"Azərgold" qızıl qırır

 

ASC- Azərbaycanı soyan cəlladlar

Hamıya bəllidir ki, Azərbaycan dövləti şirkət sarıdan da çox varlı sayıla bilər - dövlətin yüzlərlə açıq səhimdar cəmiyyəti (ASC), qapalı səhimdar cəmiyyəti (QSC) və istehsalat birlikləri (İB) var. Bu şirkətlər vasitəsi ilə dövləti idarə edən hökumət öz iqtisadi - kommersiya fəaliyyətini həyata keçirir. Halbuki, müasir dünyada inkişaf etmiş dövlətlər kommersiya fəaliyyətindən mümkün qədər qaçır, "məhdud dövlət" ideyasını maksimum səviyyədə reallaşdırmağa çalışır. Ona görə ki, istənilən dövlətdə kommersiya fəaliyyəti mütləq korrupsiya ilə müşayət edilir. Dünyanın aparıcı ölkələri olan Böyük Britaniya, Almaniya, Fransa, Yaponya, İtalya, ABŞ və s. kimi böyük dövlətçilik təcrübəsinə malik ölkələrdə belə, hökumətin idarəçiliyində olan şirkətlərdə korrupsiyanı aradan qaldırmaq mümkün olmadı. Adı çəkilən ölkələrin dövlət şirkətlərində korrupsiyanı, yalnız bir yolla aradan qaldırmaq mümkün oldu - həmin şirkətlərin özəlləşdirilməsi orada korrupsiyanın kökünü dərhal kəsdi.

Bu yerdə bir haşiyə çıxmaq istərdim ki, Norveçin neft fondu (Norveç Krallığının Pensiya Fondu - şirkət belə adlanır) bu sırada istisnadır. Fondun aktivləri artıq iki trilyon dolları keçməsinə baxmayaraq, onun ofisi Norveç Dövlət Neft Şirkətinin sadə konstruksiya ilə yığılmış ofisində yerləşir. Həmin ofis Bakıda fəaliyyət göstərən inşaat-tikinti şirkətlərinin ofislərini xatırladır. Lakin yuxarıda adlarını çəkdiyim ölkələrin dövlət şirkətlərinin hamısının dəbdəbəli ofisləri olub, sonda çıxış yolu kimi, bu şirkətlər ofislər qarışıq özəlləşdirilib.

Bütün bunları aşağıdakı informasiyanı oxuyarkən xatırladım. 2009-cu ildə "Azərqızıl" QSC adı altında yaradılan şirkət sonradan "AzerGold" QSC adlındırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti təsis edilib.

Cəmiyyətin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İldə cəmi beş-altı yüz kiloqram saf qızıl istehsal etmək imkanına malik olan, ildən ilə isə hasilatını azaldan bu şirkət təkcə keçirdiyi tədbirlər üçün 46 min manatlıq gül sifariş edir. Mətbuat üçün hazırlanan informasiyanı olduğu kimi diqqətinizə çatdırıram:

 - "AzerGold" QSC keçirəcəyi tədbirlər üçün gül almağa hazırlaşır.

Qurumun bununla bağlı elan etdiyi açıq tenderin qalibi fiziki şəxs Nazim Seyran oğlu Şükürov olub. Qalibə güllərin çatdırılması üçün 46 min manat ödəniləcək.

Bilirsiniz ki, gülün ömrü cəmi bir neçə saatdan bir neçə günə qədərdir. Deməli, bu gül alışı proporsiyası yalnız "AzerGold" QSC-nin bir neçə günlük tələbatıdır. Bu hesabla şirkətin həftəlik, aylıq və illik gülə tələbatını özünüz hesablayın. Bəlkə də şirkətin gülə "tələbatı" mexaniki hesablamadan bir qədər azdır, amma bunun üçün hər il boş yerə milyonlarla vəsait silinir. Təkcə adını çəkdiyimiz "AzerGold" QSC-də deyil, istənilən dövlət şirkətinin illik büdcəsini götürüb araşdırsaq, xərcləmələri 50-60 faizi bu cür əhəmiyyətsiz məsələlərə xərc kimi yazılaraq silinir. Məsələn, hamı tərəfindən müşahidə edilə bilən bir olay barədə xəbərləmək istəyirəm. Dövlət şirkəti olan "BakuBus" MMC "28 May-Cumhuriyyət Günü" münasibəti ilə avtobusları bayram təmtarağı ilə bəzəmək məqsədilə bayraq alıb. Məndə olan məlumata görə, təkcə bu dövlət simvolunun alınmasına bir milyon manata yaxın vəsait silinib. Bütün dövlət şirkətlərinin büdcəsi bu qaydada talan edilir. Ona görə ki, bu şirkətlər xərcləmələri planlaşdırarkən kommersiya düşüncəsi ilə deyil, korrupsiya düşüncəsi ilə davranırlar. Çünki şirkət müflisləşəndə bunun hesabı heç kimdən sorulmur, sadəcə dövlət büdcəsindən açıq xərclərin qapanması üçün dotasiya ayrılır. Bu cür yanaşmanın nəticəsidir ki, hər il dövlət şirkətləri dövlət büdcəsindən yüz milyonlarla dotasiya alır. Hətta, "AzerGold" QSC , SOCAR, "Azəriqaz", "Azərişıq" və s. kimi hasilat və satış şirkətləri belə, dövlət büdcəsindən dotasiya alır. Bu o deməkdir ki, həmin şirkətlərin xərcləri o qədər şişirdilib ki, onlar satışdan əldə etdiyi vəsaitləri xərclərini ödəmir. "Azəriqaz" İB "mavi yanacaq" satışı ilə məşğuldursa, onun maksimum xərcləri satışın 20-30 faizi qədər ola bilər. Əgər o dövlət deyil, kommersiya şirkəti olsaydı, xərclərini bu proporsiyada planlaşdırardı ki, həm müflisləşməsin, həm də rəqiblərinə uduzmasın. İndi isə dövlət şirkəti olduğu üçün xərclərini şişirdir ki, büdcəyə verdiyindən daha çox xərcləsin. Bunu aradan qaldırmağın yeganə yolu isə bütün dövlət şirkətlərini özəlləşdirməkdən keçir.

Akif Nəsirli

0.017855167388916