Oqtay Şirəliyev istefa verməyəcək

“Bazarkom” dəyişməklə, bazar dəyişmir

 

"Ədalət" qəzetinin 18-iyul tarixli sayında hörmətli millət vəkili Aqil Abbasın "Səhiyyə naziri Oqtay Şirəliyev istefa verəcəkmi?" başlıqlı mükəmməl formada, təhqirsiz, böhtansız, bütün cəmiyyətimizin gözü qarşısında olan bəlli faktlarla əsaslandırılmış çox səmimi bir yazısını oxudum.

Aqil bəy, Oqtay Şirəliyev istefa verməyəcək! Çünki istefanın özü də mədəniyyətin və əxlaqın bir formasıdır. Dünyanın inkişaf etmiş dövlətlərində (deyirlər, biz də analoqu olmayan inkişafa nail olmuşuq, amma o inkişafı məmurlardan və deputatlardan başqa heç kim görməyib hələ) əxlaqı, mədəniyyəti olan hər hansı bir məmur tutduğu vəzifənin öhdəsindən gələ bilmədiyi təqdirdə, bunu açıq etiraf edir və vəzifəsindən istefa verir. Dəqiq yadımda deyil, hansısa Avropa ölkəsində turisti təhqir edən polis əməkdaşına görə, həmin ölkənin daxili işlər naziri istefa vermişdi və bu onlar üçün normal haldır. Burası isə canımız Azərbaycandı!

Bu gün məmləkətimizdə bu tendensiyanın bəzi işartıları görünsə belə, hələ tam formalaşmayıb və yaxın zamanlarda formalaşacağı da müşahidə olunmur.  

O ki qaldı, ölkəmizin səhiyyə sektorunda baş verənlər barədə Aqil bəyin yazdıqlarına, adam dəhşətə gəlir. Azərbaycanın belə sürətlə inkişaf etdiyi bir dövrdə  bəzi digər sahələr kimi, səhiyyə sistemində baş verən bu naqisliyi, bu məsuliyyətsizliyi, ancaq mənəviyyatsızlıq adlandırmaq olar. Çünki dünyanın ən humanist peşə sahibləri hesab olunan həkimlərin hansısa maraqları naminə gözgörəsi insanı ölümə tərk etmələrinə, məncə mənəviyyatsızlıqdan başqa ad vermək mümkün deyil.

Oqtay Şirəliyev mənə də tanış personadır. Bu həmin Oqtay Şirəliyevdir ki, Respublika Diaqnostika Mərkəzinin rəhbəri işlədiyi zaman oranı səhiyyə ocağından daha çox "Kolxoz bazarı"na çevirmişdi. Bu gün də görünəni odur ki, həmin şakərindən əl çəkə bilməyib, əksinə, "bazarın" ərazisini xeyli genişləndirərək respublika boyu yaya bilib.  Məşədi İbad demişkən:"Adətkarlıq yaman pis şeydir". Görünür, səhiyyə ocaqlarını "bazar"a çevirmək də, Oqtay həkim üçün bir növ adətkarlığa çevrilib. Onun tabeliyində olan bazarkom-həkimlər də, heç şübhəsiz ki, baş bazarkomdan nümunə götürürlər. Bazarda da bilirsinz də, hər şey alınır-satılır, hər şeyin öz qiyməti var, bir insandan başqa.

Bu, həm də o Oqtay Şirəliyevdir ki, nazir vəzifəsinə təyinatından bir müddət sonra bəyan etmişdi ki, Azərbaycanda fəaliyyət göstərən apteklərdə satılan dərmanların 80 faizi saxtadır. Bununla da, təkcə əczaçılıq sektorunu yox, həm də sərhəd-gömrük xidmətini saxta dərmanları ölkəmizə buraxmaqda ittiham etmişdi. Bu gün soruşmaq istəyirəm, artıq 14 ildir ki, hörmətli doktor Şirəliyev nazir kreslosunda oturub, məmləkətin səhiyyə sistemini idarə edir. Bu müddət ərzində ölkə səhiyyəsində hər hansı bir müsbət dəyişiklik baş veribmi? Yeni tikilən, təmir olunan, ən müasir avadanlıqlarla təhciz edilən xəstəxanalar, müasir klinikalar, diaqnostika mərkəzləri və s. Oqtay Şirəliyevin xidmətləri deyil, onları dövlət tikir, təmir və təchiz edir. Dərman saxtakarlığından danışan nazirə sual edirəm, bu sahəyə kim nəzarət edir, bəlkə bunun sizə heç bir aidiyyəti yoxdur? Varsa, bu 14 ildə nə üçün heç nə dəyişməyib? Azərbaycanda satılan dərmanlara heç həkimlərin özləri də etibar etmir. Müalicə üçün onlara müraciət edən yaxınlarına tövsiyə edirlər ki, təyin etdiyimiz dərmanları Rusiyadan, Gürcüstandan, İrandan, Türkiyədən, yaxud da imkanları varsa, Avropadan alın, yaxud gətizdirin. Bunu da, yalnız yaxınlarına deyirlər, qalanların canı cəhənnəmə...

Bir neçə kəlmə də Təcili -Tibbi Yardım- Aqil bəy demişkən, "Ambulans"ların çatışmamazlığı barədə. Çox maraqlıdır ki, özünün iqtisadi inkişafına görə regionda lider dövlət olan ölkəmizdə ambulanslar çatışmır. Digər maraqlı məsələ budur ki, özəl klinikalarda belə bir problem yaşanmır. Bir faktı deyim, Bakı Tibb Mərkəzinin qarşısında daim 5-10 ədəd müasir ambulans növbə çəkir. 200 min nəfərə yaxın əhalisi olan Abşeron rayonunda isə cəmi 3 ambulans var və hər çağırışdan sonra saatlarla onu gözləməli olursan.

Bəlkə də heç bir tibbi ixtisası olmayan sahibkar, məmur tərəfindən yaradılan klinikalarda (İnsan bazarı desək daha doğru olar) ambulanslar, ən müasir avadanlıqlar, həkimlər aşırı dərəcədə çox olduqları halda, dövlət tibb müəssisələrində nə amdulans, nə normal müayinə üçün lazım olan avadanlıq və preparatlar, nə də həkim tapılır. Qəribədir, elə deyilmi? Hansısa iş adamı, məmur, sahibkar klinika açır, onu ən müasir texniki avadanlıqlarla, lazım olan bütün perparatlarla, yüksək ixtisaslı həkimlərlə təmin edə bilir, regionda iqtisadi inkişafına görə lider olan Azərbaycan dövlətinin buna gücü çatmır. Buna inanmağın özü belə, absurddur. Belə ola bilməz, belə olmamalıdır. Oqtay Şirəliyevi də bu vəzifəyə ona görə təyin ediblər ki, belə olmasın.

Bir məsələni də diqqətinizə çatdırım ki, adına Azərbaycan dediyimiz bu canım məmləkətdə, bütün pisliklər ondan yaranır ki, burada cinayət törədən məmuru olay yerində tutsan belə, onu sübut edə bilməzsən, əksinə, sənin özünü şərəf və ləyaqəti alçaltmaq ittihamı ilə atarlar qazamatın küncünə, ondan sonra ha qışqır ki, mən düz deyirəm...

Gərək oturub gözləyəsən ki, onu vəzifəsindən kənara atsınlar, sonra nə istəyirsən de, danış...

 Aqil bəy, Oqtay Şirəliyev istefa verməyəcək, buna tam əmin olun, bəlkə də bütün bunları yazdığım üçün məni məhkəməyə verər, o da qalır onun vicdanına. Ancaq deməsəm də olmur. Necə deyərlər, "desəm öldürürlər, deməsəm ölləm". Təxminən 3-4 ilə əvvəl bir həkimlə söhbətim zamanı o, bir fakt açıqladı, jurnalist oduğumu bildiyindən mətbuat üçün olmadığını xüsusi qeyd etdi. Mən də açıqlamayacağıma söz verdim. Həmin şəxs bu gün haqq dünyasındadır və bizim məmurların, məhkəmələrin artıq ona gücləri çatmaz, bununla belə adını açıqlamayacağam.

Mübahisəmiz xəstəxanalara verilən dərmanların hara yox olmaları üstündə baş vermişdi. Həkim etiraf etdi ki, bəli, bizə lazım olan dərman və preparatların siyahısı verilir ki, imzalayın, biz də işimiz, vəzifəmiz xatirinə imzalayırıq. Amma nə dərman, nə də müxtəlif analizlər üçün lazım olan preparatların heç üzünü də görmürük. Yuxarıdan göstəriş gəlir ki, hansı analiz üçün xəstəni hansı klinikaya göndərək. Bu da belə.

İndi sualım Aqil bəyədir, belə bir situasiyada Oqtay Şirəliyev istefa verərmi? Versə belə, bunun nə əhəmiyyəti! Yerinə başqa bir "bazarkom" gələcək, vəssalam!

 

Yusif Seyid

0.058407068252563