Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə birləşdirir

Azərbaycanın tolerantlıq modeli müsəlman və qeyri-müsəlman dünyası üçün bir nümunədir

Azərbaycanda mövcud olan multikultural və tolerant mühit bu gun bütün mütərəqqi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu baxımdan dünyanın tanınmış media resurslarının da Azərbaycana marağı başadüşüləndir. Belə ki, «Venividi» saytı tərəfindən beynəlxalq tolerantlıq günü ilə bağlı hazırlanan reytinqdə Azərbaycanın dünyanın tolerant ölkələri beşliyinə daxil olması da, diqqətçəkən məsələdir.  Qeyd etmək lazımdır ki, Beynəlxalq Tolerantlıq günü hər il 16 noyabır tarixində qeyd olunur və 1995- ci ildə YUNESKO-nun 50 illiyi münasibətiylə təsis edilib..

Saytın reytinqində qeyd olunub ki, dözümlülük səviyyəsinə görə, Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan Azərbaycan dini tolerantlıq nümunəsi sayıla bilər. Əhalisinin 95 faizini müsəlmanlar təşkil etdiyi ölkə digər din və millətlərin sülh və rahat yaşamasını təmin edərək, həm də Avropa Parlamentinin rəğbətini qazanıb.

Sorğuda həmçinin vurğulanıb ki, Azərbaycanın tolerantlıq modeli bütün müsəlman və qeyri-müsəlman dünyası üçün bir nümunə ola bilər.  Azərbaycan bu gün həm də çoxsaylı beynəlxalq konfrans və forumlarda fəal iştirak etməklə yanaşı, eyni zamanda bu kimi beynəlxalq tədbirlərinə ev sahibliyi edir.

Sayt daha sonra yazır: "Ölkə rəhbərliyi belə hesab edir ki, insanlar hansı dinə mənsub olduğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət göstərməyə borcludurlar və hər cür ənənələrə dözümlü olmalıdırlar".

Onu da diqqətinizə çatdıraq ki, İsveç, Kanada, Argentina və Avstraliya da dünyanın tolerant ölkələri beşliyinə daxildir. Azərbaycanın belə bir reytinq cədvəlində ilk beşliyə daxil olması çox mühüm məsələdir və ölkəmizin imicinin yüksəlişinə xidmət edir. Bununla belə, qeyd etmək lazımdır ki, dövlətimizin dünyada tolerant və multikultural dövlət kimi tanınmasında dövlətimizin başçısı, Prezident İlham Əliyevin, və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox böyük xidmətləri var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə istər dini, istərsə də milli dözümlülüyün, həmrəyliyin və harmoniyanın yaranması istiqamətində görülən işlərə verdiyi böyük dəstəyin nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq reytinq cədvəllərində özünəlayiq yüksək zirvələri fəth edə bilir. Bütün bunlar heç şübhəsiz ki, ölkəmizin multikulturalizmi və tolerantlığı həm ölkəmizdə, həm də ölkəmizdən çox-çox uzaqlarda təbliğinə ayırdığı yüksək diqqətdən irəli gəlir.   

Məsələn, bu ilin apreli ayında Almaniya Xarici İşlər Nazirliyinin qonaq evində Azərbaycanın multikulturalizm və dini tolerantlıq modelinin müzakirə olunması, uğurlu tədbirlərdən biri sayılır. Belə ki, 29 aprel 2019-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin Villa Borsig adlı mötəbər qonaq evində "Çoxmədəniyyətli cəmiyyətlərdə tolerant İslam" adlı konfrans keçirilib. Konfrans Almaniya Xarici İşlər Nazirliyi, Azərbaycan və İndoneziyanın Almaniyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda  Almaniya və İndoneziyanın tanınmış ilahiyyatçı, tarixçi və mədəniyyətşünas alimləri, Almaniyanın müxtəlif universitet, KİV və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan və İndoneziyanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak edib.

Onu da qeyd edək ki, tədbirdə İslam dini və müsəlman ölkələri barədə yanlış təsəvvürlərin qarşısının alınması üçün müxtəlif dinlərə qarşı tolerant münasibət bəsləyən, yerləşdiyi regionda və beynəlxalq aləmdə sülh və təhlükəsizliyə töhfə verən ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycan və İndoneziya nümunələrində multikulturalizm və dini tolerantlıq modelləri barədə geniş müzakirələr aparılıb. Azərbaycanın Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov multikulturalizmin Azərbaycan modeli haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

R.Qurbanov qeyd edib ki, tarixən müxtəlif dinlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda tolerantlıq və multikultural dəyərlər həmişə mövcud olub və ölkəmizdə müxtəlif etnik və dini qruplar dinc yanaşı yaşayıblar. Dünyəvi və demokratik respublika olan Azərbaycanda din azadlığı tam olaraq təmin edilib. Müxtəlif dini icmalar dövlət tərəfindən mühafizə edilir, eləcə də multikulturalizm Azərbaycanda rəsmi dövlət siyasəti səviyyəsində qorunur və inkişaf etdirilir.

  1. R. Qurbanovun çıxışı tədbir iştirakçıları tərəfindən böyük məmnunluqla qarşılanıb.

Tədbirdə multikultural və tolerant dəyərlərin Azərbaycanda müsəlman Şərqinin ilk demokratik dövlətinin qurulmasında, mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, Azərbaycan cəmiyyətində sülh və harmoniyanın hökm sürməsində və ölkənin regionda sabitləşdirici faktor olmasında əhəmiyyətli rol oynadığı da qeyd olunub.  

Eyni zamanda, dünyada dini ekstremizm və dini-ideoloji münaqişələrlə mübarizənin aparılması üçün tolerantlıq və multikultural mühitin hökm sürdüyü ölkələrin təcrübəsindən yararlanmağın əhəmiyyətindən danışılıb. Bu zaman, həm də  Azərbaycanın dünya ölkələri üçün örnək olduğu vurğulanıb və ölkəmizin beynəlxalq aləmdə öz təcrübəsini bölüşmək, habelə, dinlər və mədəniyyətlərarası dialoqa töhfə vermək üçün göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib.

Azərbaycan multikulturalizminin dünyada təbliği və tanıdılması istiqamətində həyata keçirilən tədbirlər sırasında Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqı üzv ölkələrinin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail və İsveçrə səfirlikləri ilə, həmçinin, United Cultures ilə əməkdaşlıq çərçivəsində birgə keçirdiyi mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmağa yönələn 3-cü IMAGINE Avro Tolerantlıq Festivalı da mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir.

Qeyd etmək lazımdır ki, builki Festival, ötən illərdəki kimi bütün gözləntiləri üstələyib. Festival zamanı tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film təqdim edilib. Festivala öz filmlərini təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları qatılıb və müxtəliflik mövzusunda olan müzakirələrdə iştirak ediblər. Eyni zamanda, universitetlərdə sənədli filmlərin çəkilməsi haqqında tələbələrə və yerli gənc rejissorlara master-klass dərsləri keçirilib. Təşkilatçılar 35 ildən çox təcrübəsi olan və hazırda Belçikada dərs deyən məşhur hollandiyalı rejissor Robert Ronbout kimi xüsusi bir qonağın tədbirdə iştirakından böyük qürur hissi keçirdiklərini bildiriblər.

Festival Brüsseldə yaşayan fransız fotoqrafı Nikolas Landemardın fotoşəkillərindən ibarət sərgi ilə açılıb. Onun fotoşəkilləri Brüsseldəki Avropa təşkilatlarının gündəlik iş reallığını nümayiş etdirib. Bu sərginin xüsusi bölməsi müxtəlifliyə həsr olunub. İlk dəfə olaraq, bu il IMAGINE Avro Tolerantlıq Festivalı həmçinin, paytaxtdan kənarda, Gəncə şəhərində də keçirilib.

Multikulturalizmin və tolerantlığın təbliğində ölkəmizdə keçirilən bütün beynəlxalq səviyyəli tədbirlərlə yanaşı, həm də yerli auditoriyanın maraqlarını əhatə edən tədbirlər də mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan iyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfransın keçirilməsi də təqdirəlayiq haldır.

Konfransın əvvəlində DQİDK-nın tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Heydər Əliyev və Azərbaycançılıq" adlı sənədli film tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki,  Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirir və bu ideologiya Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. M.Qurbanlı deyib ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü tamam oldu və xalqımız bu günü böyük ruh yüksəkliyi ilə qeyd etdi. Komitə sədrinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci qayıdışından sonra xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Bu xidmətlərdən biri də Azərbaycançılıq ideologiyasıdır. M.Qurbanlı qeyd edib ki, Azərbaycançılıq ideologiyasının formalaşması prosesində İslam dininin də mühüm rolu olub. Çünki İslami dəyərlər, ümumiyyətlə, İslam dini xalqımızın ideoloji xəttinə, milli xüsusiyyətlərinə uyğundur və xalqımız min illərdir bu dəyərləri yaşadır. Ümummilli Lider Heydər Əliyevin ideya müəllifi olduğu Azərbaycançılıq ideologiyası da bütün islami dəyərləri özündə birləşdirir. Ulu Öndər Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə əsasını qoyduğu siyasi kursun dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycançılıq ideologiyasının tərkib hissəsi olan multikulturalizm və tolerantlıq ölkəmizdə dövlət siyasətinə və xalqımızın yaşam tərzinə çevrilib.

Məlumdur ki, mənəviyyat dedikdə biz ilk növbədə mənsub olduğumuz dini nəzərdə tuturuq. Çünki mənəviyyatın əsas komponentlərini, məhz din təşkil edir. Bu gün özümüzü nə qədər müasir cəmiyyətin yetirməsi hesab etsək belə, daxilimizdə fərd olaraq İslam dininin daşıyıcılarıyıq. Azərbaycançılıq ideologiyasında olan dözümlülük, tolerantlıq, sülh, birgəyaşayış, multikultural dəyərlər həm də İslam dinindən gəlir. Ona görə də, Azərbaycançılıq və İslam dedikdə, məsələni bu kontekstdə qiymətləndirmək lazımdır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.10108113288879