Multikulturalizmin Azərbaycan modelinə bütün dünyada maraq artıb

Multikulturalizm mədəni və dini mənsubiyyətləri fərqli olan xalqların bir ölkə daxilində sülh şəraitində yaşamasıdır

Dünya miqyasında multikulturalizmin siyasi, eləcə də milli və dini aspektlərini araşdıran bir çox ekspertləri maraqlandıran əsas məsələ, son 15-20 ildə Azərbaycanın bu sahədə qazandığı uğurlardır. Qloballaşan dünyamızın əsas söz sahibi olduqlarını iddia edən bəzi dövlətlərin multikulturalizmin iflasa uğraması kimi iddiaları qarşılığında, Azərbaycanda mövcud olan multikultural mühit sözün həqiqi mənasında çoxlarına təəccüblü gəlir.

Əslində, burada təəccüblü heç nə yoxdur. Multikulturalizm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurlda davam etdirilən, ölkəmizin davamlı və dayanıqlı inkişafını və siyasi stabilliyini təmin edən əsas amillərdən biridir. Bu siyasi kursun davam etdirilməsi, ölkəmizdə dövlət-din məsələlərinin tənzimlənməsi, eləcə də respublikamızda mövcud olan multikulturalizm və tolerantlıq mühitinin dünyada təbliği məqsədiylə 2014-cü ildə ölkəmizdə həyata keçirilən Azərbaycançılıq ideologiyasına uyğun olaraq mədəni, dini, linqvistik müxtəlifliyin müdafiəsi üçün Prezident İlham Əliyevin fərmanı ilə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu yaxınlarda mərkəzin yaradılmasının beş illiyi qeyd olunub.

 Beş illik fəaliyyəti dövründə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanı bütün beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təmsil etməklə, bir çox beynəlxalq təşkilatlarla geniş əlaqələr yaratmağa və əməkdaşlığa müvəffəq olub ki, bu missiyanı indi də uğurla davam etdirir. Elə bu səbəbdən də BBMM haqlı olaraq Azərbaycan Respublikasının dünyadakı vizit kartlarından biri hesab edilir. Mərkəzin fəaliyyəti Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib.

Məlumdur ki, multikulturalizm ictimai və siyasi fəaliyyət olmaqla yanaşı, Azərbaycan təcrübəsinə peşəkar şəkildə inteqrasiyası tələb olunan hüquqi sənədlər, qanunlar, dövlət proqramları, BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdən ibarət nəhəng hüquqi bazadır. Çünki multikulturalizm siyasətinin özü də hüquqi və qanuni bazaya əsaslanmalıdır.

Bununla belə, multikulturalizmə bir neçə nöqteyi-nəzərdən yanaşmaq olar. Məlumdur ki, bu termin elmə keçən əsrin 60-cı illərində liberalizm nəzəriyyəçiləri tərəfindən gətirilib və ilk olaraq Kanadada və Avropanın bəzi ölkələrində qəbul edilib. Bu gün dünyada mədəni və dini mənsubiyyətləri ilə bir-birindən fərqlənən 2000-dən çox xalq yaşayır. Eyni zamanda BMT üzvü olan ölkələrin sayı heç 200-ə çatmır. Bu da onu deməyə əsas verir ki, müasir dünyamızda mono-etnik dövlətin mövcudluğu mümkün deyil və xalqlar bir ölkə daxilində birgə yaşamağa məhkumdurlar. Bu baxımdan multikulturalizm mədəni və dini mənsubiyyəti fərqli olan xalqların bir ölkə daxilində sülh şəraitində yaşamasını özündə ehtiva edir.

Dövlətin tolerant münasibət göstərməklə kifayətlənməyib fərqli mədəni və dini mənsubiyyəti olan qrupların mövcudluğunu qəbul etməsini multikulturalizm adlandırmaq mümkün olsa da, burada söhbət orta səviyyəli multikulturalizmdən gedir. Güclü multikulturalizm isə nəinki həmin dinlərin və mədəniyyətlərin bərabər hüquqlu mövcudluğunu və inkişafını qəbul edir, həm də dövlət tərəfindən davamlı və dayanıqlı şəkildə onlara maliyyə, hüquqi və mənəvi yardım göstərilməsini nəzərdə tutur. Bu baxımdan Azərbaycanda məhz güclü multikulturalizm modelinin tətbiq edildiyini deyə bilərik. Çünki həm Prezident, həm də dövlət ölkədə çoxmədəniyyətliliyin və çoxkonfessiyalığın qorunmasında maraqlıdır. Ölkə əhalisinin 96 faizi islam dininə ibadət etsə də, Azərbaycan islam dövləti deyil.Biz demokratik dünyəvi dövlət quruculuğu sisteminin inkişafına üstünlük veririk. Ölkəmizdə yaşayan bütün müsəlman, xristian və yəhudi təşkilatları eyni hüquqlara sahibdirlər və dövlət onlara eyni səviyyədə yardımı göstərir.  Azərbaycanda dövlət məscidlərlə yanaşı, həm də sinaqoqların, kilsələrin təmir və tikintisinə vəsait ayırır. Dünyanın heç bir ölkəsində rast gəlinməyən bu təcrübə, Azərbaycan dövlətinin bütün dinlərə və məzhəblərə verdiyi dəstəyin eyni səviyyədə olduğunu və heç bir ayrı-seçkiliyə yol verməməsinin göstəricisidir.

Ölkəmizdə çoxluq təşkil edən müsəlman icmaları daxilində də harmoniya və vəhdət mövcuddur ki, heç kimin məzhəb mənsubiyyətinə görə sıxışdırılmasına imkan verilmir. İslam dininin daşıyıcılarının şiə və sünni cərəyanlarına mənsub olmalarına baxmayaraq,  ölkəmizdə bütün müsəlmanların birlikdə, eyni məsciddə ibadət etmələri də, demək olar ki, dünyada analoqu olmayan bir təcrübədir. Bu müştərək ibadət vəhdət adlandırılır və ona ancaq Azərbaycanda rast gəlmək mümkündür.

Dünya miqyasında tanınmış  bir çoxdin xadimləri, ekspertlər də bu faktın onlar üçün son dərəcə təəccüblü olduğunu etiraf edirlər. Onlar hesab edirlər ki, Azərbaycanın multikulturalizm və tolerintlıq sahəsində əldə etdiyi təcrübənin tətbiqi müxtəlif icmalar və cərəyanları arasında münaqişələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda dini institutlarla dövlət qurumları arasında formalaşan münasibətlər bu mürəkkəb sahədə vəziyyəti nəzarətdə saxlamağa və xaricdən gözlənilən dağıdıcı təsirin qarşısını almağa imkan verir. Bununla belə dövlət kilsələrin və digər dini təşkilatların daxili işlərinə qarışmır. Onlar tam sərbəst şəkildə fəaliyyət göstərir və qanun qarşısında bərabərdirlər.

Məlumdur ki, Qafqaz Albaniyası Qafqazın ən qədim dövlətlərindən biridir və xristian ölkəsi olub. VIII əsrdə Alban knyazlığı süqut etdikdən sonra albanların bir hissəsi öz mədəniyyətini, dinini və dilini qoruyub saxlaya bilib.  1836-cı ilin mart ayında rus çarı I Nikolayın fərmanı ilə bu kilsə erməni Qriqoryan kilsəsinə birləşdirilib. Bununla da Alban apostol kilsəsi öz müstəqilliyini itirib və ermənilərin Azərbaycan torpaqlarına qarşı iddialarına xidmət edən təbliğat alətinə çevrilib. Bu gün Alban kilsəsinin ibadətçilərindən sayılan udinlər (udilər) Azərbaycanın Qəbələ rayonunda kompakt şəkildə yaşayırlar və onların erməni Qriqoryan kilsəsinə heç bir aidiyyəti yoxdur.

 Hazırda BBMM-in qarşısında duran əsas məqsədlərdən biri də, dünya ictimaiyyətini Alban apostol kilsəsinin tarixi, Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti barədə məlumatlandırmaq və onun müstəqilliyini bərpa etməkdir və bu prosesə Azərbaycanın və xarici ölkələrin aparıcı alimləri cəlb olunublar.

Məqsədyönlü şəkildə görülən işlərin və həyata keçirilən layihələrin nəticəsidir ki, BBMM-in yarandığı gündən keçən müddət ərzində multikulturalizmin Azərbaycan modelinə bütün dünyada maraq artıb. Mərkəz multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təbliği və təşviqinə böyük töhfələr verməklə yanaşı,  həm də bir çox ölkələrdə mərkəzin filialları açılıb ki, bu da ona fəaliyyət coğrafiyasını xeyli genişləndirməyə imkan verir. Bu gün artıq 9 ölkənin universitetlərində və elmi mərkəzlərində mərkəzin filialları açılıb. Bu filiallar fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, həm də multikulturalizm ideyalarının yayılmasına xidmət edir. Bir beynəlxalq təşkilat olan BBMM bütün dünyaya göstərməyə çalışır ki, hazırda multikulturalizmin alternativi yoxdur, çünki bütün xalqlar özünəməxsus mədəniyyətlərini qoruyub saxlamaq hüququna malikdirlər. Bunu beynəlxalq hüquq normaları da təsbit və tələb edir.

BBMM Azərbaycanın və xarici ölkələrin ali məktəblərində multikulturalizmin Azərbaycan modelinin tədrisinə yardım edir. Eyni zamanda ingilis və Azərbaycan dillərində tədris proqramları, materiallar, dərsliklər işləyib hazırlayır.  Son illərdə Yaponiyanın, Hindistanın, Polşanın, Litvanın, Çexiyanın, İtaliyanın, Rumıniyanın, Almaniyanın və İsveçrənin ən böyük ali məktəblərinin tədris proqramına "Multikulturalizm" adlı yeni fənn daxil edilib ki, bu da  Mərkəzin uğuru hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövləti filiallara heç bir maliyyə yardımı göstərmir, onların əməkdaşlarına maaş ödəmir. Bu, tam olaraq xarici ali məktəblərin öz təşəbbüsüdür.

Bütün bu təşəbbüslərə və görülən işdərə baxmayaraq,  bu gün də Avropada bir çox dövlətlər mültikulturalizmin iflasa uğraması iddiasını irəli sürürlər və qeyd edirlər ki, artıq bu ideyanın gerçəkləşdirilməsi mümkünsüz görünür. Bu da ondan irəli gəlir ki,  Avropa cəmiyyəti multikulturalizm adı altında assimilyasiyanın və təcrid siyasətinin müxtəlif versiyalarını tətbiq etməyə çalışdı və bu da heç bir nəticə vermədi. Avropa multikulturalizmi modeli artıq tükənib və cəmiyyətə müsbət heç nə təklif etmək iqtidarında deyil.

Belə bir qarışıq zamanda, Azərbaycanda yeni bir multikulturalizm modeli uğurla həyata vəsiqə qazandı. Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi, bu uğurların daha da artırılmasına imkan verən bir qərar oldu. Məlumdur ki,  Prezident İlham Əliyev öz çıxışlarında multikulturalizmi Azərbaycan xalqının həyat tərzi kimi dəyərləndirib və xalqımızın həmişə tolerant və multikultural dəyərlərə malik olduğunu vurğulayıb.

Ölkəmizdə multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi istiqamətində görülən bütün işlərə böyük dəstək verən Prezidenit İlham Əliyev, sanki sivilizasiyalar, mədəniyyətlər arasında dialoqu təmin etməyi öz üzərinə götürüb. Bu səbəbdən də Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etdikdə Azərbaycanın bütün ictimai təşkilatları bu ideyaya tərəfdar çıxdılar və onu dəstəklədilər. Bir vaxtlar Azərbaycan neftlə  zəngin ölkələrdən hesab edilirdisə, bu gün vəziyyət tamamilə dəyişib. Azərbaycan bütün insanların bərabər bütün dinlərin təmsil olunduğu multikultural və tolerant ölkə kimi tanınır. Ona görə də Azərbaycan mutikulturalizim modelini, əslində Azərbaycanın brendi kimi təqdim etmək lazımdır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.072232961654663