Azərbaycanın tolerantlıq və multikulturalizmin təşviqi istiqamətində gördüyü işlər təqdirəlayiqdir

Dünyada millətlərin və dinlərin birgə yaşamasını təşviq edən
multikulturalizmin Azərbaycan modeli öz unikallığı ilə seçilir

Azərbaycan dövlətinin multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu hədəflərə çatmaq üçün gördüyü qlobal işlər, dünyada fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlar və eləcə də, müxtəlif dini konfessiyalar tərəfindən çox yüksək qiymətləndirilir. Bunun əsas səbəbi ölkəmizin müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsidirsə, digər səbəbi də dünyada multikulturalizmin Azərbaycan modelinə artan maraq və diqqətlə bağlıdır. Bu gün ölkəmizdə mövcud olan multikultural və tolerant mühit, burada yaşayan bütün xalqların, etnik qrupların, eləcə də müxtəlif inanclara tapınan dini konfessiya nümayəndələrinin mehriban dostluq və qardaşlıq şəraitində yaşamalarına və fəaliyyətlərinə tam təminat verir. Dünyada analoqu olmayan bu harmaoniya və birgəyaşayış forması, bir çoxları üçün böyük maraq kəsb edir. Ölkəmizə artan diqqətin bir səbəbi də budur.

Azərbaycanda mövcud olan multikultural mühitlə tanış olmaq, onu öyrənmək istəyən bir çox tədqiqatçılar, siyasilər, eləcə də elm və din xadimləri də ölkəmizə mütəmadi səfərlər edirlər.

Azərbaycandakı multikultural və tolerant mühitin, ümumiyyətlə, multikulturalizmin Azərbaycan modelinin dünyada təbliği istiqamətində fəaliyyət göstərən əsas qurumlar olaraq,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) beynəlxalq əlaqələrə və qarşılıqlı əməkdaşlığa daha çox üstünlük verirlər ki, bu da heç şübhəsiz, özünün səmərəli nəticələrini çox gözlətmir.

Bir müddət əvvəl ölkəmizə səfər edən ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub və maraqlı görüşlər keçirib.

Qonaqları səmimi qarşılayan BBMM-in İcraçı direktoru Rəvan Həsənov onlara ölkəmizdəki multikultural mühit barədə ətarflı məlumat verərək qeyd edib ki, tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunları və zəngin tarixi ənənələri var. O həmçinin, ölkəmizdə əsrlərdən bəri müxtəlif  dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar da dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub və onlara fəaliyyətləri üçün hər cür şərait yaradılıb. Ölkəmizin əhalisinin 90 faizindən çoxunun müsəlmanlar təşkil etməsinə baxmayaraq, dövlətimiz məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların da problemlərinin həllinə dəstək olur. Dövlətimizin başçısı dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə hər il onlara maddi vəsait ayırır. Bu da onu deməyə əsas verir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və məhz bu ənənələrin daha geniş təbliği məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev  2016-cı ili ölkəmizdə "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edib. Bu illər çərçivəsində BBMM dövlət qurumları, Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bir çox  tədbirlər və layihələr həyata keçirib. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli və geniş proqramları da xüsusi qeyd etmək lazımdır.

Sinay məbədinin nümayəndə heyətinin üzvü Yomtovian Aysak görüş zamanı Azərbaycan haqqında geniş məlumatlara malik olduğunu, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünü, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildiyini qeyd edib. O həmçinin, Sinay sinaqoqunun üzvlərinin  dəfələrlə Azərbaycana səfər etdiklərini, ölkəmizdən çox yüksək təəssüratlarla  qayıtdıqlarını qeyd edərək  bildirib ki, müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin və dinlərin birgə yaşamasını təşviq edən Azərbaycan modeli öz unikallığı ilə seçilir. Amerikalı qonaq vurğulayıb ki, Azərbaycanın tolerantlıq və multikulturalizmin təşviqi istiqamətində gördüyü işlər təqdirəlayiqdir və ölkəmizlə qurulan sıx dostluq əlaqələrindən məmnundurlar. Yomtovian Aysak eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib.

Amerikalı qonaqlar daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar və Komitənin sədri Mübariz Qurbanlı ilə görüşüblər.

Görüşdə qonaqları səmimi salamlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkədəki dini durum haqqında ətraflı məlumat verərək bildirib ki, tolerantlıq və multikulturalizm ölkəmizdə çox qədim zamanlardan mövcud olub və  zəngin tarixi ənənələrə malikdir. Ölkəmizdə 33-ü qeyri-islam olmaqla, 940 dini icmanın dövlət qeydiyyatına alındığını bildirən Komitə sədri əhalinin 96 faizini təşkil edən İslam dininin nümayəndələri ilə yanaşı, digər dinlərə mənsub insanların da qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını qonaqların diqqətinə çatdırıb. M.Qurbanlı qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini konfessiyalara da öz diqqət və qayğısın əsirgəmir. Təmirə ehtiyacı olan bütün ibadət yerləri mənsubiyyətindən asılı olmayar dövlət hesabına təmir və bərpa edilir, həmçinin yeniləri tikilir.  Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib və insanların həyat tərzinə çevrilib.

Bütün bu işlərdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  M. Qurbanlı  bildirib ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ili ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ili isə "İslam Həmrəyliyi İli" elan etməsi də, ölkəmizin multikultural və tolerant dəyərlərə sadiqliyinin nümunəsidir. 

Prezident İlham Əliyevin, eləcə də ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həm "Multikulturalizm İli", həm də "İslam Həmrəyliyi İli" çərçivəsində görülən işlər multikulturalizmin Azərbaycan modelinin dünyada təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu illər çərçivəsində həm də DQİDK və Qafqaz Müsəlmanları İdarəsi də həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra birgə tədbirlər həyata keçirib. O qeyd edib ki, bu proses xüsusi olaraq yaradılan Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi tərəfindən davam etdirilir.

Amerikalı qonaqlarla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli problemlərinə toxunan Komitə sədri qeyd edib ki, bu münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə, dini zəmində zorakılığa məruz qoyub, tarixi-dini abidələri məhv edib. Komitə sədri Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılmasında Sinay sinaqoqunun üzvlərinin iştirakını müsbət qarşıladığını və qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu bildirib.

Sinay sinaqoqunun nümayəndə heyətinin üzvü Yomtovian Aysak yenidən Azərbaycana gələrək burada mövcud olan multikultural və tolerant mühitlə tanış olmaq imkanı qazandıqlarından məmnun olduqlarını bildirərək qeyd edib ki, bütün ölkə ərazisində tolerant və multikultural mühitin yüksək səviyyədə hökm sürdüyünü, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını görmək onlarda xoş təəssürat yaradıb. Sinay sinaqoqunun üzvləri Azərbaycana hər səfəri zamanı burada daha mükəmməl bir cəmiyyətlə üzləşirlər və müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin və dinlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin öz unikallığı ilə seçildiyinin canlı şahidi olurlar. Buna görə də Azərbaycanın tolerantlıq və multikulturalizmin təşviqi istiqamətində oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, Azərbaycanla qurulan sıx dostluq əlaqələrinə böyük önəm verdiklərini bildirib.

Ölkəmizdə olduqları müddətdə burada gördükləri reallıqlardan təəccübləndiklərini gizlətməyən amerikalı qonaqlar, multikulturalizmin Azərbaycan modelinin bütün dünyada nümunə kimi tətbiq olunmasının müsbət nəticələr verə biləcəyini qeyd ediblər. Azərbaycandan xoş təəssüratla ayrılan ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət nümayəndə heyəti burada gördükləri reallıqların Amerikada təbliği istiqamətində əllərindən gələn bütün işləri görəcəklərini bildiriblər. Qeyd etmək lazımdır ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və digər bir çox dövlət və qeyri-dövlət qurumlarının məqsədyönlu fəaliyyəti nəticəsində multikulturalizmin Azərbaycan modelinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Həmin işlərin nəticəsidir ki, bu gün multikulturalizmin Azərbaycan modeli çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən də milli və dini birgəyaşayışın mükəmməl forması kimi təqdir olunur.

Bu işdə bir çox beynəlxalq təşkilatların ölkəmizdə həyata keçirdikləri forumlar, konfranslar və digər tədbirlər də mühüm rol oynayır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.053024053573608