəmlərdə Pribaltika respublikalarının birində bir kəndçi ot biçərkən təsadüf nəticəsində özünün 3 yaşlı qızı Rasanın hər iki ayağını kəsmişdi. Bu hadsə bütün sovet məkanında böyük rezonansa səbəb olmuşdu və 250 milyon insan hadisənin nə ilə nəticələnəcəyini həyəcanla gözləyirdi. Bu gün bizim "sovet rejimi", "xalqlar həbsxanası" və s. və i. epitetlərlə mükafatlandırdığımız Sovet hökuməti məsələyə ən yüksək səviyyədə reaksiya verdi. Körpənin Moskvaya çatdırılması üçün xüsusi təyyarə ayrıldı, onun üçün hava yolunda koridor (dəhliz) yaradıldı və artıq 1 saatdan sonra körpə Rasa Moskvada əməliyyat stolunun üstündə idi. Bu əməliyyatı isə o zaman ancaq gənc həkim Ramazi Datiaşvili gerçəkləşdirə bilərdi. Bu həkim lsə 12 saatlıq bir əməliyyatdan yenicə çıxmasına baxmayaraq, təcili olaraq öz komandası ilə balaca Rasanın kəsilən ayaqlarının bərpasına başlayır və əməliyyat 9 saat davam edir. Həkim Ramazi sonralar öz xatirələrində qeyd edir ki, bütün əməliyyat boyu, balaca Rasanın və "günahkar" atanın gözləri sanki mənim əllərimə baxır və məndən möcuzə gözləyirdilər: "Rasa gəzməyə başlayanda isə sevinc göz yaşlarımı saxlaya bilmədim".

Burada söhbət heç də sovet nostaljisindən getmir. Söhbət dövlətin öz vətəndaşına münasibətindən, həkimin insanlığından ən başlıcası qanunlara əməl etməkdən gedir. Bu gün ölkəmizdə minlərlə körpələr var ki, təcili əməliyyat olunmalıdırlar, sadəcə olarq pulları olmadığı üçün ölümlərini gözləyirlər. Çünki bu cəmiyyətdə pul insanlığı çoxdan tapdalayaraq keçib.

İnsan Allahu-Taələnin yaratdığı ən mükəmməl varlıq olaraq, uca Yaradanın onun üzərinə qoyduğu missiyanı yerinə yetirərək insan olur. Əks təqdirdə, o sadəcə bir adamdır. Atalarımız da, məhz buna görə deyiblər ki, "adam olmaq asandır, insan olmaq çətin". Bu mövqedən baxanda, çox təəssüf edirsən ki, bu gün dünyada adamlar çoxalsa da, insanlara rast gəlmək müşkülə çevrilib. Bu təkcə ölkəmizdə müşahidə olunan tendensiya deyil. Bu gün belə hallara dünyanın hər yerində rast gəlmək olar.

Madiyyatının, mənəviyyatı üstələdiyi bir məkanda insanların iblisin kələyinə uyaraq nəfslərinin qurbanına çevrilməsi çox ağır haldır. Nəfs xəstəliyindən isə müalicəsi çox çəitin olan uzun bir proses nəticəsində xilas olmaq mümkündür. Bu müalicədə adamın insan olma prosesi gedir, onun uğurlu alınması da insanın özündən asılıdır.

Yaddan çıxarmayın ki, insan olmaq üçün xüsusi qanuna, heç bir fərman və sərəncama ehtiyac yoxdur. Sadəcə olaraq, Allaha tapının və olduğunuz kimi görünməyə çalışın.

Yusif Seyid

0.083820104598999