Zərdabiyə layiqikmi?

Milli Mətbuat Günü ətrafında düşünərkən

Hər il Milli Mətbuat Günü ölkəmizdə bu və ya digər formada  geyd olunur. Bugün belə illərin 144-cüsünü qeyd etdik. Ümummilli liderin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət etdik, ruhlarına dualar oxuduq.

Həmişəki kimi, Fəxri Xiyabana gələn jurnalistlərin sırası xeyli sıx idi. Ölkə telekanallarının operatorları tədbiri lentə alırdılar. Amma iş yerində telekanallarda hələ də köhnə lentləri fırlatdıqlarının şahidi olduq. Beləcə, ölkəmizdə təxmini hesablamalara görə, 10 mindən çox jurnalistin Milli Bayramı bax, bu cür böyük "təntənə" ilə keçdi. Təntənə ifadəsini ona görə dırnaq içində qeyd etdim ki, bu ifadə çox işlənsə də, əslində, Milli Mətbuat Günü həmişə olduğu kimi, bu dəfə də çox quru, sönük halda, çoxsaylı jurnalistlərin yalnız az qisminin iştirakı ilə keçdi.

Azərbaycan hazırda dünyanın inkişaf etməkdə olan dövlətləri sırasında yer alsa da, ölkə mətbuatının inkişaf səviyyəsi ilə dövlətin inkişafı arasında böyük uyğunsuzluq var. Qəzetlərin maddi bazası hədsiz dərəcədə zəif, redaksiyalar kasıb və pis şəraitdədir, "Azərbaycan" nəşriyyatının dəhlizlərindəki ayaqyolundan yayılan üfunətdən nəfəs almaq mümkün deyil, jurnalistlərin fəaliyyət göstərdiyi otaqlar müasir tələblərə cavab vermir. Yəni Azərbaycan mətbuatının vəziyyəti barədə danışarkən, ilk növbədə jurnalistlərin əksəriyyətinin gündəlik iş yeri hesab olunan "Azərbaycan" nəşriyyatının içərisinə daxil olub, oradakı köhnə liftlərin, mərtəbələrdəki alabəzək, sınıq-sökük döşəmənin yaratdığı «ecazkar» mühiti seyr etmək kifayət edir. Bu eybəcər şəraitin günahını nəşriyyat rəhbərliyinin ünvanına yazmaq, əlbəttə, insafsızlıq olar.

Çünkü əminliklə deyə bilərəm ki, nəşriyyatın binanın daxilində əsaslı təmir işləri aparmağa maddi imkanı olsa rəhbərlik bunu təxirəsalmadan reallaşdırar.

Hər dəfə işə gedəndə, nəşriyyat binasının qarşısına yazılan "Prezident Administrasiyası" adını oxuyub, təəssüflə köks ötürüb keçirəm. Daim «çölü bəzək, içi təzək» olan binanın içərisinin təmir edilməməsinin günahkarı kimdir, sualı barədə düşünürəm və hər dəfə görəsən, ölkə Prezidenti bu barədə məlumat alsa, buna necə reaksiya verər, sualı beynimdən keçir!..

Hərdən, qəzetləri vərəqləyib, həmkarlarımın yazılarını gözdən keçirib, yazılardan narazı qalıram. Çünki yazıların əksəriyyəti reallığı əks etdirmir, "bəy tərifini" xatırladır. Balans prinsipi, oxucu marağı nəzərə alınmır, nöqsanlardan bir kəlmə belə, yazılmır. Bir sözlə, Azərbaycan telekanallarında mövcud olan bayağılıq, maraqsız, gözdən pərdə asmaq xatirinə hazırlanmış, ölkə problemlərindən bəhs etməyən verilişlərdə olan «xəstəlik» yazılı mətbuatımız da keçib. Dövlət və hökumətə yaxın olan qəzetləri vərəqləyərkən, ölkənin, vətəndaşın problemlərinin səbəbləri barədə, ümumiyyətlə, normal yazı oxuya bilmirik. Bu qəzetlər bir qayda olaraq, yalnız AzərTac-ın xəbərlərini dərc edirlər. Ölkədə qəzetlərin adları fərqlidir, materiallar isə, demək olar ki, eynidir və ölkə həyatının problemləri, həmin problemləri doğuran səbəbləri barədə və digər ciddi məsələlər haqqında yazıya rast gəlinmir.

Açığı, Azərbaycan mətbuatının hazırkı ağır iqtisadi durumu ilə jurnalistlərin anormal, çətin sosial-iqtisadi vəziyyəti tam səsləşir desək, qətiyyən yanılmarıq. Çünki klaviaturanın arxasında yarıac vəziyyətdə oturan, ehtiyac içində çırpınan jurnalistin beyni və əli heç zaman normal yaradıcılq məhsulu istehsal edə bilməz. "Ac qılınca çapar," deyib atalar!  Hətta mətbuatımızın vəziyyəti o qədər ağırdır ki, iqtisadi cəhətdən dünyaya səs salan Azərbaycan mətbuatının və jurnalistlərinin hazırkı ağır vəziyyətini H.B.Zərdabi rəhmətlik sağlığında görsəydi, əminəm ki, dərhal «ürəyi partlayardı»!...

Azərbaycanda mətbuatın və jurnalistlərin vəziyyətinin yaxşı olması barədə telekanallarda hər gün danışanlar, əslində, özlərinin vəziyyəti barədə danışırlar. Reallığı gizlədib bu cür pafosla danışanlara təbii ki, cəmiyyət inanmır!

H. B. Zərdabi xalqımızın ilk ali təhsil diplomu alan ziyalısıdır. Onun mətbuat sahəsində atdığı ilk addım mətbuat tariximizin başlanğıcıdır.

H. B. Zərdabi böyük çətinliklərlə üzləşsə də, "Əkinçi"ni dünyanın "kar", "kor" və "vəhşi" dövründə xalqımızı maarifləndirmək, milləti zülm və istibdaddan xilas etmək üçün nəşr etmişdi.  Çox təəssüf ki, bu günkü mətbuatımız, jurnalistikamız Zərdabinin istək və arzularından çox uzaq düşüb!

Biz hələ də mövcud çətin vəziyyətlə razılaşıb, H. B. Zərdabinin adına layiq mətbuatdan danışa bilmirik!

Şahnaz Salehqızı

0.13261699676514