Deyirik ki, mobil bankinqə keç, banka gəlmə - MÜSAHİBƏ

 

 

Bir neçə il əvvələ qədər bank deyəndə bahalı binalarda yerləşən, daha çox imkanlı şəxslərin xidmət aldığı, yayda da müştərilərinə ağ köynək və kostyumlarda xidmət göstərən bir “pul alış-verişi mərkəzi” başa düşülürdüsə, bu gün müasir dünyada banklar virtual aləmə doğru istiqamətlənib. Artıq banklar da süni zəkanın belə tətbiq edildiyi, ən müasir texnologiyaların, blokçeyn üzərindən sürətli elektronlaşmanın mərkəzində dayanır.

Dünyanın bu sürətli dəyişməsində biz haradayıq, hansı peşəkar məhsullarımız var? Bu kimi suallarla müsahibimiz Azərbaycanda bu sahənin peşəkarlarının toplaşdığı “Rabitəbank” ASC-nin Marketinq Departamentinin direktoru Ələkbər Eyvazlıdır.

- Bu mövzunu “hörümçək toru”nda axtaranda ortaya çıxan informasiyalardan biri budur ki, Baltikyanı ölkələrdə bank əməliyyatlarının 98 faizi elektron şəkildə aparılır. Azərbaycanda bu rəqəmlər sarıdan vəziyyət necədir və elə bu kontektdə nümunə olaraq “Rabitəbank”ın elektron xidmətlərindən istifadənin səviyyəsinə də toxunaq.

- Ölkədə bu sahədə vəziyyətin yaxşı olduğunu deməzdim. Amma sevindirici hal odur ki, yeni pilot layihələr, qanunlar hazırlanır, bununla bağlı müəyyən irəliləyişlər var. Burada məsələnin bir neçə tərəfi var: bank və maliyyə institutlarının üzərinə düşən öhdəliklər, vətəndaşların yeniliklərə baxışı və dövlətin tənzimlənməsi. Çox yaxşı haldır ki, banklar innovasiyaların tətbiqinə çalışırlar, mobil tətbiqlərin sayı getdikcə artır.

Məsələn, “Rabitəbank” kimi banklar həm mobil tətbiqlər, həm də “BOT”, “Çat BOT” kimi həllər üzərində işləyirlər, çünki yeni nəslin rəqəmsal istəkləri yüksəkdir, banklardan tələblər çoxalmağa başlayıb. Bu üçlüyün trendlərə çevik reaksiyasına baxsaq düşünürəm ki, ən zəifi qanuni-hüquqi çərçivədir.

Bu gün bankların texnoloji imkanları kifayət qədər var, amma bu imkanlardan istifadə çox vaxt qanunvericilik çərçivəsində məhdudlaşdırılır. Yəni elə qanunlar var ki, bankların əl-qolunu bağlayır. Bəzi məhdudiyyətlərin əlbəttə, məntiqli səbəbləri var, müəyyən qanunlar da var ki, artıq onlar mənəvi cəhətdən köhnəliblər, zamanın tələblərinə cavab vermirlər.

Hazırda Azərbaycanda elektron vətəndaş məsələsi gündəmdədir, müştərilərin uzaqdan identifikasiyası çox aktiv müzakirə olunur. Hətta Mərkəzi Bank öz növbəsində “Rabitəbank”ın da daxil olduğu pilot layihə həyata keçirir. Yəni hər üç istiqamətdə işlər gedir, təbii istərdik ki, bu inkişaf daha sürətli getsin.

Reallıq odur ki, biz dünyadan deməzdim ki, lap çox geridə qalırıq, amma bu gün olacağımız yerdə də deyilik. Ən azı qonşularımız Rusiya və Gürcüstandan geri qalırıq, qarşıda görməli olduğumuz çox iş var. 

İnnovasiyalardan istifadə səviyyəsinə gəlincə, biz “Rabitəbank”da elektron xidmətlərdən istifadədə artımı hər gün görürük.

- Peşəkar bir komandaya sahibsiniz, yaxın müddətdə hansı yenilikləri gözləyək?

- “Rabitəbank” ənənəvi olaraq kiçik və orta sahibkarlığa fokuslanıb. Bu gün biz riteyl sektora daha ciddi şəkildə fokus olmağa başlamışıq, artıq yeni məhsul çeşidlərimiz formalaşıb. Bu istiqamətdə atdığımız addımlar ondan ibarətdir ki, bu ilin sentyabrınadək mobil tətbiqimizi bazara buraxacayıq.

İlkin versiya test rejimində buraxılıb, bu mərhələ bitdikdən sonra geniş müştəri kütləsinin istifadəsinə veriləcək. Buna paralel olaraq internet bankçılıq üzərində işləyirik.

Eyni zamanda, bizim hazırda kütləvi istifadəyə verdiyimiz “BOT” layihəmiz var, əgər sizin “Rabitəbank”dan plastik kartınız varsa, “Telegram”, “Facebook Messenger”dən çıxmayaraq maliyyə tranzaksiyaları edə bilərsiniz.

“BOT”la pul göndərə, kommunal ödənişləri və s. əməliyyatları apara bilərsiniz. Bununla yanaşı, “BOT”un “onlayn kredit sifarişi”, bankın kart məhsulları, ATM və filialların yeri haqqında məlumat xidmətlərindən faydalana bilərsiniz.

Deyə bilərəm ki, maliyyə xidmətləri təklif edən “BOT”u ilk dəfə məhz “Rabitəbank” bazara təqdim edib və bu gün iddia edərdim ki, MDB ölkələri arasında ən yaxşı “BOT”lardan biridir. Düzdür, bizim “BOT” un süni intellekt tərəfi yoxdur və o faktiki olaraq sizinlə danışmır. Bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan dilində həmin kitabxana bazası yoxdur və onu yaratmaq vaxt və insan resursu investisiyası tələb edir.

Xatırlayırsızsa, “Dilmanc” layihəsi vardı, dövlət bu layihəyə on milyonlarla pul xərclədi, çox savadlı və potensiallı işçilər yığdı, amma faktiki olaraq layihə bir yerə çatanda dayandı. Bu gün bizim tətbiq etmək istədiyimiz NLP praktikasını elə öz azərbaycanlı həmkarlarımız 10-15 il əvvəl başlamışdı.

Hesab edirəm ki, süni intellekti bir bankın hazırlaması düzgün olmazdı, burada dövlət, icra qurumları və maraqlı şirkətlər ümumi bir dəstək göstərməlidirlər. “Rabitəbank” çalışır ki, mütəmadi şəkildə müştərilərə innovativ həllər təqdim etsin, nə qədər alınır bunu zaman göstərəcək.

- Ən həssas məsələlərdən biri təhlükəsizlik amilidir. Müştərilərin kibercinayətkarlıq qarşısında təhlükəsizliyi necə təmin edilir?

- Kibercinayətkarlıqla mübarizə çox vacib məsələdir. Əvvəllər müştəri banka şəxsən yaxınlaşdığına görə burada risk ehtimalı çox aşağı düşürdü. İndi tranzaksiyalar kart vasitəsilə, mobil tətbiqetmə üzərindən aparılır və fiziki olaraq bilmirik bu adam odur, yoxsa o deyil. Təhlükəsizliklə bağlı bir neçə mərhələdə suallar yaranır.

Həm “Mastercard”, həm də “VISA” kartın hər birinin təhlükəsizlik sistemi var və Azərbaycan bankları da bundan istifadə edir. Bu beynəlxalq ödəniş sistemlərində təhlükəsizliyi qorumaq üçün bir çox detallar nəzərə alınıb.

Tutaq ki, sizin davranışınız bəllidir, adətən hesabdan 100 manatdan çox pul çıxarmırsınız, əsas alış-verişinizi müəyyən coğrafi ərazidə aparırsınız. Sizin geolokasiyanız Bakıdadır və birdən məlum olur ki, Boliviyada alış-veriş edirsiniz.

Bu, çox böyük sual işarəsidir və bununla da avtomatik kartınız bloklanır. Kart bloklanmasa belə sizdən ikinci dərəcəli identifikasiya tələb olunur. Soruşur ki, İlhamə xanım, bu sizsinizmi, Boliviyada əməliyyat edirsiniz?

Deyirsiniz, yox mən deyiləm, dərhal sistem bloklanır. Və ya siz 5 düyümlü telefon istifadə edirsiniz, baxırlar ki, indi əməliyyat aparılan cihaz 7 düyümlüdür, bu kimi detalların üzərində həm banklar, həm də kart prosessinq mərkəzləri işləyirlər. Müştərinin həyatını necə rahatlaşdırmalı və təhlükəsizlik baxımınından necə

“İdentifikasiya etməliyik?” sualı həmişə aktualdır. Bu gün dünyada ən təhlükəsiz sistem əslində blokçeyndir. Blokçeynin üstünlüyü ondadır ki, bütün məlumatlar artıq bir məlumat bazasında yazılmır, buna görə də üçüncü və dördüncü tərəflərin bu məlumat bazasına giriş əldə edib onu dəyişməsi mümkün deyil.

Məlumatlar zəncirlər və bloklar halında toplanır, nəticədə siz bir informasiyanı dəyişmək istədikdə əvvəlki məlumatları da dəyişməlisiniz. Bu bir, ikincisi hər hansı əməliyyatı edəndə eyni informasiya şəbəkənin bütün üzvlərinə də ötürülür. Dolayısı ilə bu daha təhlükəsiz texnologiya hesab edilir.

Düşünürəm ki, Azərbaycan bankçılığının bu saat ən böyük problemi məhz identifikasiya məsələsidir. Bir az təzadlı situasiya yaranıb: təklif edirik ki, sən banka gəlməmək üçün ödənişlərini, pul köçürmələrini internet bankçılıq üzərindən edə bilərsən, ancaq bunu etmək üçün həm də mütləq şəkildə banka gəlməlisən.

Bildiyimə görə, Mərkəzi Bank hazırda alternativ bir variant üzərində çalışır, belə ki, blokçeyn üzərindən müştərinin uzaqdan identifikasiya edilməsi ilə bağlı layihənin test modeli hazırdır.

- Bir dönəmdə Azərbaycanda rəqəmsallaşma baxımından işlər sürətləndi. Devalvasiyadan sonra yeniliklərə sanki “stop” verildi, yəqin ki, bu, bank sektorundakı problemlərdən qaynaqlanırdı. İndi yenidən dövlətin şəffaflıq və rəqəmsallaşa siyasəti ilə bağlı bu tendensiya daha güclü şəkildə davam edir. Konkretləşdirsək, ölkədə rəqəmsallaşmanın qarşısını alan ən böyük amillər hansıdır?

- Əslində mane olan səbəblər sırasında mən texniki tərəfləri qeyd edərdim. Məsələn, Azərbaycanda Mərkəzi Kredit Reyestri (MKR), Kredit Bürosu, hər bir bankın da müştərisi üçün kredit skorinq modeli var, üstəlik sistemlər tam təkmil deyil. Amma bir çox ölkələrdə bütün qurumlarda konkret vahid model istifadə edilir.

Başa düşürəm ki, belə işlər bir günün içində həllini tapmır.Bu gün biz müştəridən tələb edirik ki, banka gələrək sənədi imzalasın, yalnız bundan sonra mobil tətbiq üzərindən xidmət verə bilərik.

22 yaşlı, “freelans” olaraq dizayner xidməti göstərən azərbaycanlı xaricdən sifariş alıb və işi təhvil verib , pulu Avtsraliyadan “Paypal” vasitəsilə ödəyib. Adam qazandığı pulu bankdan çıxarmaq istəyir.

Azərbaycan bankı tələb edir ki: banka yaxınlaş, hesab aç, pulu ancaq bundan sonra çıxara bilərsən. Adam haqlı olaraq deyir ki, mən xaricdən iş götürürəm və pulu oradan qazanıram, sizin banka niyə yaxınlaşmalıyam, mobil tətbiqlə həll edək. Biz deyirik ki, yox, olmaz, mütləq banka gəlməlisən.

Ümumiyyətlə, adi kart açmaq üçün nə qədər sənəd proseduru keçirsiniz. İdentifikasiya etmək o deməkdir ki, biz sizin tələblərinizə daha sürətli reaksiya verə bilirik. Həmçinin bizdə agent bankçılıq yoxdur və bu regionlarda ucqar kəndlərin bankçılıq xidmətlərinə çıxışını məhdudlaşdırır.

300 nəfər əhalisi olan kənddə heç kim gedib filial açan deyil, hamı ancaq iqtisadi mərkəzlərə qaçır. Agent bankçılıq olsa, həmin kəndin sakinləri də qazanar və bundan cəmiyyət də faydalanar. Banklar da bilər ki, onun müştərisi yalnız Bakıda toplaşan 3-4 milyon deyil, 10 milyondur.

Bildiyimə görə, həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Mərkəzi Bank “Agent banklar haqqında qanun layihəsi” üzərində işləyirlər.

- Banklar necə, buna hazırdırlarmı?

- Məncə hazırdırlar, ancaq bunun digər tərəfi də var. Burada rəqabət məsələlərinə də fikir vermək lazımdır. Böyük banklar var ki, qeyri-sağlam rəqabəti bir qədər də artıra bilər və ona görə də agent bank fəaliyyəti antiinhisar siyasəti ilə uzlaşdırılmalıdır.

Növbəti böyük məsələ “Açıq Bankçılıq”dır. “Açıq Bankçılıq” o deməkdir ki, banklar öz məlumatlarını üçüncü tərəflərə açırlar. Üçüncü tərəflər də bank xidmətlərini öz tətbiqetmələrinə, veb səhifələrinə yerləşdirə bilirlər. “Açıq Bankçılıq”ın Azərbaycanda tətbiqinə dair müzakirələr belə getmir, amma bu, bizə lazımdır.

Burada bir məsələ var ki, “Açıq Bankçılıq” nəticəsində banklar öz müştəriləri ilə birbaşa əlaqəni itirməli olacaqlar və sadəcə tranzaksiyaların getdiyi bir texnologiya şirkətinə çevriləcəklər, görünür banklar özləri də hələ bunu istəmirlər.

Unutmayaq ki, “Açıq Bankçılıq” labüd məsələdir və biz bundan qaça bilmərik, çünki bazarda bizim çıxa bilmədiyimiz bir müştəri seqmenti var ki, yalnız bu məhsulla onu cəlb edə bilərik.

- Məhsullarınız arasında qeyri-adi feed-back aldığınız hansıdır?

- Təklifim var, məhsulları iki qrupa bölək, mənə ən çox maraqlı gələn və müştərilərə ən çox maraqlı gələn. Mənim üçün ən maraqlı layihə “BOT”dur. Bank sahəsində çalışan həmkarlarımız belə bu layihəni heyranlıqla qarşılayırlar.

Hazırda bankların əsas strategiyası bundan ibarətdir ki, mobil tətbiqə daxil olun, bunun üçün də gəl bizimlə əvvəlcədən müqavilə imzala və s. “BOT” isə deyir ki, heç nə lazım deyil, “Facebook Messenger”ə və yaxud “Telegram”a daxil ol, kartını daxil et və ödənişlərini et. Bu zaman müştərinin rəqəmsal davranışları dəyişmir, amma tətbiq yükləmək dedikdə buna münasibət birmənalı deyil.

Müştərilər tərəfindən ən çox bəyənilən məhsullarımızdan biri transfer krediti olan “Rabitəbanka Keç” məhsuludur. Sizin digər bankda məsələn 25-26 faizlə kreditiniz varsa, onu bizə həvalə edirsiniz və biz həmin krediti 19 faizlə sizin üçün bir növ restrukturizasiya edirik.

Bizim xüsusi seqmentlərə fokuslanan məhsullarımız da var və düşünürəm ki, qadın sahibkarlar üçün yaratdığımız kredit imkanı bu qəbildəndir. Məsəl var ki, bir qadına təhsil verərsən, bir nəsil təhsilli olar, biz bunu çox gözəl anlayırıq və qadın sahibkarlara ən yaxşı təklifləri etməyə hazırıq və düşünürəm ki, bu bizim daha çox sosial məsuliyyətimizdir.

- Rusiya “Sberbank”ın rəhbəri Herman Qref müsahibəsində rəhbərlik etdiyi bankın süni intellektə keçdiyini və filialların artıq bir çoxunun ləğv edildiyini açıqladı. Bu tendensiya Azərbaycana nə vaxt gələcək?

- “Sberbank”ın bu sahədə çox böyük uğurları var, onlar restruktrizasiya edib regional mərkəzləri bağlayır, işçi sayını azaldırlar. Süni intellektin tətbiq edilməsi, işçi sayının azaldılması əslində işlərin avtomatlaşdırılması sayəsində baş verir və bu zaman bank xərcləri azalır, xərclər azaldıqca gəlirliliyi yüksəlir. Bu trend artıq region ölkələrində başlayıb.

Qeyd edim ki, “Sberbank” Rusiya bazarının 50-60 faizinə sahibdir və belə böyük investisiyalar edə bilirlər. Azərbaycanda nə vaxtsa süni intellektin tətbiq edilməsi ilə işçi sayı azalacaqmı, bu özü mənim üçün böyük sualdır. Bu təbii ki, baş verəcək, amma əsas məsələ budur ki, nə vaxt?!

Düşünürəm ki, hər halda bu, yaxın vaxtlarda olmayacaq, çünki süni intellekt o zaman işləyir ki, böyük həcmdə informasiya axını idarə edilsin. Biz həm də proseslərin çox-çox əvvəlindəyik, bu gün hətta bir çox banklarımızda əməliyyatları optimallaşdıran biznes-proses idarəetməsi strukturu belə yoxdur. Süni intellektin tətbiqi ciddi maliyyə və insan resursları tələb edir.

Azərbaycanda bu sahə üzrə yetərli qədər kadr da yoxdur, bunu ən yaxşı halda böyük banklar başlamalıdır. Bilirəm ki, müəyyən işlər görülür, amma yaxın perspektivdə “Sberbank” formatında ciddi bir dəyişiklik açığı, gözləmirəm. Bunun üçün 5-8 il vaxt lazımdır.

- Rusiyada “TINKOF”, Türkiyədə “Enpara” bazarın oturuşmuş oyunçularına qarşı ciddi rəqabət aparır və onlardan bazar payı alır. Bəs Azərbaycandan bu kimi layihələr çıxa bilərmi və nə zaman?

- Biz hələ o mərhələdə deyilik ki, Azərbaycanda belə banklar yaransın. Amma tam əmin edə bilərəm ki, bu tipli bank sabah yaranarsa öz müştərisini tapacaq. Bizdə qanunvericilik baxımından bu sahədə ciddi limitlər var.

Filialsız bankların çıxmasına misal olaraq Türkiyədə “Enpara” var. Bir-iki ilin içində bu bank sürətlə böyüdü və elə bir səviyyəyə çatıb ki, artıq “Finans Bank”ın özünə bir təhdid yaratmağa başlayıb.

Azərbaycanda belə maliyyə qurumları startı mobil bank tətbiqlərindən götürə bilər və böyüyüb müstəqil bank statusu ala bilərlər. Dünya onsuz da buna doğru gedir, artıq hər şey rəqəmsallaşır. Yeni nəsil “filiala gedim, buna vaxt itirim” kimi meyarlardan çox uzaqdı.

- Biz bunu düşünməyə vaxt itirdiyimiz zaman xarici bir bank Azərbaycan bazarına girib bu kütləni götürə bilməzmi?

- Düşünmürəm, Azərbaycan bazarına daxil olmaq elə də asan deyil, çünki lokal insanları tanımır, bunun tənzimləmə prosesləri var. “TINKOF” Rusiya bazarındadır, belə götürəndə qulağımızın dibindədir, amma Azərbaycanda neçə nəfərdə “TINKOF” tətbiqi var?

Tanıdıqlarımın arasında 1 faiz deyərdim. Bu kimi şirkət Azərbaycanın özündən çıxsa daha uğurlu olacaq. “Monobank” örnəyi də var, filialı olmayan və yalnız iki kart məhsulu ilə xidmət göstərən bu bank bir il ərzində Ukraynada 500 min müştəri bazasına sahib oldu.

- Azərbaycanda bu xidmətə kim başlaya bilər?

- Unutmayaq ki, xarici oyunçuların bazara girməsi həmişə yerli qurumlar üçün təhdid olub, təbii ki, onların üstün cəhəti odur ki, hazır texnoloji həllərlə gəlirlər və bizim bazar qətiyyən etnosentrik bazar deyil. Məsələn, Türkiyədə “Cola” çıxır, sonra “Cola Turka” brendi yaranır və millətçilik reklamı ilə şirkət “Cola”dan 18 faiz bazar alır.

Türkiyə kimi ölkədə bu milyardlar deməkdir. Azərbaycan bazarında isə “Sevil” adlı şokaladın alıcısı olmur, sadəcə adı dəyişib “Lyuba” qoymaqla möhtəşəm satışı rəqəmləri əldə etmək olur. Bu məsələyə daha obyektiv yanaşsaq, düşünürəm ki, yerli mobil tətbiqlərdən bir neçəsinin 2-3 ilə inkişaf edib lokal “TINKOF” olmaq ehtimalları daha böyükdür, nəinki xarici şirkətlərin Azərbaycana gəlməsi.

Mövcud bankların mobil tətbiqlərindən biri çox güman ki, böyüyüb bu xidmətləri təklif etməyə başlayacaq. Açıq şəkildə bu tendensiya görünür, çünki bəzi banklar öz mobil tətbiqlərinin idarəetməsini departament şəklində ayırır, müstəqil işçi qrupuna çevirirlər.

Biz “Rabitəbank” olaraq bu bazara bir qədər gec daxil oluruq, lakin düşünürəm ki, yanaşmamız oyunçuların bazarda hegomon mövqelərini silkələməyə imkan verəcək və ölkə bazarından TINKOF nümunəsinə bənzər bir tətbiq çıxsa, onlardan biri də məhz “Rabitəbank” olacaq.

0.065593004226685