Jurnalistlərin yolu niyə tez-tez kəsilir?

Təhlükəsizlik baxımından yolun kəsilməsi, artıq köhnəlmiş təcrübədir

Artıq altı ildir ki, Bayıl qəsəbəsində yaşayan jurnalistlərin sayı artıb. Belə ki, dövlət proqramı çərçivəsində Yeni Salyan Yolu 22 ünvanda jurnalistlər üçün iki hündürmərtəbəli bina tikilib istifadəyə verilib. Üçüncü binanın isə gələn il - Milli Mətbuatın 145 illiyində jurnalistlərin ixtiyarına verilməsi nəzərdə tutulub. Bu iki binada 410 mənzil var ki, onların da əksəriyyəti məskunlaşıb. Gələn il istifadəyə veriləcək binada da 255 mənzil olacaq. Bütün bu statistikanı xatırlatmaqda məqsədim onu nəzərə çatdırmaqdır ki, Bakının ikinci elə bir qəsəbəsi yoxdur ki, orada 200-dən çox jurnalist kontingenti kompakt və ya pərakəndə yaşasın. Lakin yuxarıda göstərdiyim ünvandan jurnalistlərin əksəriyyətinin iş yeri olan "Azərbaycan" nəşriyyatına adi vaxtlarda azı iki marşurtdan istifadə etməklə 40-45 dəqiqəyə gəlmək mümkündür. Dövlət tədbirləri, beynəlxalq yarışlar zamanı isə işə gəlmək üçün jurnalist saatlarla vaxt və xeyli də maddi vəsait itirməli olur. Məsələn, Formula- 1 yarışları zamanı şəhərin mərkəzindən 5-10 km uzaqlıqda yerləşən Bayıl qəsəbəsindən şəhərə gəlmək xüsusi fədakarlıq tələb edir. Çünki hər taksi sürücüsü belə, şəhərə müştəri aparmağa razı olmurdu, çünki şəhərə girmək üçün ya bir sıra qadağaları pozmalıdır, hansı ki bu da izafi xərcdir, ya da məhəllə yolları ilə ünvana çatmaqdan ötrü ərazini yaxşı tanımalıdır. Belə taksilərin sayı isə tələbat qarşılığında çox məhduddur.

Peşə fəaliyyəti operativlik tələb edən jurnalistləri bu cür qolay bir məkana yerləşdirib, sonra da ilin bir neçə ayı ərzində yollarını bağlamaq heç bir kriteriya ilə uzlaşmır. İkincisi isə qəsəbədə jurnalistlər qədər, bəlkə də onlardan da daha çox məsuliyyətə malik olan müəllimlər, həkimlər, dövlət qulluqçuları yaşayır. Bu insanların işə gecikməsi onların işlərini itirməsi bahasına başa gələ bilər. Digər tərəfdən, hər bir vətəndaşın ölkə ərazisində sərbəst hərəkət etmək hüququ var, biz yolu kəsmək, hərəkəti məhdudlaşdırarkən bu hüququ nəzərə almalıyıq - kəsilən və ya məhdudlaşdırılan yola alternativ yol nəzərdə tutmalıyıq.

İyulun 21-27 tarixlərində Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir. Avropa Olimpiya Komitələrinin (EOC) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirdiyi festival iyulun 27-dək davam edəcək. EYOF-da Azərbaycan da daxil olmaqla EOC üzv olan 50 ölkədən 48-nin idmançıları mübarizə aparacaqlar. Ermənistan festivalda iştirak etməkdən ötrü müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.

Festifalın ilk günlərində «Billur Saray»da (Crystal Hall) keçirilən tədbir səbəbi ilə axşam saatlarından gecəyarısına qədər yolları Bayraq Meydanının yanında bağladılar. Yolu bağlayan polisdən səbəb soruşursan, sadəcə deyir ki, dövlət tədbiridi, vəssalam.

Gəlin belə yanaşaq, Avropadan olimpiya festifalına gələn gənclərin ölkəsində bu cür yarışlar səbəbi ilə yolları kəsmək, gediş-gəlişi məhdudlaşdırmaq olarmı? Suala cavab birmənalıdır, xeyir! Son zamanlar mühcirlərin yaydığı video-çarxlardan da bəlli olur ki, Avropa ölkələrində hətta prezidentlərin iştirak etdiyi tədbirlərin keçrildiyi sarayın kandarından keçən yollarda belə, hərəkət məhdudlaşdırılmır, hərə öz yoluna davam edir. Bizdə isə «Billur Saraya» (Crystal Hall) beş-on avropalı idmançı toplaşdığına görə, şəhərin ən elitar girişi olan Yeni Salyan Yolu bağlanır. Bizimkilər bunu təhlükəsizlik baxımından izah edirlər, başqa ağılabatan izah da yoxdur. Amma sivil dünyada təhlukəsizlik məqsədi ilə hərəkətin məhdudlaşdırılması təcrübəsi aradan qaldırılıb. Yalnız terror hücumları, bədbəxt hadisələr nəticəsində dəymiş zərərlərin aradan qaldırılması məqsədilə zərər çəkən obyektilərə giriş dayandırılır. Bu təcrübə isə bizə sovetlər dönəmindən qalan miraslardan biridir ki, biz bundan nə qədər tez xilas olsaq bir o qədər yaxşıdır.

Bir məsələni də qeyd edim ki, Bayıl qəsəbəsinə Badamdardan gələn alternativ yol artıq bir ildən çoxdur ki, bağlanıb. Sözügedən yolda vizual olaraq heç bir təhlükə hiss edilmir, bağlandığı dövrdən indiyə qədər yolda heç bir uçqun hadisəsi qeydə alınmayıb. Müvafiq dövlət qurumları (ETST, FHN və BŞİH) bu barədə danışmaqda həvəsli deyillər, ən yaxşı halda məsuliyyəti bir-birinin üstünə atırlar. Əlamətlərdən hiss edilir ki, yolun bağlanması hansısa fərdi maraqlar naminə görüntü yaratmaq üçün lazıfmdır. Çünki sürüşmə zonasında yerləşən evlərdə yenidən məskunlaşma müşahidə edilir. Sürüşmə zonasındakı ev sahibləri qayıdıb evində yaşayırsa, o zonadan xeyli aralıda yerləşən yolun bağlanmasına nə ehtiyac var? Hərçənd ki, sözügedən yol sürüşmə zonasına getmir, sadəcə ondan bir qədər aralı keçir.

Akif Nəsirli

0.068335056304932