Azərbaycan dövləti burada məskunlaşan bütün xalqlara tolerant münasibət bəsləyir

Balakən rayonunda 27 millətin nümayəndəsi sərbəst yaşayır və fəaliyyət göstərir

Azərbaycanda multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsinin nəticəsidir ki, ölkədə dövlət-din və milli mənsubiyyət məsələləri ən yüksək səviyyədə öz həllini tapıb. Bu, həm də dini və milli məsələlərin düzgün tənzimlənməsinin bariz nümunəsidir. Məlumdur ki, ölkəmizin ərazisində 30-dan çox azsaylı xalqın, etnik qrupun və milli azlıqların nümayəndələri yüz illərdir ki məskunlaşaraq heç bir təhdid və təzyiqlə üzləşmədən yaşayırlar. Bu da Azərbaycan dövlətinin və xalqının  burada məskunlaşan insanlara heç bir fərq qoymadan sərgilədiyi tolerantlığın bariz nümunəsidir. Bu da danılmaz faktdır ki, bir çox azsaylı xalqlar və etnik qruplar ölkəmizin müxtəlif bölgələrində kompakt şəkildə yaşayırlar və öz mədəniyyətlərini, adət- ənənələrini yaşadaraq inkişaf etdirirlər. Azərbaycan da dünyəvi, demokratik dövlət olaraq, onlara qanunların yol verdiyi həddə öz müstəqil icmalarını yaratmasına  nəinki imkan yaradır, həm də dəstək olur. Bunun nəticəsidir ki, bu gün ölkəmizin bütün bölgələrində yaşayan azsaylı xalqların öz təşkilatları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir, bununla da ümumazərbaycan mədəniyyətinə öz töhfələrini verirlər.

Bu gün biz Azərbaycanın milli baxımdan ən həssas bölgələrindən biri olan Balakən rayonunda yaşayan xalqların öz adət-ənənələrini, mədəniyyətlərini qoruyaraq inkişaf etdirmək istiqamətində fəaliyyətlərindən, dövlətimizin bu istiqamətdə onlara göstərdiyi yardım və dəstəkdən söz açmaq istəyirik.

Məlumdur ki, hər bir xalqın inkişafı, tərəqqisi ilk növbədə onun mədəniyyətindən başlayır. Multikulturalizm anlayışının açıqlaması da, çoxmədəniyyətlilik, çoxlu mədəniyyətlər kimi anlaşılır. Bu baxımdan Balakən rayonu sözün həqiqi mənasında çox unikal bir məkandır ki, burada 27 millətin nümayəndəsi yaşayır. Onların arasında müsəlmanlar çoxluq təşkil etsələr belə, bu gün ölkəmizdə mövcud olan digər dini konfessiyaların nümayəndələri də burada sərbəst yaşayır və fəaliyyət göstərirlər.

Bu gün rayonda Mədəniyyət Mərkəzi və 19 klub tipli mədəniyyət müəssisəsi, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, Bülbül adına uşaq incəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbləri, mərkəzi kitabxana, 1 şəhər, 20 kənd kitabxana filialını özündə birləşdirən MKS fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz kimi, Balakən müxtəlif millətlərin nümayəndələrinin mehriban dostluq və qardaşlıq şəraitində yaşadıqları bölgələrdən biridir. Rayonda yaşayan hər bir millətin adət-ənənəsi, mədəni irsinin qorunub saxlanılması və təbliği dövlətimizin  daima diqqət mərkəzindədir. Balakəndə yaşayan milli azlıqlar arasında üstünlük təşkil edən avar xalqına məxsus Qaysa kənd mədəniyyət evində "Cahan" folklor ansamblı, Qabaqçöl qəsəbə folklor klubunda "Qubek" rəqs qrupu, ingiloyların yaşadığı İtitala kənd mədəniyyət evinin nəzdində isə "Şəlalə"  və "Nənələr"  folklor qrupları fəaliyyət göstərir. Onu da qeyd edək ki, "Nənələr" folklor  qrupu 1991-ci ildən fəaliyyət göstərir. İngiloylara məxsus qədim rəqslərə yenidən həyat vermək, həmçinin zəngin folklor nümunələrimizi, milli-mədəni dəyərlərimizi gələcək nəsillərə çatdırmaqda böyük rolu olan "Nənələr" folklor qrupunun çıxışları həmişə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

2011-ci ildə Xalq kollektivi adını alan avarlardan ibarət "Cahan" folklor rəqs kollektivi də bölgədə tanınmış folklor qrupudur. 2016-cı ildən isə Mədəniyyət Mərkəzində "Qubek" rəqs  kollektivi və "Buta" folklor qrupu yaradılıb. Bu kollektivlərin fəaliyyəti dəfələrlə Azərbaycan televiziya və radio məkanında təbliğ olunub.

Avarlar həm də yaranma tarixi 7-8 minillikləri əhatə edən milli çalğı aləti olan tamburu da, bu günə kimi qoruyaraq yaşada biliblər. Özünəməxsus milli musiqi aləti olan iki simli tamburdan ta qədim zamanlardan el şənliklərində, tütün, yun, qarğıdalı və fındıq təmizlənən iməciliklərdə insanları şənləndirmək, iş tempini yüksəltmək üçün də istifadə ediblər. Tamburun bir maraqlı cəhəti də odur ki,  bu alətin müşayiəti ilə həm kişilər, həm də qadınlar haylalar söyləyir, Balakən-Zaqatala bölgəsinə məxsus yerli rəqsləri ifa edirlər. Avarların həm də özünəməxsus toy adət-ənənələri var ki, onların bir qismi bu gün də qorunur. Onlardan biri də, toy məclislərinin sonrakı günü,  "Təzə gəlin süzən çayı içmək" adətidir ki, burada da əsasən oğlan evinin yaxın qohumları iştirak edir və tamburun müşayiəti ilə əylənirlər.

Rayonda dəmirçilik, papaqçılıq, toxuculuq və bədii tikmə, ağac və daş üzərində oyma, ipəkçilik, sərraclıq, təkəlduzluq, dulusçuluq və zərgərlik kimi xalq sənətkarlıq nümunələri geniş yayılıb.

Avarların təkrarolunmaz, özünəməxsus milli kulinariyası da burada qonaq olan hər kəsin diqqətini cəlb edir. Sac üzərində bişirilən, günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması,

mal ətindən hazırlanan hisə verilmiş kolbasa(ucnuur),  ət, şor, qabaq (boranı) xəngəlləri, ət, şor, gicitkən, qabaq qutabları (yerli dialektdə qusi adlanır), soğança, boş xəngəl də ancaq avar qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.

Xörəklərin bir çoxunun hazırlanmasında  məhz bu bölgədə becərilən yerli ədvadan- "kundari" (ət otundan) geniş istifadə olunur.

Balakən rayon Mədəniyyət evi 1960-cı ildən fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin nəzdində 2 şəhər klubu, 17 klubtipli kənd mədəniyyət müəssisəsi müxtəlif profillər - məsələn, diyarşünaslıq, folklor, sənətkarlıq üzrə fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən rəqs, dram, bədii-qiraət, mahnı, gitara dərnəklərində ayrı-ayrı yaş qrupundan olan üzvlər arasında  gənclər üstünlük təşkil edir.

Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən kollektivlər rayonda keçirilən tədbirlərdə, tarixi-əlamətdar günlərdə və bayramlarda, yubiley və mərasimlərdə fəal iştirak etməklə yanaşı gənclərin və rayon əhalisinin asudə vaxtlarının səmərəli  keçməsi üçün maraqlı tədbirlər həyata keçirirlər. Mədəniyyət Mərkəzində istedadlı gənclərin üzə çıxarılması məqsədilə il ərzində incəsənətin ayrı-ayrı sahələrini əhatə edən "İstedadlar sorağında" müsabiqələri keçirilir ki, burada bölgədə yaşayan bütün azsaylı xalqların və etnik qrupların nümayəndələri də iştirak edirlər.

Mədəniyyət  Mərkəzinin nəzdində fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivləri, "Kaman" və "Gənclik" instrumental ansambılları mütəmadi olaraq Balakən rayonu ərazisində yerləşən hərbi hissələrin zabit və əsgərləri qarşısında, gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimlərində rəngarəng konsert proqramları ilə çıxış edirlər.

Yaz-yay mövsümündə Mədəniyyət Mərkəzi və onun filiallarının bədii-özfəaliyyət kollektivləri həftənin şənbə-bazar günlərində H.Əliyev adına Mədəniyyət və İstirahət parkında əhalinin sıx toplaşdığı turizm məkanlarında yerli və xarici turistlər üçün konsert proqramları ilə çıxış edirlər.

Rayonda diqqətçəkən məsələlərdən biri də mütəmadi olaraq, "Narkomaniyaya yox" şüarı altında Mədəniyyət Mərkəzində sərgilərin və maarifləndirici tədbirlərin keçirilməsidir. 2017-ci ildə Arzu Soltanın "Xaşxaşın göz yaşları" pyesi əsasında səhnələşdirilən tamaşa narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərinə zərbə vurmaqla yanaşı, həm də dövlətin sosial-iqtisadi inkişafına mənfi təsir göstərməsi, insan sağlamlığına təhlükə yaratmasının təbliği baxımından gənclərə örnək olub.

Balakəndə həyata keçirilən maarifləndirmə tədbirləri arasında kitabxanaların da fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Diqqətinizə çatdıraq ki,  Balakən rayonunda ilk dəfə 1947-ci ildə kitabxana üçün bina tikilib, həmin binada 1948-ci ildə Mərkəzi kitabxana yaradılıb. 1 dekabr 1979-cu ildən isə bütün kitabxanalar mərkəzləşmiş şəkildə fəaliyyət göstərməyə başlayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Balakənə 12 aprel 2006-cı il tarixli səfərindən sonra rayonda kitabxanalara diqqət daha da artıb.

Dövlət başçımızın 20 aprel 2007-ci il tarixli "Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamları kitabxana işinə, bu işin inkişafına göstərilən qayğıdan qaynaqlanır.

Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli, 56 saylı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı kitabxanaların latın qrafikalı ədəbiyyatla komplektləşdirilməsində, oxucu sorğularının tam və dolğun ödənilməsində çox böyük rol oynayıb.

Prezidentin bu sahəyə diqqət və qağısının nəticəsidir ki, hazırda MKS-in 64 işçisi var.

2008-ci ildə Respublika Dövlət Neft Şirkətinin vəsaiti hesabına MKS üçün yaraşıqlı, ikimərtəbəli yeni bina tikilib. 19 sentyabr 2008-ci ildə Prezident İlham Əliyev rayona səfəri zamanı kitabxananın açılış mərasimində iştirak edib.

Kitabxanada internet zalı yaradılıb və Neft Şirkəti bu zal üçün 12 ədəd komputer, 1 ədəd skaner, 2 ədəd printer hədiyyə edib. İstifadəçilərə internet xidməti göstərilir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları və Neft Şirkətinin dəstəyi ilə internet zalında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi quraşdırılıb, kataloq yaradılıb. Neft Şirkətinin MKS-yə hədiyyə etdiyi kitablar bu kataloqun yaddaşına köçürülüb.

Azərbaycan Milli kitabxanası tərəfindən MKS-nin internetdə www.balakan.cls.az saytı açılıb. Balakən MKS haqqında internetdən məlumat almaq olar.

 2015-ci ildən ALİSA proqramı fəaliyyət göstərir. Bu proqrama dövrü mətbuat məqalələri və kitabxanaya yeni daxil olan kitablar elektron kataloqa yerləşdirilir.

Bütün yuxarıda qeyd etdiklərimiz, Azərbaycan dövlətinin milli və etnik, eləcə də dini azlıqlara qarşı göstərdiyi tolerantlığın və dözümlülüyün, eyni zamanda multikultural dəyərlərə verdiyi yüksək qiymətin nəticəsidir. Biz bunu, sadəcə olaraq bir bölgənin timsalında diqqətinizə çatdırmağa çalışdıq.  Gələn saylarımızda başqa bölgələrdə yaşayan insanların da yaşam tərzi barədə sizləri məlumatlandırmağa çalışacağıq.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.10939311981201