Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin qarantıdır

Multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi regionda təhlükəsizliyin təmin edilməsi baxımından çox dəqiqliklə düşünülmüş siyasətdir

Müasir dünyamızda dövlət idarəçiliyinin formasından asılı olmayaraq,  multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi, daha çox həmin dövlətlərin rəhbərlərinin siyasi iradəsindən asılı olur. Bu gün siyasi düşüncələrdə belə bir fikir formalaşıb ki, siyasət elm olmaqla yanaşı, həm də bir sənətdir. Hər hansı bir dövlətin təşəkkül tapması və inkişafı da, onu idarə edən siyasət sənətçisinin məharətindən asılıdır. Bu baxımdan, siyasət elminin də öz alimləri və sənətkarları var. Onlar bəşər cəmiyyətinin inkişaf qanunlarını dərindən öyrənən və öz siyasi fəaliyyətlərini həmin qanunlara uyğun həyata keçirən şəxslərdir. Bununla belə, tarixi təcrübə göstərir ki, siyasəti elm kimi öyrənmək və mövcud vəziyyəti nəzərə almadan onu tətbiq etmək, son nəticədə sosial-iqtisadi inkişafın tempinin zəifləməsinə, durğunluğun baş verməsinə, cəmiyyətin deqradasiyasına səbəb ola bilər.

Buna görə də, siyasətlə məşğul olan hər kəs ilk növbədə sosial proseslərin obyektiv və subyektiv tərəflərini öyrənməli, siyasi subyektlərin, fərdlərin və birliklərin hərəkətlərini qabaqcadan anlamağı bacarmalıdır. Siyasətçinin bacarığı da məhz bundadır ki, konkret siyasi məqsədə nail olmaq üçün fərdin, sosial ümumiliyin, sosial-siyasi institutun potensial imkanlarını maksimum nəzərə alsın və fəaliyyətini də bu istiqamətdə qursun. Siyasətçinin özünün nəzəri biliklərindən, məntiqi təfəkküründən, lazım gəldikdə təxəyyül və intuisiyasından istifadə etməsi, cəsarət və fantaziya nümayiş etdirmək qabiliyyəti dövlət idarəçiliyində əsas şərtlərdən biri kimi qəbul olunur.

Müasir dünyamızda dövləti idarə edən siyasətçiyə lazım olan ən əsas xüsusiyyətlərdən biri də siyasi tolerantlıqdır. Məlumdur ki, tolerant sözü latın dilindən tərcümədə "dözümlü, təmkinli" anlayışını özündə ehtiva edir. Bu baxımdan, siyasi tolerantlıq da başqalarının siyasi baxışlarına, ideoloji dünya görüşlərinə dözümlü və təmkinli yanaşmaq deməkdir. Dövləti idarə etmək funksiyasını daşıyın siyasi xadimin həyat və fəaliyyətində tolerantlıq öz təzahürünü siyasi rəqiblərinin fikirlərinə qulaq asmaq qabiliyyətində, həmin fikirlərə verdiyi reaksiyada, seçildiyi siyasi rəhbərlikdə ortaya qoyduğu idarəetmə prinsiplərində və qarşılıqlı olaraq səsləndirdiyi fikirlərində və fəaliyyətində açıq şəkildə ifadə edir.

Bu baxımdan, Azərbaycanda hazırkı siyasi situasiya bütün müstəvilərdə tolerantlıq prinsipləri ilə idarə olunur, siyasi qərarların istiqamətlərindən asılı olaraq tolerantlıq daha dərin və konkret qata - multikulturalizmə qədər yüksəlib. Bu da heç şübhəsiz ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı siyasi irsin bu gün Prezident İlham Əliyev tərəfindən bütün detalları ilə qorunub və inkişaf etdirilməsindən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi bu məqsədyönlü və peşəkar siyasətin nəticəsidir ki, bu gün ölkəmiz istər ölkə daxilində, istərsə də xarici siyasət sahəsində çox böyük uğurlara imza atıb. İlham Əliyevin həyata keçirdiyi bu siyasətin iki istiqamətini xüsusi qeyd etmək lazımdır- daxili və xarici. Bu istiqamətlərin hər biri ayrı-ayrılıqda özünəməxsus keyfiyyətləri, tolerant və multikultural yanaşmaları ilə seçilir və hamı tərəfindən nümunəvi idarəçilik forması kimi qəbul olunur.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili siyasətdə göstərdiyi ən böyük siyasi tolerantlıq örnəyi müxalifət və iqtidar arasında dialoqa nail olmasıdır. Bu dialoq həm də fikirlərin, təfəkkürlərin sərbəst mübarizəsinə imkan verir.

Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin digər bir göstəricisi də, daxili siyasətdə tolerantlığın, daha dəqiq desək, multikulturalizmin ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin, müxtəlif din və dil daşıyıcılarının hər birinə Azərbaycan vətəndaşı kimi haqq etdikləri hüquq və azadlıqları verməsidir. Bu, həm Azərbaycan qanunvericiliyinin, Konstitusiyasının əsası, həm də Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin göstəricisidir.

Ölkəmizin ərazisində yaşayan müsəlmanlar,  xristianlar,yəhudilər, eləcə də digər dini inanclara sahib olan insanlar öz dini ibadətlərini sərbəst şəkildə həyata keçirir, ölkəmizdə mövcud olan bu tolerant və multikultural mühitin imkanlarından tam olaraq yararlana bilirlər. Bu da təsdiq olunmuş faktdır ki, Azərbaycanda bütün dini konfessiyalar bərabər hüquqlara sahibdirlər və heç birinin digərindən üstünlüyü halları müşahidə olunmayıb.

Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin prinsiplərindən layiqincə bəhrələnən Prezident İlham Əliyev daxili auditoriyaya ünvanlanan çıxışlarında belə, hay-küylü populizmdən uzaq, insanların şüurunun və psixologiyasının qəbul edəcəyi sadə ifadələrə üstünlük verən və bununla da daha çox rəğbət qazanmağı bacaran siyasətçi kimi tanınır.

Prezident İlham Əliyevin ölkəmizdə multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi sahəsində gördüyü işlər bir neçə istiqamətdə özünü göstərir. Belə ki, ölkəmizdə bu gün mehriban dostluq və qardaşlıq şəraitində yaşayan onlarla xalq və millətin nümayəndələri var. Onların arasında hazırda öz müstəqil dövlətləri olan ruslar, ukraynalılar, yunanlar, gürcülər, yəhudilərlə yanaşı, ta qədim zamanlardan bu torpaqları özlərinə vətən seçən talışlar, ləzgilər, kürdlər, saxurlar, tatlar, tatarlar, avarlar,  xınalıqlılar da var. Bir coğrafi məkanı bölüşən bu insanlar arasında daim mehriban qonşuluq və dostluq münasibətləri mövcud olub və bu gün də davam edir. Onların hər biri digərinə münasibətdə də tolerant və multikulturaldır. Bunun başlıca səbəbi Azərbaycan dövlətində həyata keçirilən multikulturalizm siyasəti və bu siyasətin qarantı olan Prezident İlham Əliyevdir.

Bu qarantın nəticəsidir ki, bu gün  Azərbaycanda istər qanunvericilik, istər siyasi iradə, istər dövlət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən layihələr baxımından, milli mənşəyindən, dilindən, dinindən asılı olmayaraq, hər kəs bərabərhüquqludur və dövlət buna tam təminat verir. Hər kəsin hüquq və azadlıqları Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlət tərəfindən qorunur. Bütün bunlar isə siyasətdə tolerant və multikultural yanaşmanın göstəricisi və real təzahürləridir.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda da siyasi tolerantlıq və multikulturalizmin təzahürləri özünü açıq şəkildə göstərir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe bütün müstəvilərdə strateji əhəmiyyət kəsb etdiyindən burada həyata keçirilən xarici siyasət də, bilavasitə multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsinə köklənib. Bu, həm də regionda təhlükəsizliyin və neytrallığın təmin edilməsi baxımından çox dəqliklə və dərindən düşünülmüş siyasətdir. Çünki burada həm qonşu dövlətlərlə münasibətlər tənzimlənməli, həm də strateji müttəfiqlərlə və üzv olduğumuz beynəlxalq təşkilatlarla olan qarşılıqlı anlaşmalara yerli-yerində əməl olunmalıdır. Belə bir şəraitdə, bütün bunları yerinə yetirmək üçün siyasətçidən yüksək zəka,  intellekt  və böyük idarəçilik təcrübəsi tələb olunur ki, İlham Əliyev də, dünyada bütün bu tələblərə ən yüksək səviyyədə cavab verən siyasətçi kimi tanınır.

Bu gün bir çox siyasi ekspertlərin, siyasi nəzəriyyə ilə məşğul olan araşdırmaçıların qənaətləri, həmçinin dünyanın nüfuzlu media orqanlarında Azərbaycanla bağlı çap olunan təhlillərin nəticəsi göstərir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, onun beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Məlumdur ki,  bu gün dünyada baş verən bir çox hadisələr bəşəriyyəti qlobal problemlər və təhlükələrlə üz-üzə qoyub. Regionumuzda və ətrafımızda baş verənlər də göz qabağındadır. Bütün bu proseslərdə dövlətimizi, xalqımızı təhlükələrdən qorumaq missiyası da ölkə Prezidentinin üzərinə düşür. Qeyd etmək lazımdır ki, son zamanlar bir çox ölkələrin müharibə meydanına çevrilməsinin əsas səbəblərindən biri də, həmin dövlətlərin başçılarının düşünülməmiş bəyanatları və beynəlxalq şəbəkəyə ünvanlanmış çağırışlarıdır. Belə bəyanat və çıxışlardan sonra isə böyük faciələr başlayır. Bu isə ilk növbədə həmin dövlətlərin başçılarının müstəqil siyasət apara bilməmələrindən, siyasi tolerantlığın çatışmamazlığından irəli gəlir.

Bütün bunlardan fərqli olaraq, Azərbaycan xalqının hər bir nümayəndəsini düşünən, onların yaşam və rifahının yüksəlişi üçün çalışan Prezident İlham Əliyev istənilən çıxışında, bəyanatlarında ilk olaraq ölkə vətəndaşlarının taleyini göz önünə gətirir və bu mövqedən çıxış edir. Belə ki, Prezidentin özü də müsahibələrinin birində çox səmimi şəkildə belə deyir: "Biz Azərbaycanda səmimi siyasət yeridirik. Başqa sözlə, siyasətimizdə heç bir ikimənalılıq yoxdur - həm rəsmi görüşlərdə, həm bəyanatlarımızda, həm qəbul etdiyimiz qərarlarda biz daim ictimaiyyət üçün, həm də xarici tərəfdaşlarımız üçün düzgün, açıq siyasət yeridirik". Bu fikirlər də Prezident İlham

Əliyevin xarici siyasətdə sərgilədiyi tolerantlığın ən gözəl sübutudur.

Onu da bilməliyik ki, siyasətdə tolerantlıq mədəniyyəti başqa ölkə və təşkilatlara yox, məhz bizim özümüzə lazımdır. Siyasi tolerantlıq bir tərəfdən dözümlülük, dinləmək mədəniyyətini, digər tərəfdən isə səsləndirilən fikirlərə, ortaya qoyulan mövqelərə və verilən suallara münasibəti özündə əks etdirir.

Göründüyü kimi, dövlətimizin başçısı İlham Əliyev həm daxili, həm də xarici siyasətdə atdığı hər addımında tolerantlığı və multikulturalizmi əsas meyar kimi götürür və bu istiqamətdə dünya dövlətlərinə Azərbaycanı örnək kimi göstərir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan multikulturalizm modeli və ölkəmizdə olan tolerantlıq mədəniyyəti dünya ölkələri tərəfindən maraqla qarşılanır və öyrənilir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.06945013999939