Meşələrə qənim kəsilən ömrünə balta çalar

Qlobal istiləşməni tezləşdirənlərə, torpağı sürüşdürənlərə...

İlin isti fəsli daha çox yaşıllıqlarla, meşələrlə assosasiya olunur. Başqa cür mümkün də deyil. Yay deyəndə mütləq istirahət, səyahət, ölkə daxilində və xaricində baş tutan pikniklər və s. yada düşür. Bu, böyük arealda elə belə də olmalıdır. Çünki çox az adam tapılar ki, səyahət və istirahətin yalnız şəhərləri gəzməkdə və şopinqlərdə olduğunu düşünsün. Əksəriyyət, az qala hamı, yayın mənasının yaşıllıqlarda, dənizdə olduğunu qeyd edir. Deməli, yayın gəlişini səbirsizliklə gözləyənlər, böyük əksəriyyət üçün ona hazırlıq hələ payızdan, qışdan, uzun keçən neçə ay əvvəldən başlamalıdır. Dəqiq desək, istirahət üçün hazırlıq il uzunu qazanılan pul, səyahətə ayrılan müəyyən məbləğ deyil, hər ağacı, kolu, otu, yarpağı, gülü qorumaqdan başlamalıdır. Hər kəs bir ağacı kəssə, bir kolu dibindən çıxarsa, bir otu, gülü yolsa, nə qalar qışdan yaza?

Bəli, istirahət etmək istəyiriksə, torpağın üstündə qərar tutmaq, başımızın üstündə günəşi görmək arzusundayıqsa, təbiətə qənim kəsilməməliyik. Bunu cəm şəklində deyirəm, çünki hər birimiz eyni torpağın övladıyıq, qeyd-şərtsiz, nə vaxtsa, bilərəkdən-bilməyərəkdən, təbiətə ziyan vurmuşuq. Hər birimiz, xoşumuza gələn gülü eqoistcəsinə dərib yaxamıza, nə bilim, saçımıza, papağımıza sancmışıq. Parklardakı yaşıllığı tapdamışıq, orda əkilən gül-çiçəyi icazəsiz, gizlicə qoparıb evə gətirmişik, ağacların meyvəsini hələ yetişməmiş yoluşdurmuşuq. Bir sözlə, bütün yaşıllıqların qəniminə çevrilmişik, elə bilmişik o, yalnız öz mənimiz üçündür. Hər birimizi tək birimiz sanmışıq. Hamı üçün yaradılanın, yaşıllaşdırılanın, yetişdirilənin bircə ünvanını tanımışıq - eqoizm adlanan arzuolunmazı.

Onun ictimai mülkiyyət olduğunu dərk etməyimiz üçün bilmirəm neçə illər, bəlkə də onilliklər lazımdır. O çox uzun zaman ölçüsünün, vaxtın daxilində isə səbirlə maarifçilik işinin aparılması, daimi, yorulmadan, usanmadan öyrətmək lazım gələcək. Bir də, hərdənbir, profilaktik tədbir kimi, müəyyən cərimələr... Çünki unutqan insan övladını bəzən pulla da imtahana çəkmək lazım gəlir ki, cibindən əksilənin hara getdiyini anlasın və günahsız ağacı kəsməsin. Bir kitab arası açsın və kəsdiyi ağacla birlikdə, ruzisini də kəsdiyini, neçə-neçə manata qənim kəsildiyini başa düşsün. Tədavül vasitəsi olan pulun ilkin olaraq, elə ağacdan yarandığını yada salsın. İstirahətdən, yaşıllıqlardan izaholunmaz rahatlıq tapmaq kimi incə hissləri yoxsa da, pulun vacibliyi anlayışı, duyğusu hamıda var. O zaman, ağaca qənim kəsilən, dediyim kimi, ruzisini də kəsər!

Hamı bilir, uzun illərdir dünyanın qlobal istiləşmə problemindən yazılır, danışılır, tədbirlər, konfranslar, simpoziumlar keçirilir. Hamı ondan narahatdır, lakin az adam, bəlli ixtisas sahibləri, alimlər, ekoloqlar bilir ki, bu problemin yaranmasının səbəbi nədir. Küll olaraq hamımız o problemin yaranmasını tezləşdirmişik, meşələri kütləvi şəkildə qırmaqla, onun ehtiyatlarını məhv etməklə, piknik edib qaladığımız ocaqla onu yandırmaqla, ağacları şəxsi təsərrüfatlara daşımaqla və s. İndi də necə deyərlər, atmosferdə karbon qazının həcminin indən sonrakı artım sürətini azaltmaq mümkündür, bircə yolla - meşələri bərpa etməklə. Çünki istixana qazını udacaq alternativ yoxdur meşədən savayı. Qlobal istiləşməylə savaşda meşələrdən başqası yardımçı ola bilməyəcək, bunu bacaran təbii texnika, avadanlıq və aparat yalnız odur...

NASA-nın araşdırmasına görə də, meşə örtüyünün məhv olması son on il ərzində 62 faiz artıb. Bu isə rekord göstəricidir. BMT-nin məlumatına görə isə, planetimizdə meşələrin ümumi sahəsi hazırda 5,5 milyard hektar təşkil edir. O da deyilir ki, son 250 ildə təbiətdə 570-dən çox bitki növü yoxa çıxıb. Dünya alimlərinin tədqiqatlarından aydın olub ki, 250 il öncə hər il iki bitki növü məhv olub. Bu da insanların yerdə məskunlaşmasından əvvəlki dövrə nisbətən, 500 dəfə sürətli olub. 271 quş, amfibiya və s. də həmin dövrdə yoxa çıxıb. Alimlər bu qənaətə gəlib ki, məhvolmanın səbəbi, məhz, meşələrin qırılmasıdır. Onlara görə, dünyada hazırda 300 min bitki növündən 60 minə yaxını yox olmaq təhlükəsi yaşayır... .

Amma ağacların qırılması, torpağın yaşıl örtüyünün getdikcə azalması təkcə iqlim dəyişikliyinə, bəlli problemlərə deyil, ekologiyadan tutmuş, birbaşa insan cəmiyyətinə yönəlik ziyanlara da yol açır. Deyilənə görə, yer kürəsi üç trilyona yaxın ağacı saxlamaq gücündədir. Həmin ağaclar da suyun həddən artıq buxarlanmasına mane olur, günəşin istiliyini və işığı əks etdirərək kosmosa qaytarır, küləyin hərəkətini tənzimləyir və s. Bu siyahını artırmaq da olar, amma arifə bir işarə bəs edər, zənnimizcə...

Məşhur filmimizdə deyildiyi kimi, indi söz sizindir, insanlar. Deyin, qlobal istiləşməni tezləşdirmək, torpağın səthini sürüşdürmək, küləyin zərbindən ev-eşiyinizi itirmək, heyvan və bitki növünü yox etmək, havasızlıqdan məhv olmaq üçün yenədəmi ağaclara hücum edəcək, meşələri qıracaqsınız?

Hesab edirik, adımız əməlimizlə bir olsaydı, bu gün nə meşələrə kameralar quraşdırmaq, nə də cərimələr tətbiq etmək lazım gələrdi.

Görəsən, yaşıllıqlara, otluqlara dəyməmək, bir meyvə kolunu əzməmək, heç olmasa, bir ağac əkmək o qədərmi çətindir dünyalar yaradan, ona hakim olan insanların əlində? Havadanmı məhrum olmaq istəyirik, əcəba?

...Deyilənə görə, bir ağac il ərzində atmosferə təxminən, 120 kiloqram oksigen buraxır ki, bu da üçnəfərlik ailənin bütün il boyu tənəffüs etməsinə bəs edir. Orta hündürlükdə olan bir ağacdan təxminən, 170 000 karandaş hazırlamaq olar. Ən maraqlı fakt isə Rusiyaya aiddir. Dünyanın ən möhkəm ağacı Rusiyada bitən Şmidt tozağacıdır ki, bu ağacı nə balta kəsir, nə də ona güllə batır...

Sona yaxın deyəcəyimiz isə, cümlə-camaatımıza aiddir. Yayda ətrafa yaydığı sərinliyinə, kölgəsinə qaçdığınız ağaclar qış yuxusuna gedəndə onları balta səsiylə diksindirməyin. İsti havalarda meşələrin qalınlığına, oksigen bolluğuna can atanda, ona öz əlinizlə, əməlinizlə həqiqi mənada bir töhfə verdiyinizdən əmin olandan sonra yola çıxın. Bu uzun, minillik yola o ağacları, meşələri salanların da, sizin də əməlləriniz iz salır. Yazılan yazılır, nə fərqi, əməl dəftərinə günahımız-savabımız kimi, ya da yamyaşıl meşələrə bomboz nəzərlə baxan qənimkəsilənlərin əməlləri kimi...

Qlobal istiləşmənin qaynar, “qır qazanı”nda yanmasını istəməyənlər üçün daha bir şans var. Ümumi adı bir olan yaşıllıqları qorumaq, onları kökündən, torpaqdan qoparmamaq, ayırmamaq. Vaxt baxımından uzun illərə başa gələnə, prinsipcə, hər mənada çətin olana bu qədər asan yanaşma...

Nigar Orucova 

0.11907696723938