UNESCO-nun qərarı Azərbaycana turist axınını artıracaq – Ekspert şərhi

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox mühüm qərardı.

Media.Az - ın məlumatına görə, bu barədə azərbaycanlı və rus ekspertlər yekdilliklə fikir bildiriblər.

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitununun aparıcı elmi işçisi İlqar Niftəliyev Media.Az-a verdiyi açıqlamada bildirib ki, Şəki Xan Sarayı XVIII əsrə aid tarixi abidədir. Saray Hüseyn xanın göstərişi ilə inşa olunub: “İmarətin əsas xüsusiyyəti isə arxitekturasının unikallığındadır. Hər şeydən əvvəl şəbəkədən – şəffaf və müxtəlif rəngli şüşə mozaikalardan istifadə olunduğunu qeyd etməliyik. Bu abidənin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından çox əhəmiyyətli rol oynayacaq”.

Tarixçi alim həmçinin qeyd edib ki, bu hadisənin Komitənin Bakıdakı sessiyası zamanı baş verməsi də mühüm amildir: “Aydın məsələdir ki, bu, ölkə başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məqsədyönlü fəaliyyətinin bir göstəricisidir. Son illərdə Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Qobustan abidələrinin, Azərbaycan xalçasının mədəni irs siyahısına daxil edilməsi kimi nailiyyətlər də qeyd olunmalıdır. Bütün bunlar mədəniyyətimizi təbliğ etmək üçün Azərbaycan dövlətinin apardığı dəqiq siyasətin isbatıdır”.

İlqar Niftəliyev onu da bildirib ki, UNESCO-nun qərarı turistləri də ölkəmizə cəlb edəcək: “Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Şəhər ətrafında yalnız müsəlmanlara aid abidələr yer almır. Şəkidən 5 km məsafədə yerləşən Kiş kəndində XII əsrə aid xristian məbədi var. Azərbaycan ərazisindəki ən qədim kilsələrdən biri kimi ziyarətçilərin diqqətini çəkə bilər. Təbii ki, şəhərin özü, gözəl təbiəti, maraqlı arxitekturası da turizmin inkişafına töhfə verir”.

Rusiyalı məşhur şərqşünas Said Qafurov da Media.Az-ın suallarını cavablandırarkən UESCO-nun qərarının çox vacib hadisə olduğunu qeyd edib: “Bu, Şəki Xan Sarayının mədəni və tarixi abidə kimi tanınmasının sübutudur. Əlbəttə ki, belə təbliğat şəhərə turist axınını gücləndirəcək. Ən nəhayətində isə bu qərar qürurverici haldır”.

Bundan başqa S.Qafurov onu da qeyd edib ki, bu abidənin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi həm də onun qorunmasının əlavə təminatıdır, artıq Sarayı heç kim “müasirləşdirə” bilməyəcək: “Xan Sarayının ətrafında əlavə bina inşa oluna bilməz, UNESCO ilə razılaşdırılmadan ərazinin landşaftının dəyişdirilməsinə icazə verilmir və s.”.

Şərqşünas alim xüsusi bir faktı da qeyd etdi ki, ölkə rəhbərliyinin Azərbaycan memarlıq abidələrinin Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində məqsədyönlü iş aparması gələcəyə hesablanmış addımdır: “Axı turist axını birdən-birə artmayacaq, bu, həm də perspektiv üçün nəzərdə tutulub”.

0.34641599655151