“Xalq Bank”dan beynəlxalq ticarətin əlverişli maliyyələşdirilməsi - FOTO

 

 

Təkcə kökündə olan “kredit” hissəsindən anlamaq olar ki, “Akkreditiv” bank sahəsinə aid olan bir məhsuldur. Amma nəinki sıravi istehlakçılar, heç maliyyə sahəsində çalışan mütəxəssislər belə akkreditiv haqda hər kəs üçün anlaşılan tərzdə məlumat verə bilmirlər. Baxmayaraq ki, ölkədə fəaliyyət göstərən bütün bankların arsenalında bu məhsul var.

Bank saytlarına nəzər yetirdikdə, akkreditiv bir-iki quru cümlə ilə ifadə olunur. Axı nədir bu akkreditiv? Kimə lazımdır? Ondan necə istifadə edirlər?

Akkreditiv olduqca vacib və əlverişli məhsuldur. Təsadüfi deyil ki, akkreditiv haqqında ən “ədalətli bank məhsulu” reputasiyası formalaşıb. Məhz akkreditiv əməliyyatda iştirak edən bütün tərəflərin maraqlarını təmin edir. Alıcı satıcının öhdəliklərinin tam olaraq yerinə yetirməsi, satıcı hesablaşmaların təhlükəsizliyi və ödəniş zəmanətindən arxayındır, bank isə komissiya və faiz gəlirləri hesabına qazanır. Beləliklə, hamı məmnundur! Düzgün yanaşdıqda akkreditiv idxal və ixrac əməliyyatları zamanı ən rahat və əlverişli bank məhsuludur.

Akkreditiv haqda “Vikipediya”dan yox, necə deyərlər, birinci əldən daha ətraflı və dolğun məlumat almaq üçün ölkənin ən böyük özəl banklarından biri - “Xalq Bank”ın İdarə Heyətinin üzvü, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimova müraciət etdik.



Qeyd edək ki, İbrahimov Nazim Aydın oğlu Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin məzunudur. Bundan əlavə, o, Oksford Universitenin Said Biznes məktəbinin Strateji maliyyə üzrə EMBA kursunu keçib. Bank sahəsində 15 ildən artıq iş təcrübəsi var.

- Nazim bəy, beynəlxalq ticarət və beynəlxalq ticarətin bankla təmas nöqtələri haqqında danışmaq istərdik.

- Beynəlxalq ticarət xarici iqtisadi münasibətlərin ən oturuşmuş və inkişaf etmiş formalarından biridir. Hazırda dünya dövlətləri arasında bütün iqtisadi münasibətlərin 85 faizi beynəlxalq ticarətin üzərinə düşür və hər bir iş adamı bu nəhəng sistemdən öz payını götürmək istəyir. Təbii ki, bankların iştirakı olmadan bu proseslərin həyata keçməsi müşkül olar. Növündən asılı olmayaraq bütün ticari əməliyyatlar banklar vasitəsilə xidmət olunur.

- Əsasən hansı ödəniş növündən istifadə olunur?

- Beynəlxalq ticarətdə ən geniş istifadə olunan hesablaşma növləri avans ödənişi və açıq hesab üzrə ödənişdir. Avans ödənişi malın dəyərini onun çatdırılmasından əvvəl satıcıya ödənilməsini nəzərdə tutur. Bu ödəniş növü satıcı üçün son dərəcə əlverişli olduğu qədər, alıcı üçün risklidir. Bu halda alıcı artıq dəyərini ödədiyi malı almamaq təhlükəsi ilə qarşılaşır. Yaxud malın keyfiyyət və kəmiyyətinin uyğun gəlməmə riskləri var.

Digər üsul isə açıq hesabla ödənişdir, onu fakt üzrə ödəniş də adlandırırlar - bu, malın alıcıya çatdırılmasından sonra ödənişin yerinə yetirilməsini nəzərdə tutur. Bu cür əməliyyat zamanı alıcı üstün vəziyyətdədir - o, öncədən vəsait ödəmir və mal çatdırıldıqdan sonra, fakt üzrə, ödənişi həyata keçirir. Açıq hesab satıcı üçün müəyyən risklər yaradır. Sadaladığım bu ödəniş formaları üstünlüyü və riskləri tərəflər arasında qeyri-bərabər bölür.

Burada faktiki olaraq bir tərəf digər tərəfi kreditləşdirir. Avans ödəniş zamanı alıcı satıcını, açıq hesab üzrə ödəniş zamanı satıcı alıcını kreditləşdirir. Belə şərtlər tərəflər arasında möhkəm etimad və böyük maliyyə resursları nəzərdə tutur.

- Bəs iş adamının elə əlaqələri və maliyyəsi yoxdursa, tərəflərin maraqlarını bərabər şəkildə təmin edən maliyyə aləti varmı?

- Qloballaşan dünyada biznes prosesləri sürətlənir, hər gün minlərlə yeni şirkətlər və məhsullar yaranır. Belə şəraitdə tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması, vaxt itkisi və biznes risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyi kimi amillər son dərəcə vacibdir.

Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün banklar iş adamlarına müxtəlif müasir, çevik və təhlükəsiz sənədli əməliyyatlar təklif edir. Bu məhsullar arasında ən geniş istifadə olunan məhsul akkreditivdir.

- Nazim bəy, akkreditivi bir cümlə ilə ifadə edin.

- Akkreditiv - beynəlxalq ticarətdə alıcı və satıcının risklərini minimallaşdıran ən təhlükəsiz, rahat və əlverişli hesablaşma formasıdır.

- Bəs mexanizm olaraq real həyatda akkreditiv necə işləyir?

- Fərz edək ki, bir Azərbaycandan olan iş adamı Çindən, Türkiyədən, Rusiyadan və yaxud istənilən digər ölkədən xammal, avadanlıq, tikinti materialı - fərq etməz - hər hansı məhsulu alıb Azərbaycana gətirmək istəyir.

O, gərək alacağı malın tam dəyərini, ən yaxşı halda isə məbləğin 50-70 faizini avans şəklində ödəsin ki, xaricdəki fabrika sifarişi yerinə yetirməyə başlasın. Bu halda sahibkar ona hər an lazım ola bilən, qızıldan da qiymətli vəsaiti dövriyyəsindən çıxarıb, deyək ki, Çinə göndərməlidir. Ona kim zəmanət verir ki, bu bir-neçə ay ərzində hər hansı problem yaranmayacaq: zavod bağlanmayacaq, sifariş gəlib Bakıya çatacaq, məhsulun sayı, keyfiyyəti yerində olacaq?

Təbii ki, bu problemlərin çözümü var, amma məhkəmə çəkişmələri aylarla, illərlə davam edir - vaxt itkisi isə pul itkisidir. Eyni problemlə də satıcı qarşılaşa bilər, deyək ki, sifarişin dəyərinin müəyyən hissəsini aldı, malı göndərdi - ödəmə baş tutmadı, yəni ticarətdə bu cür risklər həmişə var. Akkreditivin unikallığı ondadır ki, bütün bu və digər riskləri sıfıra endirir.

- Bu, nəyin hesabına baş verir?

- Sahibkar banka müraciət edib akkreditiv açır. Lazım olan vəsaiti banka yerləşdirir, bank ödənişə zəmanət verir və bu haqda icraçının bankını məlumatlandırır. Bu zaman satıcı tam rahat sifariş üzrə işə başlayır. Malı təyinat ünvanına göndərir. Alıcı sifariş etdiyi malı aldıqdan sonra akkreditiv üzrə bütün öhdəliklərin tam olaraq yerinə yetirildiyini təsdiq edən sənədləri öz bankına təqdim edir və yalnız bundan sonra bank vəsaiti satıcının bankına köçürür.

Akkreditivin bir çox üstünlükləri var: 1) ilk növbədə akkreditiv digər kredit məhsulları ilə müqayisədə ucuz maliyyə resursudur; 2) tərəflərin riskləri minimallaşır - malın çatdırılmaması, ödənişin həyata keçirilməməsi təhlükəsi sıfıra endirilir; 3) banklar akkreditivin ödəmə şərtlərinin yerinə yetirilməsinə ciddi nəzarət edir və akkreditivin şərtlərinin pozulduğu halda bank ödənişi həyata keçirmir; 4) banklar hesablaşma növü akkreditiv olan əqdlərin qanuniliyinə zəmanət verirlər, çünki bankın peşəkar mütəxəssisləri müqavilənin tərtib edilməsi zamanı müştəriyə konsaltinq xidməti göstərirlər; 5) akkreditiv beynəlxalq qaydalarla tənzimlənir və sahibkarın müxtəlif ölkələrin qanunvericiliyinə baş vurması, məcəllələrlə tanış olması və beynəlxalq standartları mənimsəməsinə lüzum qalmır.

Bütün sadalananlar akkreditivi təhlükəsiz, rahat və əlverişli alət edir - nəticədə həm alıcı razı qalır, həm də satıcı.

- Belə təhlükəsiz, rahat və əlverişli məhsulun qiyməti yəqin ucuz olmaz.

- Əksinə, akkreditiv digər bank məhsulları ilə müqayisədə ucuzdur. Adətən, orta akkreditivin xidmət xərcləri komissiyalar daxil ümumi məbləğin 1-1,5 faizini aşmır. Gəlin fərz edək ki, akkreditiv yoxdur, haqqında danışdığımız sahibkar nə edəcəkdi? O məcburdur avans ödəsin, bunun üçün dövriyyədən vəsait çıxarsın. Vəsait çatmırsa, kredit üçün banka müraciət etməyə
məcburdur. Sizcə, bu kredit sahibkara neçəyə başa gələcək?

- Hər halda illik 15-17 faizdən aşağı olmaz...

- O, orta hesabla illik 12-15 faizlə biznes krediti alsa belə, o sifarişinin yerinə yetirildiyi müddət boyunca kredit üzrə ödəniş aparmalıdır. Sifarişin yerinə yetirilməsi aylar çəkir. Sahibkar isə aldığı krediti qaytarmalıdır. Deməli, kredit akkreditivə heç cür alternativ ola bilməz, çünki xərclər heç müqayisəyə gəlmir.

- Belə çıxır ki, akkreditivin heç bir mənfi cəhəti yoxdur?

- Var. Sifarişin yerinə yetirilməsi bir neçə ay, bəzən yarım il, hətta bir il çəkə bilər. Amma idxalçı müqavilənin dəyərini təşkil edən vəsaiti dövriyyədən çıxarıb akkreditiv açmalıdır. Akkreditivin müddəti ərzində bu vəsait hesabda qalır və sahibkar ondan öz biznesi üçün istifadə edə bilmir. Lakin “Xalq Bank” bu problemin də rahat həllini təklif edir...

- Maraqlıdır.

- Maraqlıdır, həm də əlverişlidir. “Xalq Bank” sahibkara akkreditiv üzrə ödənişi həyata keçirmək üçün sərfəli şərtlərlə kredit təklif edir. Müştəri akkreditiv və akkreditiv təyinatlı kredit xətti üçün müraciət edir, “Xalq Bank” satıcının xeyrinə akkreditiv açır. Mallar göndərilir və “Xalq Bank” satıcıya ödəniş aparır və yalnız bu vaxt kredit xətti işə düşür. Bərpa olunan kredit xətti maksimum əlverişli şərtlərlə - manatla illik 8 faiz, ABŞ dolları ilə 4 faizlə təqdim edilir.

- Yəni sahibkar akkreditiv üzrə hesablaşmanı kreditlə bağlayır?

- Bəli, o, aldığı kredit hesabına akkreditivi bağlayır və hesablaşmadan sonrakı aylar ərzində krediti ödəyir. Nəticədə sahibkar eyni zamanda həm ucuz maliyyə resursları əldə edir, həm də akkreditivin yaratdığı digər üstünlüklərdən faydalanır.

- Bu məhsul həqiqətənmi sahibkar üçün danışdığınız qədər əlverişlidir?

- Baxın, bizim kreditimiz məhz akkreditivin ödənilməsinə yönəlik məhsuldur. Kredit üzrə ödənişlər nə zaman başlayır? Akkreditiv üzrə ödəniş zamanı. Akkreditiv üzrə ödəniş nə zaman həyata keçirilir? Alınan mal alıcıya göndərildikdən sonra. Beləliklə, alıcı malı alır - malın keyfiyyəti, sayı, vəziyyəti müqavilənin şərtlərinə uyğundursa, satıcının pulu ödənilir. Və bu ödəniş alıcının dövriyyədən çıxardığı vəsait hesabına deyil, bankın təqdim etdiyi kredit xətti hesabına baş verir. Bu andan kredit mexanizmi işə düşür. Artıq malı öz ixtiyarında olan sahibkar qısa vaxt ərzində malını satıb krediti rahat bağlayır. Sonda kredit üzrə faiz ödəmələri alınan kreditin valyutasından asılı olaraq 1,5-3 faizi ötmür.

“Xalq Bank”ın akkreditiv təyinatlı kredit məhsulu həqiqətən də olduqca cazibədar görünür, doğrusu, bu şərtlər bizim üçün gözlənilməz oldu. Nəhayət ki, dövlətimizin son zamanlar həyata keçirdiyi qətiyyətli islahatlara kommersiya bankları tərəfindən dəstək gəldi və ölkəmizdə ilk növbədə sahibkarın maraqlarına xidmət edən, həqiqi mənada ticarətin maliyyələşdirilməsinə yönəlik bank məhsulları meydana gəlir.

Əminik ki, bu cür məhsullar ölkə iqtisadiyyatına təkan verəcək və vətəndaşlarımızın rifahına müsbət təsir göstərəcək.

Sahibkarların bu məhsulu təcrübədə sınayacağına və təəssüratları ilə oxucularımızla bölüşəcəyinə ümid edirik.

0.12920689582825