"Ədəbiyyatda dahilər," əməldə isə ...

Onlar Azərbaycan ədəbiyyatında çoxdur

Ümumiləşmiş obrazları isə belədir : - guya yerlərdə, ətraflarında baş verənlərin bunlara heç bir dəxli yoxdur, onları ancaq bəşəri mövzular maraqlandırır. Və yenə bu günün oxucuları onları başa düşmürlər, yazdıqlarının əsl qiymətini isə 100, 200 il sonra verəcəklər. Guya ədəbiyyat içtimai-siyasi, sosial gerçəklərin fövqündədir. Belələri adətən, bəzəkli cümlələr qururlar. Qurduqları cümlələr mütləq ağırtonnajlı olur, öz aləmlərində dərin fəlsəfi məna kəsb edir. Ən sevimli mövzuları - qadın, ölüm, qəbir, göy üzünün o üzü, "insan, zaman, məkan"dır. Mücərrəd, təyinatsız mövzularda at oynatmaqdan ötrü sinov gedirlər. Göylərlə əlləşirlər. Buludların üstündə gəzirlər. Reallıq hissi onlara yaddır. Bunların əsl qarın ağrısının nə olduğunu müəyyənləşdirmək çətindir. Özləri hansısa xırda məişət problemindən gen-bol, hamının başa düşəcəyi şəkildə yazırlar. Başqa vaxt isə əndrəbadi cümlələrin, ilk baxışda çox müdrik, dərin fəlsəfi mətnlərin arxasında gizlənirlər. Yeddi başın olsa, yeddisini  çatlatsan da nə demək istədiklərini anlamağa çətinlik çəkirsən. Söz oyununu sevirlər. İşləri-gücləri sözü şəkildən- şəklə salmaq, sözün başına it oyunu açmaqdır. Bu zaman nə demək istədiklərini oxucunun anlayıb- anlamayacağı onlara maraqlı deyil, əsas odur ki, yazdıqları kənardan cəzbedici, maraqlı görünsün. Guya Tanrı sözün tozunu almaq kimi dərindən fikirləşdikdə heç bir anlam verə bilməyəcəyini missiya ilə yükləyib. "Mən sözü qoruyuram" cümləsinə onların çıxışında, müsahibəsində, rəsmi, qeyri-rəsmi atmosferdəki bütün söhbətlərində rast gəlirsən. Özlərini "sözü qorumağa" məsul hesab etsələr də, söz üstündə söyülən, döyülən, həbs edilən, sürgün olunan bir nəfəri də qorumazlar. İnfakt keçirməyə meyilli olurlar. Guya əsl yazıçının, şairin ürəyi tez-tez ağrımalı, ömründə heç olmasa, bir dəfə infakt keçirməlidir. Və yenə guya həkim ona içməyi qəti qadağan edib, amma o, bunu vecinə də almır, əvvəlkindən daha çox içir,  guya indiki həyatı onun üçün heç bir əhəmiyyət kəsb etmir, onun üçün əsas olan ölümdən sonrakı həyatdır və s.və i. Müdrik görünmək üçün əldən - ayaqdan gedirlər. Guya mütləq hər sözlərindən ağsaqqallıq hikməti yağmalıdır. Ömürlərinin yarısı dərin məzmunlu kəlamlar, aforizmlər düzəltməklə keçir. Bütün hallarda isə ortaya sarsaqlıqdan başqa bir şey çıxmır. Öz cəsarətsizliklərini belə, müdrikliklə əlaqələndirirlər. Guya onlar, cari məsələlər yox, bəşəri məsələlər maraqlandırır, guya polisin işgənçə ilə oldürdüyü vətəndaşın taleyi haqqında susub, "ölümün özünü necə öldürmək?" kimi cəfəng fəlsəfi -səfsəfi suallar ətrafında baş sındırmaq lazımdır. Amma onlar deyirlər ki, olar. Onlar - "qanunlarda dahi"dirlər. Onlar həmişə "böyük" düşünür, böyük öskürür, böyük asqırırlar. Ayaqlar yerə dəymir, uçurlar. Axırda qonacaqları yer isə hansısa nazirin pəncərəsinin ağzı da ola bilər, hansısa icra başcısının qəbul otağı da. Oxucunun gözündə böyük görünmək ücün min hoqqadan çıxan belələrinin az-çox vəzifəli birisinin yaninda necə kiçildiklərini öz gözlərinizlə görməniz lazımdır. Mən yüz kərə yazım, sizə onsuz da uydurma kimi görünəcək. Bu vəziyyəti təsəvvür etməkdə insan zəkası acizdir. Üstəlik, yazmağın bir faydasını da görmürəm, belələrini qələmlə ağıllandırmaq mümkün deyil. Onlara tibb elmi kömək olsun!

Əlizadə Nəhmədağaoğlu

0.4053680896759