Ermənilərin İrəvanda məhv etdiyi sarayın unikal eksponatları Bakıda - REPORTAJ

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi davam edir.

Sərgidə 300-dək eksponat nümayiş etdirilir. 

Bu eksponatlar arasında Qacarlar sülaləsi dövründə yaradılan və toplanan Azərbaycan incəsənəti nümunələri, İrəvan xanlarının sarayı və ya Sərdar sarayından yadigar qalan məişət əşyaları və rəsm əsərləri kolleksiyası, həmçinin rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər var.

Qacarlar dövrünə aid incəsənət nümünələrindən bəhs edərkən, yağlı boya ilə çəkilmiş rəsm əsərlərini, miniatürləri, keramika və metal məmulatlarını, xalçaları, eyni zamanda, Fətəli şahın portretini xüsusi qeyd etmək lazımdır.

Bundan başqa, Azərbaycan dəzgah rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinin inkişafına böyük töhfə vermiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin 19-cu əsrə aid altı əsəri sərgilənir. Ermənilər tərəfindən məhv edilmiş Sərdar sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub.

Ümumiyyətlə, bütün eksponatlara baxdıqca, milli geyim və əşyalarla, mebel nümunələri, müxtəlif təyinatlı qablar və o dövrün həyat və məişət mənzərəsini əks etdirən digər maddi-mədəniyyət nümunələri ilə tanış olduqca Azərbaycan xalqının indiki Ermənistan və Gürcüstan ərazisi də daxil olmaqla, böyük bir regiona, bölgənin mədəniyyətinə güclü təsirini daha aydın təsəvvür etmək olur.

“Tarixin şah əsərləri” sərgisində 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, müharibədən sonra isə Tiflisdə fotoqraflıqla məşğul olmuş, Qafqaz bölgəsinə səyahətləri sayəsində həmin dövrün görüntülərinin bu günümüzə gəlib çıxmasına səbəbkar olan Dmitri Yermakovun fotoları da böyük maraq cəlb edir.

Rus fotoqrafın ərsəyə gətirdiyi işlər əsr yarım bundan əvvəlki dövrü xəyalımızda canlandırmaqda müstəsna rol oynayır.

Tarixi adətən kitablardan öyrənirik. Lakin Heydər Əliyev Mərkəzində təşkil edilən bu sərgi tariximizin bir hissəsi ilə əyani tanış olmağa imkan verir.

Adıçəkilən unikal nümunələr oktyabrın 6-dək sərgilənəcək.

Baku TV-nin əməkdaşları unikal eksponatların nümayiş etdirildiyi sərgidən reportaj hazırlayıb:

Billurə Mikayıllı, Orxan Hüseynzadə

0.10539698600769