“Apollo 11”: NASA 50 il əvvəl Ayda nə axtarırdı? - FOTO

 

 

ABŞ ilk dəfə 50 il əvvəl Aya kosmonavt göndərib. Bu missiya həm ABŞ, həm də dünya tarixi üçün bir dönüş nöqtəsi idi. Əslində, nələr olmuşdu?

paralel.az insanın Aya qədəm basmasının 50-ci ilində bununla bağlı maraqlı faktları təqdim edir:

Soyuq Müharibə dövründə ABŞ-la SSRİ arasında başlayan mübarizə 1957-ci ildə Sovet İttifaqının “Sputnik” peykini kosmosa göndərməsi ilə başqa mərhələyə qədəm qoydu. 1961-ci ildə Con Kennedi ABŞ prezidenti seçildi və bir çox amerikalı “kosmik yarış”da SSRİ-yə məğlub olduqlarını, rus texnologiyasının daha üstün olduğunu düşünürdü. 1961-ci ildə SSRİ kosmosa insan da göndərdi. Yuri Qaqarin kosmik aparatla Dünya ətrafında dövrə vurdu.

ABŞ bu rəqabətdə Aya ilk insan göndərən dövlət olmaq üçün hərəkətə keçdi. 1962-ci ildə Kennedi “Biz Aya getməyi üstün tuturuq” dedi. Kosmik yarış davam edirdi və 1965-ci ildə SSRİ Aya ilk kosmik aparatını göndərdi.

ABŞ milyardlarla dolları “Apollo” proqramına xərcləyirdi. NASA 25 milyard dollar xərcələyərək, 400 min işçi ilə 17 “Apollo” üzərində işləyirdi. “Apollo 11” üçün üç nəfər: Bazz Aldrin, Nil Armstronq və Maykl Kollins seçildi.

“Saturn 5” raketi “Apollo”nu və Ay kapsulunu kosmosa apardı. Plana əsasən, dünyanın orbitindən istifadə edərək Ayın orbitinə çatmalı və Armstronqla Aldrin ay kapsuluna keçməli idilər. Kollins isə “Apollo”da qalmalı, digər iki kosmonavt Aya enməli idi.

1967-ci ildə “Apollo 1” artıq hazır idi. Amma uçuşdan əvvəl yoxlamalar zamanı yanğın baş verdi və üç kosmonavt öldü. Plan bir neçə ay təxirə salındı.

“Apollo 11”də Yerdəki mərkəzlə aparat arasında əlaqə proqramında problem yarandı. Hətta kompüterlərdən kosmonavtların əvvəlcə eşitmədikləri bir siqnal səsi gəldi. Ay kapsulu isə əvvəlcədən təyin edilən hədəfdən çox uzaq bir nöqtəyə endi. Bunlara rəğmən, 20 iyul günü Dünyadan ayrıldıqdan 110 saat sonra Nil Armstronq Aya ayaq basan ilk insan oldu. 20 dəqiqə sonra Bazz Aldrin də  Aya ayaq basdı.

Armstronq televiziyada “Bu bir adam üçün kiçik, bəşəriyyət üçün isə çox böyük addımdır” dedi.

İki kosmonavt Ayda iki saat vaxt keçiriblər. Onlar müxtəlif nümunələr toplayıblar, foto çəkiblər və müəyyən sınaqlar həyata keçiriblər. Kəşf başa çatdıqdan sonra hər iki kosmonavt “Apollo 11”ə qayıdaraq dünyaya geri dönüblər. 24 iyulda komanda Sakit Okeana enib.

Aya ilk ayaq basan insanları ümumi olaraq dünya üzrə 650 milyon izləyib. Beləcə, ABŞ SSRİ-yə qarşı yarışda yenidən lider mövqeyinə keçir.

Əslində, nə olmuşdu?

1972-ci illərin sonunda ABŞ Aya altı dəfə insan göndərmişdi. Bunların saxta olduğu ilə bağlı hələ də iddialar səsləndirilir. NASA 2009-cu ildən indiyədək Ayın orbitində kəşfiyyat təyyarəsi uçurur. Bu təyyarədən göndərilən fotolarda Aydakı ayaq izləri, təkər izləri də görünür. Aydan gətirilən daşlar da bunu sübut edir.

 

0.10635995864868