"Azərbaycanlılar" İsa Bulağında

Hiyləgər ermənilərin yeni fitnəsi üzə çıxdı

 Ötən həftənin sonunda sosial şəbəkələrdə ilginc və inanılmaz bir video paylaşıldı. Video-görüntüdə sərgilənir ki, guya bir qrup azərbaycanlı Şuşada yerləşən məşhur İsa Bulağında istirahət edir. Hətta, "azərbaycanlı turist"lər erməni qadından araq da alırlar. Videonu müşayət edən danışıq səsləri təmiz Azərbaycan dilində eşidilir, hətta, ləhcədən bu insanların Azərbaycanın hansı bölgəsində yaşamasını da müəyyənləşdirmək mümkündür. Çox maraqlıdır, sərhəddi azıb, cəbhənin qarşı tərəfinə keçən mülki şəxsi Ermənistan hökuməti bir neçə il əsir saxladıqdan sonra erməni əsir qarşılığında bizə təhfil verir, yaxınlarının qəbrini ziyarət etmək üçün doğma yurduna gedən Dilgəm Əsgərov və Şahbaz Quliyevi hələ də əsirlikdə saxlayır, Ermənistanın bütün qanuni girişlərində Azərbaycan soyadlıların ölkəyə daxil olmasına qadağa qoyduğu halda, necə olur ki, bir qrup azərbaycanlı İsa Bulağına gedib çıxa bilib və sərbəst şəkildə erməni qızına Azərbaycan dilində içki sifariş edir?

Sosial şəbəkələrdə buna yozum verməyə çalışan həmyerlilərimiz azərbaycanlıların İran, Rusiya və Gürcüstan vətəndaşlığını qəbul edərək işğal altında olan ərazilərimizi ziyarət etmək imkanı qazandıqlarını bildirirlər və ola bilsin ki, bu video-görüntü də həmin səfərlərdən biri zamanı çəkilib. Amma bu ehtimal hüquqi baxımdan ağılabatan olsa da, qeyri-mümkündür. Çünki Ermənistan hökuməti öz qapılarını təkcə Azərbaycandan olanların üzünə deyil, bütün azərbaycanlıların və türklərin üzünə bağlayıb.

Lakin bu gün Avropada erməni işğalı ilə Hitler işğalı müqayisə edilir. Bu müqaisə zamanı avropalılar o qənaətə gəlir ki, dünyanın qanqster adlandırdığı Adolf Hitler Avropanı işğal edərkən ərazidə yaşayan əhalini qovmayıb, işğal altındakı ərazilərdə hətta, kino-teatırlar belə fəaliyyətini davam etdib, əraziləri etnik təmizləməyə məruz qoymadı, amma ermənilər işğal etdiyi Azərbaycan ərazilərindən əhalini qovub, etnik təmizləmə həyata keçirib və bütün yaşayış məntəqələrini dağıdıb. Yəni 68 il əvvəl baş verən Hitler işğalı, erməni işğalından daha ədalətli olub. Bu gün Ermənistan hökumətinin narahat edən, məhz avropalıların bu qənaətidir. Ona görə də Azərbaycan dilini təmiz bilən ermənilərin xidmətindən istifadə edərək bu cür videolar çəkərək, diqqət cəlb etmək üçün dövriyyəyə buraxırlar. Elə sözügedən videoda tərcüməçi kimi iştirak edən erməninin Azərbaycan dilində necə rəvan, heç bir aksent vurmadan danışdığı aydın eşidilir. Yəqin ki, bundan sonra sosial şəbəkələrdə də belə videoçarxların sayı artacaq, çünki Ermənistan hökumətinin əlində kifayət qədər belə "materila" var. Hətta, ermənilər bu məsələdə beynəlxalq təşkilatlardan gizlədilən azərbaycanlı əsirlərin xidmətindən də istifadə edə bilərlər. Sadəcə olaraq, bu gün Azərbaycan hökumətinin üzərinə düşən iş ondan ibarətdir ki, araşdırma apararaq belə video-görüntülərin çəklişində iştirak edənlərin kimliyini müəyyənləşdirib, düşmənin hərəkətlərini ifşa etsin.

O ki qaldı sosial şəbəkələrdə ən çox üzərində dayanıldığı, belə video-görüntülərin izi ilə "xain azərbaycaqnlı" axtarmağa, bu çox az ehtimal edilən məsələdir. Birincisi, heç bir azərbaycanlı buna razı olmaz, ikincisi isə ermənilər üçün də azərbaycanlının işğal altındakı ərazilərə səfəri arzuedilən deyil. Ona görə ki, işğal altında olan ərazilər artıq yaşayış məskənlərini deyil, keçmiş şəhərlərin xarabalıqlarını xatırladır. Bu yaxınlarda xarici jurnalistin Xankəndidəki futbol matçı zamanı hazırladığı reportaj da bunun əyani sübutudur.

Ermənilər çox gözəl bilir ki, işğal altında olan Azərbaycan torpaqları gec-tez sahibinə qayıdacaq. Ona görə də ərazilərimizə mümkün qədər ziyan vururlar, dağıdırlar. Yeri gəlmişkən, haqqında danışdığımız videoda əks etdirilən İsa Bulağı da baxımsızlıq üzündən uçub-dağılıb, keçmişdə qoyulan üzlük daşlar qopub tökülüb. Yəni burada təbiət gözəlliyindən başqa xoşagələn heç nə yoxdur, abadlıq işlərinin aparılmadığı aydın sezilir.

Sonda onu qeyd edək ki, Ermənistan üstündəki işğalçı damğasını rəngləməgə ört-basdır etməyə çalışsa da, bu mümkün olmayacaq. Amma bu ona əsas vermir ki, biz düşmənin bu cür hiylələrini ifşa etməməliyik.

 

Akif Nəsirli

0.087544202804565