Kitab bilik mənbəyi deyil?!

Övladlarınıza telefon alın...

Əgər biz mərhum şairimiz Abbas Səhhətin şeirndən misranı bir qədər improvizə etsək, belə bir nəticə alınacaq-kitabı sevməyən insan olmaz, olsa da, o şəxsdə bilik, savad olmaz. Atalarımız da bu mənada deyiblər ki, kitab bilik mənbəyidir.

Bu gün elektronlaşan müasir dünyamızda kitab çox dəyərdən düşüb, desək yanılmaraq. Lakin kitab maqazalarına baş çəksəniz, tamamilə başqa bir mənzərənin şahidi olacaqsınız-kitabların qiyməti ceyran belində, ancaq alıcı yox. Satıcılar da ac qalmamaq üçün maqazalarında kitabla yanışı nə desəniz satırlar, qələm-dəftərdən tutmuş, uşaq oyuncaqlarına qədər hər şey.

Bu gün "kitab bilik mənbəyidir" şüarı altında böyüyən nəslə, ümumiyyətlə kitab oxuyanlara münasibət də fərqlidir. Sanki qloballaşan dünyamız da öz formasını dəyişərək elektonlaşıb. Elə bil cəmiyyətdə hər şey süniləşib və təbiət də öz formasını dəyişərək elektronlaşan cəmiyyətə adaptasiya olunub.

Məsələn, zamanında qələmlə yazmaqdan barmaqları qabar olan qocaman jurnalistlər də, artıq qələm kağızla təmasdan qaçırlar. Kompüterin klaviaturasında tıqqıldatmaq onlara da xoş gəlir. Ancaq gəlin unutmayaq ki, qələm kağızla təmasda olmaq tamamilə başqa bir aləmdir. Gəncləri başa düşürəm, onlar üçün qələm kağızla təmasda olmaq, gerilik əlamətidir. Yaşlı nəslin nümayəndələri nə üçün bu təmasdan qaçırlar, bax, bunu anlamaq çox çətin. Mən, şəxsən bu gün də əvvəlcə qələmlə yazıram, daha sonra kompüterdə yığıram və bu, mənə daha xoş gəlir.

Bu barədə soruşanda da deyirlər, "belə daha asandır".

Kitab oxumaq da beləcə, asanlığın badına gedir. Buna baxmayaraq, "bu gün heç kim kitab oxumur" fikri ilə də razılaşmıram. Çünki indi də kitab oxuyan çox sayda insanlar tanıyıram və kitab oxumaq onlar üçün bir növ həyat tərzi, həm də xobbidir. 

Bununla belə qeyd etməliyəm ki, elektronlaşma onlara da təsirsiz ötüşməyib. Gənclərdən fərqli olaraq, onlar bunu imkansızlıqla əlaqələndirirlər. Bildiyiniz kimi, "kitab bilik mənbəyidir" dediyimiz dövrdən qalan insanların böyük əksəriyyəti təqaüdçülərdir və onların da istədikləri vaxt, istədikləri kitabı almaq imkanları yoxdur. Bu səbədən də elektronlaşıblar və telefonda, planşetdə, kompüterdə "elektron kitabxana"lardan istifadə edirlər. Belə kitab həvəskarlarından olan dostum  Rüstəm müəllim  bu günlərdə şikayətlənir ki, artıq korrupsiya, dələduzluq kompüterlərə də keçib. Hansı kitabı "skaçat" (öz səhifəmə köçürmək) eləmək istəyirəm, pul tələb edirlər. Başqa cür də ola bilməz. Dünyanın bütün sahələrində korrupsiya, rüşvət, onlardan daha qorxunc olan mafiya fəaliyyətdədirsə, orada hər şey pulnan ölçülməlidir. Bəs nə bilmişdiniz...

Əlqərəz, görünəni odur ki, kitab mafiyası ölkəmizi də yan keçməyib, yoxsa kitablara qoyulan qiymət bu həddə çatmazdı. Keçək əsas məsələyə.

İnsanlar nə üçün kitab oxumurlar? Dünyada az-çox tanınan yazıçıların əsərləri milyonlarla nüsxə çap olunur və satılır. Bizim yeni nəşirlərə diqqət etsəniz, görəcəksiniz ki, ən yaxşı halda 3-5 min nüsxə civarında çap olunur. Elə kitablar da var ki, müəllif öz vəsaiti hesabına 200-300 nüsxə çap etdirir və özü də satır.

Artıq bir xeyli müddətdir ki, Milli Elmlər Akademiyasının həyətində kimlərsə, kitab satışını təşkil edib. Çox əla təşəbbüsdür və dəstəkləyirəm.

Bu yazını hazırladığım ərəfədə həmin məkana baş çəkdim.

Məni daha çox o maraqlandırırdı ki, görəsən bu kitab satışı da, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi "Kənd Təsərrüfatı Mallarının Satış Yarmarkaları"na bənzəmir ki.

Çox təəssüfləndim ki, təxminən ona bənzər bir şeydir. Yəni burada da urəkaçan bir şey yoxdu. Ən çox diqqətçəkən də, kitablarla maraqlananların çox, kitab alanların az olması idi.

Bu məsələyə aydınlıq gətirmək üçün ilk növbədə kitabların qimətləri ilə maraqlandım və az qala şoka düşdüm. Bizim uşaqlığımızda 5-10 qəpiyə satılan "Məlik Məhəmmədin nağılı" kitabı 1 manat 99 qəpiyə, yəni 2 manat deyil (bu 99 qəpik məsələsi də bilirsiniz də nədir?). Kitabların ən ucuzunun və ən bahasının, məhz uşaq şöbəsində olması da diqqət çəkdi. Qeyd etdiyim kimi ən ucuz kitab 1,99 manat, ən bahalı kitab isə 25 manata satılan "Böyük Uşaq Ensiklapediyası" idi.

Maraqlıdır, cəmi bir neçə vərəqdən ibarət bu nağıl kitabı həmin qiyməti kim təyin edib?

Satıcı onu da diqqətə çatdırdı ki, bu kitabların hamısına 20 % endirim var. Əla, 2 manatlıq kitabı sənə endirimlə 1 manat  60 qəpiyə verəcəklər. Bundan böyük endirim!

Bir daha qiymətlərə diqqət edin. C.Cabbarlının seçilmiş əsərləri 19, 99 qəpik, M.Müşfiqin seçilmiş əsərləri 17,99 qəpik, F.Dostayevskinin "Cinayət və cəza"sı 17 manat və s. İndi sən kasıb, yaxud son artımla pensiyası 160 manat olan təqaüdçu, bu kitablardan al görüm, necə alırsan. Onu da qeyd edim ki, həmin kitablar heç də yüksək poliqrafik üsulla tərtib olunmayıb. Sadə üzqabığı və sadə üsulla çap olunmüş bu nəşirlərə qimətləri kim təyin edib, bilmirəm.

Bildiyim bir şey varsa, o da, bu qiymətlərin məqsədinin insanları kitab oxumaqdan çəkindimək olmasıdır. Məni daha çox təəccübləndirən isə uşaq ədəbiyyatının bu dərəcədə yüksək qiymətlərə satılmasıdır. Cəmi bir neçə vərəqlik bir kitabı valideyn, yaxud nənə, baba öz övladına, nəvə, nəticəsinə necə alsın?

Alanlar var. 100 manata da övladına, nəvə-nəticəsinə kitab almaq imkanında olan insanlar var məmləkətimizdə. Lakin onlar övladlarına kitab yox, bahalı telefon, maşın və s. alırlar. Onların kitablara ehtiyacları yoxdur. Onlar seçilmişlər olduqlarından, oxuduqları məktəbə kitab, dəftər belə aparmırlar, bu işi onların əvəzinə müəllimləri görür...

Əhalinin böyük əksəriyyətinin isə heç 1 manata belə, bədii kitab almaq imkanları yoxdur bu məmləkətdə.

Bu səbəbdən də hesab edirəm ki, uşaq ədəbiyyatının, uşaq kitablarının nəşrini dövlət öz üzərinə götürməlidir. Həmin nəşirlərə də simvolik bir qiymət qoyulmalıdır. Məsələn, yuxarıda qeyd etdiyim "Məlik Məhəmmədin nağılı" tipli kitablara 30-50 qəpik, "Böyük Uşaq Esiklopediyası" 3-5 manata satıla bilər.

Bu gün dünya və Azərbaycan klassiklərinin əsərlərinin 15-20 manata satılması o deməkdir ki, "millət, kitab oxumayın".

Bir məsələni də diqqətinizə çatdırım ki, yazı birtərəfli alınmasın. Qeyd edəcəklərim xalqımızın mental xüsusiyyətləri ilə bağlıdır. Bir valideyindən xəbər aldım ki, son 5-10 ildə uşaqları üçün bədii kitab alıbmı (aydındır ki, məcburiyyət qarşısında dərs kitablarını və digər vəsaitləri alıb). Cavabı bu oldu ki:

-Yox müəllim, almamışam, çox bahadır, bu qimətə də kitab olar?

Onda soruşdum ki, bəs telefon necə, uşaqların telefonları var?

-Telefon başqa, kitab başqa, müəllim, uşaq telefonsüz necə qalsın axı?  

Görürsünüz də, bizim adi məsələlərə yanaşmamız da qəribədir. Övladına (mən burada məktəbyaşlı üşaqları nəzərdə tuturam) 200-300-400 manat, hətta daha çox pul verib borca, kreditə fərq etməz, telefon alan valideyin heç vaxt övladına 20 manat verib kitab almaz. Niyə, nə üçün? Bax, bu sualların cavabını bilsəydim, heç zaman belə bir yazı da yazmazdım.

"Uşaqlar bizim gələcəyimizdir", bu ifadəni də hər addımda eşidirik. Amma, bu istiqamətdə hər hansı bir işlərin görüldüyünü əsla müşahidə etmirik. Mən əslində kütləvi şəkildə görülən və görülməsi vacib işlədən danışıram. Bəzi hallarda epizodik formada keçirilən tədbirləri nəzərdə tutmuram. Çünki onlar sadəcə olaraq reklam və görüntü xatirinə keçirilən tədbirlərdi və seçilmişlər üçündür. Sadə Azərbaycan vətəndaşının övladlarını heç zaman bu kimi tədbirlərə cəlb etmirlər. Bunun səbəblərin yazmıram, çünki "görünən dağa nə bələdçi".  

P.S. Yazının başlığını "Kitab bilik mənbəyi deyil" formasında, sadəcə olaraq diqqət çəkmək üçün yazdım. Onar görə də bu başlığa əhəmiyyət verməyin! Övladlarınıza telefon yox, kitab alın. Kitabların insana bilik verməkdən başqa heç bir əks- təsiri, yaxud ziyanı yoxdur. Kitabların insana mənfi təsirləri barədə heç bir söz nə eşitmişəm, nə də oxumuşam. Musbət təsirləri barədə isə minlərlə misal gətirmək olar. Amma bu gün telefonun insanlara, ələlxüsus da, gənclərə, yeniyetmələrə və azyaşlı uşaqlara mənfi təsiri bardə yüzlərlə məlumata rast gəlmək olar. İstər pedoqoqlar, istəsə də psixoloqlar və digərləri telefonun mənfi təsirləri barədə çox mülahizələr irəli sürürlər ki, onları diqqətə almamaq sadəcə mümkün deyil. 

P.P.S. Hə millət, belə-belə işlər. Bizim kitab satışı məkanlarının da, meyvə-tərəvəz yarmarkalarından əsla fərqlənmədiyini gördünüz də. Yazı çapa tam hazır idi ki, Akademiya bağında yeni bir mənzərə ilə üzləşdim. İndi sizə bu barədə bir neçə kəlmə ərz etmək istəyirəm. Yəni iyun ayının 25-dən yuxarıda qeyd etdiyim məkanda nisbətən ucuz kitabların satılşına start verilib. Burada qiymətlər kitabın üzərində göstərilən qiymətdən 25-50 faiz ucuzdur. Məsələn, uşaqlar üçün olan və üzərində 1,50 manat göstərilən kitab 1 manata. Üzərində qiyməti 10 manat olan kitablar isə 5 manata təklif olunur. Burada 0,50 manatdan, 5 manata qədər dəyərində kitablar satılır. Onu da qeyd edim ki, bu kitabların böyük əksəriyyəti maarifləndirmə xarakterli kitablardır, görünür işbazlar onları 10 manata sata bilməyiblər və daha ucuz qiymətə satışa çıxarıblar.

Utopik arzum: Deyirəm ey, bir sponsor tapsaydım mənə gündə olmasa da, həftədə bir kitab alıb bağışlayardı, bu qoca vaxtımda mən də az- çox maariflənərdim. Köhnədən öyrəndiklərim artıq «qıjqırmağa» başlayıb.

Yusif Seyid

0.08907413482666