Heydər Əliyev siyasətinin təntənəsi

Hər bir xalqı dünya miqyasında tanıtdıran həm də onun fenomen şəxsiyyətləridir

Belə şəxsiyyətlərin müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasını təmin edir. Bu ideyalar dərin məzmunu ilə cəmiyyətdə monolitliyin aparıcı amili rolunu oynayır.

Ulu Öndər Heydər Əliyev də belə fenomen lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, siyasi prosesləri yönəltmək məharətilə, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı ilə xalqın dərin etimadını qazanmışdır.

Ümummilli Liderin inkişaf strategiyasının tarixi 1969-cu ildən - respublikaya rəhbər seçilməsindən başlayır. 1969-cu il iyulun 14-ü Azərbaycan tarixinin və həm də həyatımızın olduqca mühüm hadisəsi kimi yaddaşımızda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub. Ulu Öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı. O vaxt sovet rejiminin sərt qanunlarına baxmayaraq qısa zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə, o dövrlərdə hətta ittifaq rəhbərliyinin cəsarət etmədiyi addımlar atılırdı. Respublikada korrupsiya, rüşvətxorluq hallarına qarşı başlanmış mübarizə, bu istiqamətdə atılan addımlar və qarşıda duran vəzifələr öz əksini tapırdı.

Tariximizin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən Ulu Öndər Heydər Əliyev sonrakı dövrdə xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaltdı. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Xalq ona inanırdı, bilirdi ki, respublikamızı 1990-cı illərin əvvəlində baş verən təlatümlü burulğandan yalnız Heydər Əliyev çıxara bilər. Elə buna görə də xalqın etimadını doğrultmaq istəyindən ruhlanan Heydər Əliyev belə çətin məqamda məsuliyyəti öz üzərinə götürüb ölkəmizin müstəqilliyini qorudu, onu parçalayıb məhv olmaqdan xilas etdi. Həmin ağır günlərdə Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri də xalqın böyük etimad göstərdiyi və sonsuz ümid bəslədiyi Heydər Əliyevin haqq işinin müdafiəsinə qalxdılar.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda milli birlik və həmrəyliyin təmini, həmvətənlərimizin vahid məqsədlər ətrafında birləşdirilməsi və dövlət quruculuğu sahəsində əməli tədbirlər həyata keçirdi. Böyük strateq özünəməxsus uzaqgörənlik və müdrikliklə respublikamızı dərin sosial-iqtisadi və siyasi böhrandan çıxardı.

Ulu Öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu. İctimai-siyasi sabitlik amili indi də bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış edir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimaiyyət tərəfindən tam şəkildə mənimsənilir.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan çox qısa müddətdə bir sıra Qərb dövlətlərinin onilliklər ərzində əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ümummilli Liderin qayğısını daim öz üzərində hiss edib. O, həmkarlar ittifaqı fəalları ilə müntəzəm görüşlər keçirmiş, onun ən mühüm tədbirlərinə təbrik məktubları göndərmişdir. Bütün bunlar Konfederasiyanın güclənməsinə, cəmiyyətdə nüfuzunun artmasına xidmət etmişdir. Azərbaycan həmkarlar ittifaqları Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında Ümummilli Liderin Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürmüşdür.

Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Ötən 16 il ərzindəki fəaliyyəti verdiyi bütün vədlərin əməli işə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir.

2003-cü ildən ölkəyə inamla rəhbərlik edərək onu davamlı tərəqqi və yüksəliş yoluna çıxaran möhtərəm Prezident İlham Əliyevin bu və digər uğurlarının səbəbi heç də təkcə öz fəaliyyətini Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin müasir düşüncəli siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olması, modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirməsidir. Cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

Həmkarlar ittifaqının növbəti inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. O, həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu dəfələrlə qeyd etmişdir. Sosial məsələlərdən söz düşmüşkən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursun əsas prioritetlərindən biri məhz vətəndaşların rifahının ardıcıl şəkildə gücləndirilməsidir. Bu ilin birinci yarısında iki sosial paketin imzalanması, minimum əməkhaqqının məbləğinin iki dəfə artırılması, bütövlükdə 5 milyon vətəndaşın sosial rifahının yüksəldilməsi bunu təsdiq edir.

Bütövlükdə, Azərbaycan dövlətinin İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün qazandığı bütün uğurlar həm də Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasət daim yaşayacaq, Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqımızın rifahına xidmət edəcək.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı

0.076627969741821