İslam dini-mənəvi dəyərləri Qafqaz xalqlarının həyatında mühüm rol oynayır

Simpoziumda multikulturalizmin və tolerantlığın qorunaraq inkişaf etdirilməsi ilə bağlı çoxsaylı məruzələr dinlənilib və müzakirə olunub

Bu gün bütün dünyada sivilizasiyalararası münasibətlərin tənzimlənməsi, qarşılıqlı əməkdlaşlıq və dialoq məsələləri daha çox müzakirə mövzusuna çevrilib ki, bu da səbəbsiz deyil. Qloballaşan müasir dünyamızda baş verənlər çoxlarını narahat edir və vəziyyətdən çıxış yolunun da, məhz əməkdaşlıqdan və dialoqdan keçdiyini anlasalar belə, bəzi özlərini supergüc sayanların ambisiyaları üzündən bu birliyə və dialoqa nail olmaq çətinləşir.

Azərbaycan da müasir dünyamızın bir parçası olaraq, bu proseslərə öz töhfəsini verməyə çalışır. Bu baxımdan Bakının bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi də, dünyada sabitliyin, anlaşmanın və harmoniyanın qorunması istiqamətində atılan mühüm addımlardan biridir.   

Bu yaxınlarda Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun öz işinə başlaması da, bu istiqamətdə atılan növbəti addımlardan biri -dir. Qeyd etmək lazımdır ki, Simpozium iştirakçıları tədbirin açılışından əvvəl Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar və bu onlarda xoş təəssürat yaradıb.

Simpoziumun açılış mərasiminə qatılan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər

şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqe, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrdən danışıb.  C. Məmmədov qeyd edib ki, "İslam Sivilizasiyası Qafqazda"  ilk Beynəlxalq Simpozium məhz, islami dəyərlərə dərindən bələd olan Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci ilin dekabrında Bakıda keçirilib.

Rektor daha sonra bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Məlumdur ki, Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarının təbliği və tətbiqi istiqamətində gördüyü işlər, ölkəmizin dünyaya nümunəvi bir dövlət kimi tanınması ilə nəticələnib və bu ideyaların təbliğində dövlət başçımızla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri var.

Bu xidmətlərin nəticəsidir ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri

formalaşıb, ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqlar dövlət vəsaiti hesabına tikilib, təmir edilərək inanclı insanların istifadəsinə verilib. Bütünlüklə Qafqazın ən böyük məscidi hesab edilən "Heydər Məscidi"nin inşa edilib dindarların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da, dövlət başçımızın bu sahəyə diqqət və qayğısından qaynaqlanır.

Məlumdur ki, İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin də özünəməxsus yeri  var. Həmin alimlər Qafqaz regionunda İslamın yayılması və inkişafı, eləcə də burada mövcud olan dinlər və millətlər arasında dini dözümlülüyün təbliği istiqamətində mühüm işlər görüblər.

Qeyd etmək lazımdır ki, on iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının tədqiqinə töhfə vermək olub.

Tədbirdə çıxış edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq qeyd edib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir və yönləndirilir. Bu kimi halların qarşısının alınmasında tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Çünki Azərbaycan İslam dünyasının bir parçası olaraq, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha qabarıq şəkildə özünü göstərir. Eyni zamanda, İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandıraraq qeyd edib ki, İslam dini Azərbaycanda yayıldığı gündən insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə ciddi təsir göstərib.

Bu da danılmaz faktdır ki, Qafqaz bir çox dinlərin və millətlərin konpakt şəkildə mövcud olduqları nadir bölgələrdən biridir. Bu region ancaq öz təbiətinə, coğrafi mövqeyinə və qədim zamanlardan məskunlaşan, minillər boyu burada yaşayan insanlarının milli və dini xüsusiyyətinə görə xarakterizə oluna bilər. 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edildiyini xatırladan akademik Gövhər Baxşəliyeva dahi şairin irsinin öyrənilməsində İslam dinini bilməyin vacibliyini diqqətə çatdırıb və Simpoziumun mövzusunun aktual olduğunu qeyd edərək burada dinlənilən məruzələrin və aparılan müzakirələrin İslam sivilizasiyasının tədqiqinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrdən söz açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərləri Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.

O həmçinin, ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtda respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, dinlərarası dialoqun və dini tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsində mühüm addımların atıldığını və dini etiqad azadlığının tam təmin edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Onu da qeyd etmək vacibdir ki, Ulu Öndərin dövlətçilik prinsiplərini uğurla davam etdirən Prezident İlham Əliyevin sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi istiqamətində bütün lazım olan işləri yüksək səviyyədə həyata keçirməsinin nəticəsidir ki, bu gün Azərbaycan İslam mədəni irsinin qorunub saxlanmasında və dünyaya olduğu kimi çatdırılmasında önəmli məkanlardan biri kimi tanınır və qiymətləndirilir. Prezident İlham Əliyev Azərbaycan nümunəsində dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə dinc və  əmin-amanlıq şəraitində yaşaya bilərlər.

Bu gün biz dünyada irqçilik, ksenofobiya, islamofobiya kimi təzahürlərinin getdikcə gücləndiyini müşahidə edirik. Belə bir zamanda  Azərbaycan dövləti çox məsuliyyətli missiyanı öz üzərinə götürərək, müsəlman ölkələri arasında həmrəyliyin bərqərar olması və dünyada İslam dəyərlərinin təbliği istiqamətində mühüm işlər aparır. İslam dini təkcə Azərbaycanda və Qafqazda deyil, bütün dünyada sülhün və əmin-amanlığın təmin olunmasında, qardaşlıq, dostluq münasibətlərinin qurulmasında əvəzsiz rol oynayır. Bu dinin doğru mənbələrdən araşdırılması, öyrənilməsi və olduğu kimi təbliğ olunması qarşıda duran əsas vəzifələrdən biridir və bu Simpozium da, məhz bu ideyalara xidmət edir.

Onu da qeyd edək ki, Simpoziumu ölkəmizin İslam tarixində və coğrafiyasında tutduğu önəmli məqama, İslamın Qafqaza, ətraf ərazilərə yayılmasında Azərbaycanın tarixi roluna verilən böyük qiymət kimi dəyərləndirmək lazımdır. Bu, həm də dövlətimizin İslami dəyərlərə diqqət və qayğısının təzahürüdür.

Tədbirdə çıxış edən digər iştirakçılar da Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından məmnunluğunu ifadə edərək bildiriblər ki, Azərbaycan tolerantlıq mühiti ilə nəinki Qafqaz regionunda, həm də dünyada seçilir. Onlar həmçinin qeyd edibər ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması təqdirəlayiq haldır və bir çoxlarına nümunə ola bilər.

 Azərbaycan tolerant ölkədir və bu da onu Qafqazda multikultural dəyərlərin qorunduğu mərkəzə çevirib.

Sonda onu da qeyd edək ki, iki gün davam edən Simpoziumda dünyada sülhün və təhlükəsizliyin təmin olunması, multikulturalizmin və tolerantlığın qorunaraq inkişaf etdirilməsi ilə bağlı çoxsaylı məruzələr dinlənilib və müzakirə olunub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.16195511817932