Dini və milli tolerantlıq millətlər və dinlərarası münasibətlərin sağlam inkişafına böyük töhfələr verir

Ölkəmizdəki mükəmməl multikultural və tolerant mühit Prezidenti İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin nəticəsidir

 Qloballaşan dünyamızda sülhün və stabilliyin qorunmasının əsas iki yolu var: birincisi, dövlətlərarası münasibətlərin düzgün tənzimlənməsi, ikincisi, dinlər və millətlərarası münasibətlərin tənzimlənməsində mutikulturalizmin ən mükəmməl yolunun tapılması. Bu gün Azərbaycan dövləti multikulturalizmi və tolerantlığı ölkəmizdə həyat tərzinə çevirməklə, dünyaya bir çağırış etmiş olur ki, bu modeldən istifadə etmək, yaranmış situasiyada yeganə çıxış yoludur. Məlumdur ki, dünyada multikulturalizmin bir çox modelləri var və onlar bir-birindən fərqlənir.

İyul ayının 17-də paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru" adlı I Beynəlxalq Gənclər Forumunun təşkil edilməsi də, məhz multikulturalizmin Azərbaycan modelinin təbliğinə və təşviqinə xidmət edir.

Forumda "Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli" mövzusunda keçirilən ilk sessiyanın moderatoru İrina Kunina da öz çıxışında qeyd edib ki, multikulturalizmin müasir dövrdə bir sıra modelləri var. Bu modellər öz xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində aparıcı rol dövlətin üzərinə düşür. Çünki hər hansı bir ölkədə multikultural və tolerant mühitin formalaşması,

bu ölkədə həyata keçirilən siyasətdən və dövlət başçısının siyasi iradəsindən asılıdır.

Bu baxımdan, Azərbacan Respublikasının Prezidenti İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin nəticəsidir ki, multikulturalizm Azərbaycanda həyat tərzinə çevrilib, ölkədə ayrı-ayrı millətlərin və dinlərin nümayəndələri sülh əmin-amanlıq qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

Forumda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Abbas İsmayılov Azərbaycanın multikulturalizm modeli barədə forum İştirakçılarına geniş məlumat verərək bildirib ki, Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır və məhz buna görə də, bu model dünyaya bir nümunə kimi təqdim edilir, öyrənilir və təbliğ olunur.

Məlumdur ki, Azərbaycanda dövlət siyasətinə çevrilən multikulturalizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır, bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm

Mərkəzinin gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr, multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti də, dövlət-din münasibətlərinin, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Onu da xüsusi qeyd etmək lazımdır ki,  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizminin, tolerantlığının və bəşəri birgəyaşayışın Azərbaycan modelinin təkcə regionda deyil, beynəlxalq arenada təşviqi istiqamətində çox böyük işlər həyata keçirir. Məlumdur ki, müasir dünyamızın multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu, artıq ənənə halını alaraq, sistemli şəkildə davam etdirilir ki, bu tədbir də onlardan biridir .

Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirilən layihələr də, mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Çünki bu layihələr bu gün dünyada baş verən qarşıdurmaların, gərginliklərin, eləcə də multikulturalizmə zidd olan ksenofobiya, diskriminasiya və islamofobiya kimi acınacaqlı təzahürlərin qarşısını almağa imkan verir.

Forumun "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası" adlı plenar sessiyanın moderatoru Sara Rahim Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) təşkilatının fəaliyyəti, gənclərlə bağlı reallaşdırdığı layihələr barədə tədbir iştrakçılarına məlumat verib.

Tədbirdə çıxış edən Qriffit Universitetinin Dinlərarası və Mədəni Dialoq Mərkəzinin direktoru Brayan Adams dini və milli tolerantlıq mühitinin millətlərarası münasibətlərin sağlam inkişafına töhfələri barədə danışaraq bildirib ki, müxtəlif millətlərdən olan gənclərin bir araya gələrək mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı müzakirələr aparmaları çox maraqlı və təqdir olunmalı haldır. O, eyni zamanda, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoq kimi təşəbbüslərə daha fəal şəkildə cəlb edilməsinin, onların liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Brayan Adams həm də bu kimi tədbirlərin keçirilməsinə imkan yaratdığına görə Azərbaycan hökumətinə öz minnətdarlığını bildirib.

Azərbaycan hökumətinin yaratdığı imkan və Prezident İlham Əliyevin bilavasitə dəstəyi ilə Azərbaycanda keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri də, mədəniyyətlərarası və dinlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüslərdən biridir.

Beynəlxalq Multikulturalizm Yay Məktəbinin açılış mərasimində iştirak edən amerikalı jurnalist, politoloq Piter Teys bildirib ki, müxtəlif qitələrdə yaşayan, fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar arasında fikir mübadiləsi aparmaq üçün müsbət platforma yaradan Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri multikulturalizmin dünyada təbliği baxımından böyük önəm daşıyır. Jurnalist- politoloq həmçinin Bakı şəhərinin belə tədbirlərin yüksək səviyyədə təşkil edilməsi baxımından ideal məkan olduğunu qeyd edərək bidirib ki, Yay və Qış məktəbləri dünyanın bir çox ölkələrindən gənclərin bir araya gələrək mədəniyyətlərarası və dinlərarası dialoq naminə fikir mübadiləsi aparmaları baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, həm də dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə məlumatlandırılması üçün gözəl imkanlar yaradır.

Amerikalı jurnalist Azərbaycanın sülhün, dinlərarası harmoniyanın və mədəniyyətlərarası dialoqun sədaqətli tərəfdaşı olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan son illərdə bu sahədə böyük nailiyyətlər əldə edib. O həmçinin, bu nailiyyətlərin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində mümkün olduğunu bildirib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirib.

Tədbirdə Azərbaycandakı tolerant və multikultural mühit barədə ətraflı məlumat verən şöbə müdiri bildirib ki, Azərbaycanda dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri ta qədim zamanlardan mövcud olub. Ölkəmizdə ayrı-ayrı dinlərə və mədəniyyətlərə mənsub insanların əsrlərdir qarşılıqlı anlaşma, sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirən E.Nəcəfov qeyd edib ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, insanların dini etiqadlarını sərbəst şəkildə icra etmələri üçün hərtərəfli şərait yaradılıb və insanlar yaradılan şəratdən məmnundur.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov daha sonra qeyd edib ki, Azərbaycanda tarixən mövcud olan bu ənənələrin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti və xalqın həyat tərzinə çevrilib. Ölkəmizdəki multikulturalizm mühiti isə bütün dünyaya nümunədir.

Bu isə heç də asan başa gəlməyib. Bu gün bir çox Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması iddiaları qarşılığında Azərbaycanın özünün multikulturalizm modelini dünyaya uğurla təqdim etməsi, heç şübhəsiz ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır. Bu nüfuzun müəllifləri isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. 

Prezident İlham Əliyevin dünya miqyasında mutikultural və tolerantlıq dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, eləcə də irəli sürdüyü təşəbbüslər, istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə çox yuksək qiymətləndirilir.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident, eyni zamanda Heydər Əliyev Fondunun rəhbəri kimi dünya miqyasında dini və mədəni irsin qorunması, eləcə də dünya mədəni irsinə aid tarixi abidələrin bərpası istiqamətindəki fəaliyyəti dünya ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir ki, bu da Mehriban xanımın Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində gördüyü işlərin və gərgin əməyin nəticəsidir. 

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.12627291679382