"Azərbaycan multikulturalizmi" fənninin tədrisi daha geniş coğrafiyaları əhatə edir

Əcnəbilərə nifrət, antisemitizm, xristianofobiya və islamofobiya hallarına əsla yol verilməməlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsü-nün həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən bir çox dövlət və qeyri-dövlət qurumları arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) xüsusilə fərqlənir. Dünyanın müxtəlif ölkələrində Azərbaycan multikulturalizminin, ölkəmizdə mövcud olan tolerant mühitin təbliğini qarşısına məqsəd kimi qoyan BBMM-in son uğurları da göz qabağındadır.

Bu uğurların qazanılmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi də önəmli yer tutur. Bu fəaliyyətin nəticəsidir ki, hazırda bu layihə çərçivəsində dünyanın 20 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni magistratura pilləsində tədris olunur.  Eyni zamanda, Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə "Azərbaycan multikulturalizmi" fənninin əsas fənn kimi tədrisi nəzərdə tutulub.  Qeyd etmək lazımdır ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra, bu layihənin icrasına başlanılıb. Layihənin icrasına başlanan vaxtdan keçən dövr ərzində xeyli müsbət təcrübə əldə olunub.  Diqqətinizə çatdıraq ki, dərsliyin Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində nəşr olunması tədrisin keyfiyyətinin daha da yüksək səviyyədə təşkilinə imkan verir.

Onu da qeyd edək ki, Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında gerçəkləşdirilir. Bu dərslərin keçirilməsinin müsbət cəhətlərindən biri də odur ki, qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər daha çox olur. Onların arasında aparılan seçim zamanı uğur qazanan tələbələr Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərində iştirak etmək hüququ əldə edirlər ki, bu da öz növbəsində onlara ölkəmizlə daha yaxından tanış olmaq imkanı verir. BBMM-in bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü iş artıq öz yüksək nəticələrini verməkdədir. Bu da o deməkdir ki, artıq xaricdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, həm də öz təsir dairəsini və gücünü də artırır.

2019-2020-ci dərs ilindən etibarən "Azərbaycan multikulturalizmi"nin tədris olunduğu xarici universitetlər sırasına Braziliya Federal Universitetinin (Universidade de Brasilia) adının əlavə olunması da, BBMM-in uğurlu fəaliyyətinin nəticəsidir. Bu da o deməkdir ki, BBMM artıq 21-ci xarici ölkə universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə nail ola bilib. Universitet rəhbərliyinin təklifi müsbət dəyərləndirilib və BBMM ilə Braziliya Federal Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu da diqqətçəkən məsələdir ki, "Azərbaycan multikulturalizmi" fənnini Braziliya Federal Universitetində, hələ 2018-ci ilin yayında BBMM-də Azərbaycan multikulturalizmi ilə bağlı araşdırmalar aparan professor Leila Bijos tədris edəcək. Onu da əlavə edək ki, Leila Bijos ölkəmizdə 3 ay müddətində aparılan tədqiqatların nəticəsi olaraq, Braziliyada "Azərbaycan multikulturalizmi" adlı kitab nəşr etdirib. Portuqal dilində nəşr olunan kitabda tədqiqatçı Azərbaycan multikulturalizmi modelinin uğurundan, eləcə də ölkəmizdəki multikultural və tolerant mühitdən ətraflı bəhs edib.

Bu da maraqlıdır ki, BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisini həyata keçirsə də, Braziliya Federal Universitetini bu işə cəlb etməklə, Latın Amerikası ölkələrində bu sahədə ilk addımını atıb. "Azərbaycan multikulturalizmi" fənninin ilk tədris günündə Azərbaycanın Braziliyadakı səfirliyinin nümayəndələri ilə yanaşı, həmin ölkənin nüfuzlu elm xadimlərinin iştirak etmələrini də, ölkəmizə olan böyük marağın nəticəsi kimi qəbul etmək lazımdır. Qeyd edək ki, BBMM-in hər il təşkil etdiyi Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərinə Cənubi Amerika ölkələrindən qatılan gənclərin sayının artması, eləcə də Mərkəzlə Braziliya universitetləri arasındakı qarşılıqlı münasibətlərin uğurlu inkişafı nəticəsində "Azərbaycan multikulturalizmi" fənninin nüfuzlu Rio-de-Janeyro Federal Universitetində də tədris olunması  barədə danışıqlar aparılıb. Həmin universitetin professoru Aleksandr Jerbit Azərbaycan multikulturalizmi sahəsində araşdırma aparmaq üçün  BBMM-ə müraciət edib və onun ölkəmizə gələcəyi gözlənilir.

Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmi modelinə xarici ölkələrdə maraq artır və bu modelin elmi müstəvidə öyrənilməsi və araşdırılmasının BBMM tərəfindən davam etdirilməsi çox vacibdir. Çünki yaxın  gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə unversitetlərinin qoşulması ehtimalı da çox böyükdür.

Xarici dövlətlərin ölkəmizdə mövcud olan multikultural və tolerant mühitə maraqlarının artması, təkcə "Azərbaycan  multikulturalizmi" fənninin tədrisi ilə deyil, həm də  Azərbaycan hökumətinin, dövlətimizin başçısı İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə görülən işlərə böyük dəstək verməsi və bu dəstək sayəsində beynəlxalq aləmdə keçirilən təbliğat işlərinin keyfiyyəti ilə bağlıdır.  

Bu yaxınlarda Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçirilən konfrans da, belə mühüm tədbirlərdən biridir. Bu tədbirin xarici mətbuatda, internet saytlarında təbliğ olunması da aparılan təbliğat işlərinin keyfiyyətindən xəbər verir. Belə ki, Avstriya Katolik Kilsəsinin rəsmi internet səhifəsində ötən həftə Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda təşkil olunan konfransa həsr olunmuş geniş məqalə yerləşdirilib.

Məqaləyə "Vyana Bəyannaməsi: Heç bir din terrora haqq qazandırmır" başlığının qoyulması da, bəyannamənin bugünümüz üçün böyük önəm daşıdığından xəbər verir.  Müəllif öz yazısında Vyananın "Hofburq" sarayında keçirilən beynəlxalq konfransda əcnəbilərə qarşı nifrət, antisemitizm, xristianofobiya və islamofobiyaya qarşı çağırış edildiyini bildirərək qeyd edir ki, konfransın yekununda qəbul edilən bəyannamədə din adından törədilən hər bir terror aktının, eyni zamanda, bütün dinlərə qarşı sui-qəsd olduğu öz əksini tapır. Bəyannamədə həmçinin terrorizmin, eləcə də guya "din adından" törədilən insanlığa qarşı cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlərin görülməsinə çağırışlar yer alıb.

Yazıda qeyd olunur ki, konfrans ötən çərşənbə günü Azərbaycan Respublikasının təşəbbüsü ilə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin və Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi ilə əməkdaşlıq şəraitində baş tutub. Konfrans iştirakçıları Vyana Bəyannaməsində tələb ediblər ki, terrorçuların "dinlərin müqəddəs dəyərlərini öz məkrli məqsədləri üçün" istifadə etməyə yönəlik istənilən cəhdlərinin qarşısı alınmalıdır. Bunun üçün də dini və etnik pərdə altında güc tətbiqini təşviq edən zərərli ideologiyaların yayılmasının qarşısının alınması üçün birgə mübarizə aparılmalıdır. Əcnəbilərə qarşı nifrət, antisemitizm, xristianofobiya və islamofobiya hallarına əsla yol verilməməlidir.

Vyana Bəyannaməsində qeyd edilir ki, əcnəbilərə qarşı nifrətin və rasizmin yayılması, eləcə də artmaqda olan dini və etnik qeyri-tolerantlıq, mədəni, dini və tarixi mirasın məhv edilməsi, qaçqın fəlakətləri bütün dünyada "dərin narahatlıq" yaradır. Buna görə müxtəlif dini inancların və dəyərlər sisteminin birgə bəşəri dəyərləri daha da güclü müdafiə etməsi vacibdir, çünki bu dəyərlər ümumdünya sivilizasiyasına, mədəni və ruhani mirasa, humanizm, sülh və ədalətin inkişafına öz töhfələrini verir.

Vyana Bəyannaməsini şərh edən müəllif bəyannamədə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı təhdid və çağırışların önlənməsi və aradan qaldırılmasında BMT-nin rolunun yüksək qiymətləndirildiyini, eyni zamanda, silahlı münaqişələr, təqib və güc tətbiqi, terrorizmin böyük qaçqın dalğasına səbəb olan faktorlar sırasında olduğunu xüsusi qeyd edib. Bəyannamədə həmçinin bildirilir ki, BMT-nin Xartiyası və beynəlxalq hüququn ümumən qəbul edilmiş prinsip və normalarına - "hər şeydən öncə suveren bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə" hörmət lə yanaşılmalıdır. Eyni zamanda, münaqişələrin "ədalətli və dinc yolla nizamlanması" üçün çağırış edilir, burada xüsusi olaraq İsrail-Fələstin münaqişəsi, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı münaqişə qeyd olunub. Avstriya Katolik Kilsəsinin rəsmi internet səhifəsində yerləşdirilən bu məqalədə, konfransda iştirak edən dini və dünyəvi xadimlərin çıxışlarına toxunulur, və tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfədən söz açılır və yüksək dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, bu kimi məqalələr, heç şübhəsiz ki, Azərbaycan mültikulturalizminin dünyada təbliği baxımından mühüm əhəmiyyət daşıyır və dövlətimizin nüfuzunu artırır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11420512199402