Problemlərin mənbəyi məmurdur

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

 Azərbaycan güclü iqtisadiyyata və qətiyyətli Prezidentə malik olsa da, ölkəmiz yenə də problemlərlə qarşılaşır. Cəmiyyəti addımbaaddım təqib edən bu problemlərin nədən yarandığı üzərində düşünərkən, onun çox çətin, ortadan qaldırılması asan olmayan iki mənbəyi ilə üzləşirik: - məmurlar və ölkəmizin məhv olmasına yorulmadan, ardıcıl cəhd göstərən ermənipərəst qüvvələr...

Göründüyü kimi, ölkəmizin həll edilməsi asan olmayan bu iki problemini çözmək heç də sadə məsələ deyil. Görün, bu problemləri həll etmək üçün ölkə Prezidentinin üzərinə nə qədər çətin və ağır yük düşür. Yükün çətinliyi hər şeydən əvvəl, onunla bağlıdır ki, ölkənin idarə olunmasına cəlb olunmuş məmurların əksər hissəsi hələ də vətənpərvərlikdən, normal rəhbərlik düşüncəsindən çox uzaqdır. Deməli, bu zümrənin ya yenidən tərbiyə olunmasına - bunun nə qədər çətin proses olduğu hər kəsə bəllidir - ya da başqaları ilə, yəni vəzifəni varlanmaq  deyil, vətənə xidmət vasitəsi hesab edən vətənpərvər insanlarla əvəz olunmasına nail olmaqdır ki, bu da özlüyündə asan  məsələ deyil. Əgər ölkədə vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə, qovulmuş məmurların sırasına diqqət yetirsək, onların minlərlə olduğunu görəcəyik. Ölkədə bu prosesin hələ də davam etdiyini nəzərə alsaq, ölkəmizin bundan sonra da nə qədər böyük problemlərlə üzləşəcəyini və bu problemlərin köklü həll edilməsi üçün yeni nəsil kadrların yetişdirilməsinə ciddi ehtiyac olduğunun zərurətə çevrildiyini etiraf edəcəyik.

Bəli, yeni dövrdə idarəetmədə yeni tələblərə cavab verən, müasir kadrlara çox möhtacıq. Ona görə də ölkə Prezidenti gənc kadrların idarəetməyə cəlb edilməsinə böyük əhəmiyyət verir. Düzdür, yeni təyin olunan kadrlar arasında göstərilən etimadı doğruldan kadrlar azdır. Amma hər halda, yeni təyin olunanlar arasında sağlam, rüşvət yığmaq təfəkküründən uzaq olan kadrlar da var. Lakin bunların sayı çox azdır. Məsələn, rüşvətxorluq səviyyəsinə görə müqaisə etdikdə, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə bir ildən bir qədər çox müddətdir təyin olunmuş Sahil Babayev sabiq nazir Səlim Müslümovdan nəinki geri qalmır, hətta onu bir neçə dəfə üstələyir. Dediklərim konkret faktlara söykənir və heç bir qərəzdan söhbət belə, gedə bilməz. Təkcə nazirin müxtəlif səbəblər üzündən əhalinin məşğulluğu üçün ayrılmış milyonlarla dövlət vəsaitinin işbazlar tərəfindən talan edilməsinə şərait yaratması faktı olduqca dözülməz haldır. Yalnız bir sahədə törədilmiş mənimsə halından bəhs edirik və hələ nazirliyin digər sahələrində törədilən  cinayət tərkibli əməllərindən danışmırıq!

Yaxud götürək, yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu. Qısa müddətdə nazir haqqında cəmiyyətdə çox mənfi rəy formalaşıb. Bu rəy əsasən, ölkəmizin kənd təsərrüfatı sahəsində məşğul olan fermerlər arasında aparılmış fikir mübadiləsi nəticəsində yaranıb. Fermerlər açıq şəkildə qeyd edir ki, ölkədə kənd təsərrüfatı sahəsində mövcud olan problemlərin böyük əksəriyyəti Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlıdır. ictimaiyyətdən nazir İnam Kərimova gələn sual isə belədir: cənab nazir, əvəz etdiyiniz, rüşvətxor nazir kimi vəzifədən qovulmuş Heydər Babayevdən fərqiniz nədir? Nazir hələ də susur, suala cavab verə bilmir və ictimaiyyət suala özü cavab tapır: Kənd təsərrüfatı naziri İnam Kərimovun heç bir müsbət keyfiyyətindən bəhs etmək mümkün deyil, əksinə, nazirin ölkənin kənd təsərrüfatını iflic edən kifayət qədər zərərli və təhlükəli əməlləri var. Başqa sözlə, ölkənin kənd təsərrüfatının inkişafına büdcədən ayrılan dövlət vəsaitinin çox hissəsini təyinatı üzrə xərclədiyinə görə, Heydər Babayev ölkə üçün daha faydalı nazir sayıla bilər!..

Gətirdiyim hər iki nazir nümunəsi göstərir ki, hazırda kadrların seçilməsi sahəsində rüşvətxorluq mühitinin təsirini aradan qaldırmaq və sağlam kadr problemini həll etmək heç də asan məsələ deyil!..

Bu gün Azərbaycanın beynəlxalq arenada ən çox tənqid olunduğu sahə məhz, ölkədə rüşvətxorluqa və korrupsiyaya qarşı mübarizənin zəif aparılmasıdır. Hazırda ölkə vətəndaşlarının da narazılıq etdiyi məsələlərin sırasında rüşvətxorluq öndədir.

Dünyada rüşvətxorluğun tüğyan etdiyi ölkələrdə, adətən, hər cür ağır cinayətlərin baş verməsi, haqlı olaraq, labüd sayılır. Ölkəmizdə baş vermiş ağır cinayətlərin səbəblərini diqqətlə araşdıranda da cinayətin kökündə rüşvət amilinin çoxluq təşkil etdiyi aydın görünür. Buna görə də ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyətində rüşvətxorluğa qarşı mübarizə tədbirləri daim ön cərgədə dayanır. Əgər ölkədəki hazırkı durumla bir neçə il bundan öncəki vəziyyəti müqayisəli şəkildə təhlil etsək, heç şübhəsiz ki,  rüşvətxorluq səviyyəsinin xeyli aşağı düşməsini fərq edərik. Bu, hər şeydən öncə, ölkə Prezidentinin rüşvətxorluğa qarşı apardığı ardıcıl, sistemli mübarizənin nəticəsidir. Ölkəmizdə rüşvətxorluğa qarşı aydın hiss edilən mübarizə meyllərinin inkişafı ilə yanaşı, bir sıra sahələrdə rüşvətxorluq hallarının hələ də tuğyan etməsi vətəndaşlar tərəfindən etirazla qarşılanır. Ekspertlər ölkədə rüşvətxorluğun  geniş yayılmasını ilk növbədə rəhbər vəzifələrə kadr təyinatı meyarının hələ də müəyyən olunmaması ilə bağlı olduğunu iddia edirlər. Məsələn, bütün yüksək vəzifələrə kadr təyin etmək səlahiyyəti ölkə Konstitusiyasına əsasən, cənab Prezidentə məxsus olsa da, təyyinata qədərki seçim mərhələsində şəffaflığının təmin olunmaması təyinatların şübhə altına alınmasını dərinləşdirir və bu seçimlərin rüşvət, qohumluq, yerliçilik əlamətlərinə görə, aparılması xalqda qıcıq yaradır. Ayrı ayrı kreslo sahiblərinin merkantal siyasətinin yaratdığı eybəcərliklər isə bütövlikdə  hakimyyətin ayağına yazılır. Üstəlik, vəzifəyə təyin olunanların rüşvətxorluğa dərhal girişməsi kadr təyinatlarının rüşvətxorluq əsasında verilməsi şübhəsini gücləndirir. Hər kəs bilir ki, kadrların sənədlərini prezidentin masası üzərinə qoyan şəxslər, adətən, özlərinə sərfəli kadrların bir neçəsinin işlərini təqdim edirlər. Cənab Prezident lap bir yerə 10 nəfər kadr istəsə də belə, təbii olaraq sənədləri hazırlayıb, təqdim edən şəxslər kadrların seçimində öz maraqlarını güdərək mütləq rüşvət, qohumluq, yerliçilik prinsiplərindən birinə üstünlük verirlər! Bu isə, problemi həll etmir, əksinə, dövlətçiliyə təhlükə bir qədər də dərinləşir və sonda hakimiyyət çətinə düşür!..

Apardığımız bu qısa araşdırma da ölkədə mövcud olan əksər problemlərin mənbəyində rüşvət faktoru olmasını bir daha təsdiq edir. Son nəticə budur ki, nə qədər ki, ölkədə rüşvətxorluq qalacaq, Azərbaycanın daxili və xarici problemləri azalmayacaq, əksinə, getdikcə problemlər üzərinə əlavə problemlər yığılacaq və ölkənin taleyinə həlledici zərbə vuracaq!

Cənab məmurlar, əgər Azərbaycanın dövlət kimi yaşamasını, millətimizin dövlətçilik arzularının puç olmamasını, övladlarınızın yad ölkələrdə vətənsiz, qaçqın kimi yaşamasını istəmirsinizsə, rüşvətxorluqdan əl çəkmək barədə ciddi düşünün, yoxsa sonrakı peşmançılıq fayda verməyəcək və gec olacaq...

0.33547496795654