UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda işini davam etdirir

Multikulturalizmin qarşıya qoyduğu məqsəd,  hər bir xalqın və etnik qrupun mədəni irsini qorumaq və inkişaf etdirməkdir

Multikulturalizm anlayışını mədəniyyətlərin çoxluğu, çox sayda mədəniyyətlərin bir arada qorunaraq inkişaf etdirilməsi kimi də başa düşmək olar. Məsələn, Azərbaycanda 30-dan çox azsaylı xalqın və etnik qrupun nümayəndələri yüz illərdir ki, eyni bir məkanı bölüşürlər. Bununla belə, həmin qrupların hər birinin özünəməxsus adət-ənənələri, mədəniyyətləri, ədəbiyyatı var ki, bu da bütövlükdə Azərbaycan mədəniyyətini təşkil edərək, onu daha da zənginləşdirir. Multikulturalizmin qarşıya qoyduğu əsas məqsəd, hər hansı bir dövlətin ərazisində məskunlaşmalarından asılı olmayaraq, hər bir xalqın və etnik qrupun mədəni irsini qorumaq və inkişaf etdirməkdir. Bunun üçün də ilk növbədə həmin xalqların mədəni irsinin araşdırılması və tədqiq olunması məsələləri gündəmə gəlir.

Məlumdur ki, Azərbaycan Asiyanın və Avropanın qovuşduğu bir məkanda yerləşməklə, həm də burada müxtəlif mədəniyyətlərin təşəkkül tapmasında böyük rol oynayıb. Bu gün Azərbaycanın bir çox beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi də, məhz buradan qaynaqlanır. Diqqətinizə çatdıraq ki, belə tədbirlərdən biri də iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasıdır. Bu tədbir çərçivəsində iyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində "Dünya irsi. Gənc Peşəkarlar Forumu"nun açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində "Gənc Peşəkarlar Forumu"nun məhz, bu təhsil ocağında keçirilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycanın zəngin mədəni irsi haqqında danışan Gülçöhrə xanım Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə, İçərişəhər və Qobustan qoruğunun UNESCO-nun Dünya irsi siyahısına salınaraq bəşəri status qazandığını da xüsusi qeyd edib.

Professor Gülçöhrə Məmmədova forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın mədəniyyəti, memarlıq abidələri  və multikulturalizm ənənələri ilə  yaxından tanış olmağı tövsiyə edib.

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev öz növbəsində forum iştirakçılarını salamlayaraq qeyd edib ki, Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası artıq öz işini yekunlaşdırıb və belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin əldə etdiyi böyük uğurlardan biridir. Nazir bildirib ki, ölkəmiz bu uğura dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın məqsədyönlü siyasəti sayəsində nail olub. Əbülfəs Qarayev həmçinin diqqətə çatdırıb ki, sessiya üzrə ilk tədbir gənc nəslin dünya mədəni irsinin qorunmasına cəlb olunmasını özündə ehtiva edir: "UNESCO ilə Azərbaycan hökuməti dünya üzrə 800 namizəd arasından 30 nəfəri seçərək bir həftə müddətində onlara Azərbaycan təcrübəsiylə daha yaxından tanış olmaq imkanı yaradıb". Gənclər Forum çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparıblar və Azərbaycanın tarixi məkanlarına səfər edərək, onların qorunma sistemi ilə tanış olublar. Forumun sonunda iştirakçılar öz hesabatlarını təqdim ediblər. Gənclərin gözü ilə Azərbaycanda gedən proseslər haqqında fikirlər səsləndirilib. Azərbaycanın bir çox tarixi yerlərində olan gənclər, ölkəmizdə tarixi abidələrin qorunması sahəsindəki işləri müsbət qiymətləndiriblər.

Mədəniyyət naziri diqqətə çatdırıb ki, Azərbaycanla tanışlıq Dünya İrs Komitəsinin əməkdaşları üçün maraqlı olub və onlar paytaxtın. eləcə də regionların tarixi abidələri ilə yanaşı, həm də respublikamızda mövcud olan multikultural və tolerant mühitlə də yaxından tanış olub və çox məmnun qalıblar.

Azərbaycan-UNESCO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu deyən UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov vurğulayıb ki, ölkəmiz bu təşkilatla dinamik əməkdaşlıq həyata keçirməklə, bir sıra mühüm nailiyyətlər əldə edib və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensiala malikdir.

Natiq daha sonra  Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni abidələrinin talan edildiyini, yaxud da ermənilər tərəfindən mənimsənildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini - Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə forumun proqramı haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, iyulun 2-də keçirilən forumun mövzusu "Dünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar" olub. Bu tədbirin məqsədi XXI əsrdə dünyada mədəni irsin idarə edilməsində mövcud olan problemləri araşdırmaq və  onların həlli imkanlarını üzə çıxarmaqdır. Forumun ilk 4 gündə keçirdiyi tədbirlər Memarlıq və İnşaat Universiteti ilə yanaşı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan qoruğu və tarixi Qəbələ-İsmayıllı-Lahıc bölgəsində gerçəkləşib. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar edilib, dəyirmi masalar keçirilib. İştirakçılar 1972-ci il "Dünya mədəni və təbii irsinin qorunması ilə bağlı Dünya İrs Konvensiyası"na dair praktiki biliklər əldə ediblər. Qonaqlar həmçinin, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olublar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən açılış mərasimindən sonra Mədəniyyət Nazirliyi ilə Universitet arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Günün ikinci yarısında Azərbaycan Respublikası Memarları Elm və Təhsil Komissiyasının üzvü Səbinə Hacıyevanın "Azərbaycan irsinin görünüşü: Şərq və Qərbin harmoniyası", Raymond Lemaire Beynəlxalq Mərkəzinin prezidenti, professor Bayan Minja Yangın "Mədəni irsin qorunması və bərpası" mövzusunda məruzələri dinlənilib. Təşkil olunan dəyirmi masada UNESCO-nun Şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner və başqalarının iştirakı ilə müxtəlif mövzularda müzakirələr aparılıb.

İyulun 4-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən panel iclaslar da maraqlı müzakirələrlə diqqət çəkib.

"Qapaq Nan: Ən yaxşı təcrübələrin bölüşülməsi" mövzusunda keçirilən iclasda əvvəlcə bu irsə aid videoçarx nümayiş olunub.

Tədbirdə qeyd olunub ki, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Qədim And sivilizasiyası dövrünə aid antik yol sistemi olan Qapaq Nan və ya Əsas And Yolu Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador və Perunun ümumbəşəri dəyərə malik ortaq tarixi mədəni irsi hesab olunur. Bu irsin qorunması və idarə olunması istiqamətində altı iştirakçı dövlət birgə işlər görür.

UNESCO-nun Baş direktorunun müavini Ernesto Ottone Ramirez 2014-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilən bu mədəni irs barədə məlumat verərək bildirib ki, bu yol bir vaxtlar Cənubi Amerikada nəqliyyat, ticarət və müdafiə xarakteri daşıyıb. Bu layihə mədəni irs nümunələrinin mühafizəsi üçün beynəlxalq əməkdaşlığın aparılması baxımından ən yaxşı nümunədir.

Növbəti panel iclası təbii dünya irs nümunələrinə həsr olunub. İclasda qlobal əhəmiyyətli mədəni irs nümunələrinin regional dəyərləndirilməsi, təbii dünya irs mülkiyyətlərinin ölkələrin beynəlxalq sərhədləri boyunca yerləşməsi ilə bağlı müzakirələr aparılıb. Məruzəçi Hindistan, Pakistan, Çin sərhədləri boyunca uzanan təbii irs mülkiyyətlərinin çoxunun milli parklar təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 Almaniyanın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən "Dünya İrsi Mərkəzi barədə məlumatın yayılması: İnformasiya və ziyarət yerləri" mövzusuna həsr olunmuş panel iclasda tarixi və mədəni irs abidələrinə ziyarətçilərin daha çox cəlb olunmasına dair fikirlər səsləndirilib və mədəni irs nümunələri barədə məlumatların yayılması ilə bağlı informasiya mərkəzlərinin təcrübəsi müzakirə olunub.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı Konqres Mərkəzində keçirilən panel iclaslarında da maraqlı mövzular müzakirə olunub.

Türkiyədə turizm və infrastrukturun inkişafından söz açılan "İclasda mədəni irsin təsirinin qiymətləndirilməsinə yenidən baxılması: İstanbul təcrübəsi" mövzusunda keçirilən paralel iclasda yeni tikililərin, eləcə də urbanizasiya prosesinin ümumbəşəri dəyərlərə malik tarixi abidələrə mənfi təsiri barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler sessiyada təşkil edilən paralel iclasların maddi və mədəni irsin qorunmasına mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Onu da qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları cari ilin aprelində İstanbulda mədəni irs abidələrinin qiymətləndirilməsinə həsr olunan seminarda irəli sürülən təklifləri Bakı sessiyasinda yenidən nəzərdən keçirərək müzakirə ediblər.

Türkiyənin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Əhməd Altay Cengizer plenar iclasda İstanbuldakı qədim tarixi abidələrlə bağlı məlumat verib və ölkəmizdə tarixi mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açıb.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının

Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11200308799744