Siyasi mübarizədə din amilindən istifadə böyük faciələrə səbəb olur

Multikulturalizmin təbliğini terrorizmə və ekstremizmə qarşı çağırış kimi qəbul etmək lazımdır

Yay mövsümünün başlanması ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) fəaliyyətində də müəyyən intensivlik hiss olunur. Belə ki, ölkəmizdə dövlət -din münasibətlərinin tənzimlənməsində xüsusi fəallıq göstərən və böyük  xidmətləri olan bu qurumun rəhbərliyi istər ölkəmizin paytaxtında, istərsə də bölgələrdə təbliğat -təşviqat  işlərinin genişləndirilməsinə start verib. Bu fəaliyyət çərçivəsində aparılın təbliğatın əsas mövzularından biri də, heç şübhəsiz ki, qloballaşan dünyamızın ən əsas problemlərindən biri olan terrorizm və ekstremizmdir. 

Məlumdur ki, terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdən biridir və bu bəlanın qarşısının alınması üçün bütün sivil cəmiyyətlər birgə mübarizə aparmalıdır. Çünki dünyanın bir çox ölkələrində siyasi mübarizədə din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə səbəb olur ki, bu da son nəticədə böyük faciələrə yol açır. Hazırda dinlər və sivilizasiyalar arasında baş verən toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib. Bu gün açıq şəkildə görünən odur ki, hər bir tərəf özünü haqlı hesab edərək, dünya düzənində söz sahibi olmaq iddiasını gerçəkləşdirmək məqsədi ilə dindən siyasi alət kimi istifadə etməyə çalışır. Bu tendensiyanın qarşısının alınmasının yeganə yolu dünyada multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi yolunda dialoqa və əməkdaşlığa nail olmaqdır .

Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas prioritet istiqamətlərdən biri də bu dialoqa və əməkdaşlığa nail olmaqdır. Bunun üçün istər ölkəmizdə, istərsə də ölkəmizdən çox-çox uzaqlarda həyata keçirilən təbliğat və təşviqat işlərinə Azərbaycan dövləti, dövlətimizin başçısı İlham Əliyev, eləcə də ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yaxından dəstək verir.

Bu dəstəkdən ruhlanan bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları(QHT), İctimai Birliklər və  yerli icra strukturları Azərbaycan multikulturalizminin təbliği istiqamətində fəaliyyətlərini daha da genişləndirməklə Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayırlar. Bu fəaliyyəti həm də dünyada terrorizmə və ekstremizmə qarşı çağırış kimi qəbul etmək olar.

Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfransı da təqdirəlayiq hal kimi qəbul etmək lazımdır.

Tədbirdə Dövlət Komitəsinin, şəhər icra hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərlərinin, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçı və ictimaiyyətin digər nümayəndələrinin iştirakı da, mövzuya olan maraqdan qaynaqlanır.  Konfransda ölkəmizdə dini sahəyə, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, dini sabitliyin qorunub saxlanılması sahəsində görülməsi vacib olan məsələlərdən geniş bəhs olunub və dövlətimizin bu sahəyə diqqətindən məmnunluq ifadə olunub.

Konfransın əvvəlində təməli Ümummilli Lider Heydər Əliyev tətəfindən qoyulan azərbaycançılıq ideologiyasına həsr olunan sənədli filmin nümayiş olunması, tədbir iştirakçıları tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.

Tədbirdə çıxış edən Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, dünyada nümunəvi model kimi qiymətləndirildiyini qeyd edərək bildirib ki, dövlət din sahəsinə qayğı, dəstək göstərir və bu siyasət tolerantlığın tərkib hissəsi kimi həyata keçirilir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yardım göstərir. Bu, ölkədə ümumi ictimai-siyasi sabitliyin qorunub saxlanmasının mühüm şərtidir. Elxan Usubov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda Şəkidə dövlət qeydiyyatından keçmiş 28 dini icma fəaliyyət göstərir. Dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir və dövlət-din münasibətləri qanunvericilik bazası əsasında tənzimlənir, zərərli təriqətlərin rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində, bu kimi halların qarşısı tam olaraq alınıb.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər mütəmadi olaraq davam etdirilir.

Ölkəmizin dünyanın çox həssas bir bölgəsində, Asiya ilə Avropanın qovuşağında  yerləşdiyini qeyd edən Mübariz Qurbanlı  bildirib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin siyasi, iqtisadi və dini maraqları üz-üzə gəlir, toqquşur. Buna görə də hər zaman daha diqqətli olmaq lazım gəlir ki, burada dini və milli sabitliyi qorumaq mümkün olsun.

Məlumdur ki, müasir dünyanın özünəməxsus çağırışları var və həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Həmin problemlər arasında demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər məsələlər ön sıralarda yer alır. Onu da qeyd etmək lazımdır ki, terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasında ön yerlərdədir.

Terrorun məqsəd və mahiyyətindən danışan Komitə sədri qeyd edib ki, tarixin bütün dövrlərində terror olub, lakin indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir: "Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən, qeyri-islam ölkələrində görürük".

Komitə sədrinin də qeyd etdiyi kimi, hazırda terror aktının törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi qırğınlar törədilir. Bu kimi terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu kimi terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur.

Bir çox hallarda terror zaman İslam dinindən istifadə olunmasının da müxtəlif məqsədləri var: "Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır".

Bu gün Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinin, multikulturalizm və tolerantlıq mühitinin dünyada nümunə kimi qəbul olunmasının da başlıca səbəbi budur ki, əhalisinin 90 faizindən çoxunun müsəlman olduğu bu ölkədə heç zaman dini və milli zəmində qarşıdurma, anlaşılmazlıq halları baş verməyib. Məhz bu səbəbdən də Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri modeli dünyada rəğbətlə qarşılanır. Burada Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görmək mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir ki, bu da dinə dövlət qayğısının bariz göstəricisidir.

Bütün bu məsələlərin müsbət həllində heç şübhəsiz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə regionlarda keçirilən bu cür maarifləndirici tədbirlərin də əhəmiyyətini qeyd etmək lazımdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlərin iştirakı ilə keçirdiyi konfrans da, dövlət-din münasibətlərini, eləcə də dini təhsil probleminin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Onu da diqqətinizə çatdıraq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində Təhsil Nazirliyi, o cümlədən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə fəaliyyət göstərir. Çünki məktəblilərin dinlə bağlı məlumatları etibarlı mənbədən almaları onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Belə olduğu təqdirdə, onların zərərli dini ideologiyanın təsirinə düşmək ehtimalları da azalır.  Bununla belə, gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunması da çox vacibdir. Bu baxımdan, müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə gənclərin, yeniyetmələrin məlumatı olmalıdır ki, onlar özlərini bu mənfi hallardan qoruya bilsin.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının

Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.039474964141846