Cəmiyyətin “güclü-zəiflər”i...

Oğru, soyğunçu, yoxsa vicdansız?

Cəmiyyət getdikcə anormallığa yuvarlanmaqdadır. Necə ki, qış fəslində anomal istilər, yayda da əksinə hava şəraiti müşahidə edilir, adamlar da eləcə. Doğrudur, istisnalar var, onlar da az qala cəmiyyətdə təmsil olunanların hamısının bütün öhdəliklərini öz üzərinə götürüb. Böyük bir hissə hər cür məsuliyyətsizlik və mənəviyyatsızlıq etməkdə, az bir qisim isə hamının əvəzinə mükəmməl olmaqda. Ədalətsizlikdir, doğrusu. Hamı adam kimi dünyaya gəlir, fəqət hamı insan olaraq yaşamır.

Günümüzdə yaşananların, baş verən hadisələrin fövqündə də elə həmin mənfi tiplər dayanır. Onlar silsilə yazıların dırnaqarası qəhrəmanları, gerçək həyatımızın real mövzularıdır. Yəni günümüzdə baş verənlər heç də bir xəyal məhsulu deyil, tamamilə gerçək hadisələri əks etdirir. Bu hadisələrin əsasında dayananlar, onların baş verməsində günahkar olanlar gündəmin demək olar, 90 faizini zəbt edib. Ağır avtomobil qəzaları, yol-nəqliyyat pozuntuları, yaş məfhumu gözlənmədən baş verən özünəqəsdlər, azyaşlıların oğurlanması, insan alveri, göldə, çayda, dənizdə batma, narkotik məhsulların satışı və bu kateqoriyadan olan bitkilərin azad-asudə becərilməsi, istənilən səbəbdən ölüm, xəstəlik statistikası, soyğunçuluq, mütəşəkkil oğurluq hadisələri və daha nələr...

Zənnimizcə, baş verən hadisələrin hamısında qarşı tərəfin günahı, məsuliyyətsizliyi ucbatından qurbanlar olub. Tələfat, ölüm və risk halı hər halda, mənfi xüsusiyyət, xarakter və vərdiş sahiblərinin günahı nəticəsində qeydə alınıb. Onlardan biri və ən acınacaqlısı da bugünlərdə olub.

Deməli, Yasamal sakini olan bir cavan oğlan azyaşlını aldadaraq əlindəki 5 manatını alıb. Bu hadisənin motivini oğurlama, yaxud soyğunçuluq kimi dəyərləndirmək də adama ağır gəlir. Çünki oğurluq və soyğunçuluq sözünün mənası daha böyükdür və onun ağırlığı heç olmasa itki predmetinə uyğun gəlməlidir. Uşağın 5 manatını alan “oğru”ya, “soyğunçu”ya isə, bu mənfi mənalı sözləri deməyi də adam özünə sığışdırmır. Ümumiyyətlə, oğurluqla, cibgirliklə bağlı məqamlar dərin və geniş izaha ehtiyac olan sahədir. Eyni zamanda, bu, tamam başqa bir mövzudur və sıradan yazılanlar, ötəri bəhs edilənlər keçmişdə yaşamış məşhur cibgirlərin təqdimatına xələl gətirə bilər. Hər halda, insanlar həmin şəxsləri hərtərəfli, dəqiqliklə araşdırılmış şəkildə öyrənməyə maraqlıdır. Bu dünyanın məşhur isimləri indiyədək yaşlıların xatirindədir və vaxtaşırı olaraq xatırlanırlar.

Amma haqqında bəhs etdiyimiz hadisə, düşünürük ki, kimliyindən asılı olmayaraq, hamının qınağına səbəb ola bilər. Çünki azyaşlının əlindən aldadaraq 5 manatını almağa nə mənəviyyat sarıdan dolğun, nə də kasad, nə ləyaqət sahibi, nə də ləyaqətsiz, nə vicdansız, nə də oğru haqq qazandırmaz. Cavan bir adam isə bunu edir və bəlli olur ki, həmin şəxs bir müddət əvvəl bir qadının da 500 manatını əlindən alıb.

Qadın və uşaq - iki zəif və zərif bəndə. Cəmiyyətin ən həssas təbəqəsinin iki nümayəndəsi. 5 manat və 500 manat. Sıralama sanki bəlli bir çevrəyə qarşı dəqiq bir planlamanı çözür. İki zəifin, yəni oğurluq məqsədiylə qarşıya çıxmış naqafil “güc”ün qarşısında gücsüzə çevrilən qadın və uşağın günahı yoxdur bu məqamda. Pulu əldən gedən qadın bəlkə də cəmiyyət içində və məişətdə yaxşı biri, bəlkə də arzuolunmayan şəxs ola bilər. Yaxud 5 manatı əlindən alınan uşağın dəcəl və valideynlərinin tərbiyəsinə ram edilməyən bir sözəbaxmayanın olması da mümkündür. Amma sonda hər ikisinin adı baş verən hadisənin motivinə görə, zərərçəkən və günahsız. Qarşı tərəf isə, kim və necəliyindən asılı olmayaraq, vicdansız.

O şəxsi qadının və azyaşlının pulunu əlindən almağa vadar edən səbəbləri, onun şəxsi həyatını, üzüntülərini, ağır və yaxud, əksinə, yüngül həyatını nə araşdırmaq, nə də onu vəziyyətdən çıxarmaq fikrimiz var. Heç bir hal, köməksiz vəziyyətdə qalan insana təzyiq göstərərək əlində olanı almağa haqq qazandırmır. Təkrar edirik, o da ola azyaşlı və qadın.

Hər halda, cəmiyyətdə belə anormal hadisələr varsa, ona təzyiq mexanizmi də mütləq olmalıdır. Əlaqədar qurumlar, polis və s. üzrə təyinatlı qüvvələr belə hallara qarşı birbaşa məsuliyyət daşıyıcılarıdır. Bir də var, ictimai qınaq. Sanıram, hər kəs evinin sakinini, ailə üzvlərini, qohumda, qonşuda yaşayanları tanıyır və əliəyri olub-olmadığını yaxşı bilir. O halda onları cəmiyyətə, evdən çölə buraxmazdan öncə edək edəcəyimizi. Yaşlılar indi bəyənmədiyimiz sovet dövrünün “xalq drujinaçıları”nı yada salsın, daha yaşlılar “Timur və onun komandası”ndan nəvə-nəticəsinə danışsın, məsələn. Müasir dünyamızda var olanlardan, yaşayanlardan, dünyadan köçənlərdən, bir sözlə, örnək hesab etdiklərindən bəhs etsinlər ərki çatanlara, öyüd-nəsihətə qulaq asanlara. Hərə bacardığı cüzi bir iş görsə, bəlkə də sayı azalar gündəmi zəbt edən kriminal hadisələrin, olayların statistikası, bu sıradan xəbərlər.

Biz də bir ictimai vəkil olaraq, həmişəki kimi, dayanaq öz postumuzda. O vaxta qədər yazaq və ictimailəşdirək ki, cəmiyyətin qınağından ehtiyat edib dəyməsinlər qadınlara və uşaqlara. Və güclü cinsdən olduqları təkcə belə məqamlarda yada düşməsin.

Nigar Orucova 

0.052351951599121