“Azərbaycan həmkarlar ittifaqlarının qanunvericilik bazası çox möhkəmdir“

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib

(Əvvəli ötən sayımızda)

Son 10 ildə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-ə 14947, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 7028 nəfər üzv cəlb olunub.

AHİK sədri daha sonra deyib: “Azərbaycan həmkarlar ittifaqlarının qanunvericilik bazası çox möhkəmdir. Biz ölkədə sosialyönlü qanun və proqramların, normativ sənədlərin işlənib hazırlanmasında fəal iştirak edirik.

AHİK tərəfindən irəli sürülən təkliflərin, demək olar ki, hamısı ölkəmizin siyasi rəhbərliyi, o cümlədən, Azərbaycan Respublikasının  Prezidenti,  zati-aliləri cənab İlham Əliyev tərəfindən müdafiə olunur. Bunun nəticəsidir ki, bizim təklifimizlə «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar məcəllələrinə, digər normativ-hüquqi aktlara 120-dən çox önəmli əlavə və dəyişikliklər edilib. Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən dəyişiklik, həmkarlar ittifaqına üzvlüyün motivasiyası baxımından, daha çox önəmlidir. Həmin dəyişiklik nəinki müəssisələrdə həmkarlar ittifaqının nüfuzunu artırdı, həmçinin sıralarımıza qoşulmaq üçün işçilərdə, o cümlədən gənclərdə xüsusi stimul yaratmaqla, minlərlə insanın iş yerini itirməsinin qarşısını aldı. On il ərzində 222 nəfər işçinin məhkəmədə hüquqlarını müdafiə etmişik. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən işəgötürənin işçini işdən çıxarması ilə əlaqədar həmkarlar ittifaqına etdiyi müraciətdən sonra 5895 nəfərin öz iş yerini qoruyub saxlaması da, məncə, çox yetərli arqumentlərdir.

BƏT-in bir sıra konvensiyası, o cümlədən təşkilatlanma hüququ ilə bağlı 87 saylı və kollektiv danışıqların aparılması ilə bağlı 98 saylı konvensiyaları da həmkarlar ittifaqlarının fəaliyyətinin hüquqi təminatı üçün əsas sənədlərdəndir. Bunlar həmkarlar ittifaqı üzvlüyünə motivasiya baxımından bizim üçün böyük əhəmiyyət daşıyır.

Başqa bir məsələni də Məclis iştirakçılarına xatırlatmağı məqsədəuyğun hesab edirəm. Vaxtaşırı həmkarlar ittifaqlarının regionlardan olan liderləri ilə keçirdiyimiz görüşlərdə yerli icra hakimiyyəti orqanlarının onların işinə əsassız müdaxilə etmələri barədə narazılıqları ilə qarşılaşırdıq. 8 fevral 2012-ci il,  11 iyul 2015-ci il və 10 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri çox hörmətli Ramiz Mehdiyev tərəfindən Azərbaycan Respublikasının şəhər və icra hakimiyyəti başçılarına məktub ünvanlanmışdı. Məktublarda şəhər, rayon icra hakimiyyəti başçılarına mübahisəli məsələləri «Həmkarlar ittifaqları haqqında» Qanunun müddəalarına uyğun və AHİK-in razılığı ilə həll etmək tövsiyə olunur. Bu məktublar ilk növbədə həmkarlar ittifaqlarının mövqeyinin möhkəmləndirilməsi və həmkarlar ittifaqına üzvlüyün motivasiyası baxımından dəyərlidir. Həmkarlar ittifaqlarının bütün vəsilələrinin rəhbərləri bu sənədlərdən maksimum faydalanmalıdırlar.

Azərbaycan həmkarlar ittifaqları işçilərin iş yerlərində əmək şəraitlərinin yaxşılaşdırılmasını, əməyin və sağlamlığın mühafizəsini əsas götürərək Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində əməyin mühafizəsi, təhlükəsizlik məsələləri ilə məşğul olan gənc ştatlı mütəxəssislər arasında «İlin peşəkar gənci», yuxarı sinif şagirdləri arasında ümummilli lider H.Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş «Ən yaxşı təqdimat» və digər baxış-müsabiqələr keçirir. Qaliblər mükafatlandırılır. Yaz, qış sessiyalarında ali məktəblərin ictimai həyatında fəallıq göstərən, imtahanlarda fərqlənən tələbələrə adlı təqaüdlər verilir. Bu və bu qəbildən olan tədbirləri keçirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları öz səylərini həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə və üzvlərinin sayının artırılmasına, həmkarlar ittifaqının yaradılmasına maneçilik törədən bütün işəgötürənlərin məsuliyyətinin artırılmasına təsir etməyə, öz müəssisələrində həmkarlar ittifaqı təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə inadla iş aparılmasına, həmkarlar ittifaqının strukturlarının səmərəli şəkildə formalaşdırılmasına, sahə və regional həmkarlar ittifaqının fəaliyyətinin gücləndirilməsinə yönəltməlidirlər».

  1. S. Möhbalıyev daha sonra bildirib ki, respublikamızda fəaliyyət göstərən bütün transmilli şirkətlərdə, birgə və özəl müəssisələrdə həmkarlar ittifaqının yaradılması Azərbaycan həmkarlar ittifaqlarının maraq dairəsindədir. Belə ki, son 10 il ərzində 204945 həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirən 1609 yeni həmkarlar ittifaqı təşkilatı yaradılı:». Biz, mülkiyyət münasibətlərindən asılı olmayaraq, respublika ərazisində işçilərin sosial-iqtisadi hüquqlarının yüksək səviyyədə qorunması üçün bütün imkanlardan istifadə edərək üzvlərimizin və təşkilatlarımızın həm kəmiyyət, həm də keyfiyyətcə çoxalmasına çalışırıq.

Təəssüf ki, bəzi sahə həmkarlar ittifaqları üzvlüyün motivasiyasının artırılması üçün lazımi səviyyədə iş aparmır. Məsələn, özəl telekanallar və kabel televiziyaları, mebel sənayesi, «Azercell», «Bakcell», «Nar Mobile», özəl tibb və sağlamlıq ocaqları, inşaat və tikinti sektoru, bəzi nəqliyyat sektorları (taksilər), ictimai iaşə müəssisələri, iri marketlər («Bravo», «Bizim Market», «Favorit», «Fresko»), iaşə xidmətləri, bir sıra özəl orta və ali  təhsil ocaqları da diqqətdən kənarda qalmışdır. Halbuki həmin müəssisələrdə əmək hüquqlarının pozulması barədə dəfələrlə bizə müraciət edən yüzlərlə insan çalışır. Bu əmək adamları həmkarlar ittifaqlarının onlara verə biləcəyi real üstünlüklərdən məhrum olmuşlar.

AHİK sədri deyib ki, respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən genişmiqyaslı islahatlar həyata keçirilir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar, layiqli əmək şəraiti əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hökumətlə, işəgötürənlərlə konstruktiv dialoq qurmağa nail olmuş, sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr vermişdir. Hazırda sivil sosial tərəfdaşlıq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya çərçivəsində inkişaf etdirilməkdədir.

Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı, bu baxımdan irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır. Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti addımdır. Beynəlxalq əmək normalarının, əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi Ölkə Proqramının prioritetlərini təşkil edir.

“Əməyin gələcəyi” təşəbbüsü ilk növbədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə olundu. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün milli prioritetlər əsasında 4 mövzu müəyyənləşdirildi: “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu”. Aidiyyəti dövlət qurumlarının, sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək sferasının gələcək perspektivləri ətrafında müzakirələr aparıldı.

  1. S. Möhbalıyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Pespublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda dövlət büdcəsinin artan imkanları sosial problemlərin həllinə yönəldilib. İqtisadi liberallaşmanı sürətləndirən, siyasi plüralizmi genişləndirən və bütöv-lükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq idi:»

Statistikaya nəzər yetirsək görərik ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb. Bu dövr ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

(ardı var)

Tahir Abbaslı

0.22550010681152