Rus qoşunları sülhməramlı qüvvələr kimi Qarabağa yerləşdirilə bilərmi?

Zərdüşt Əlizadə: "Erməni familyalı insanların Azərbaycana, azərbaycanlıların isə Ermənistana səfər qadağası aradan qaldırılmalı, Ermənistanda türklərə qarşı dövlət səviyyəsində aparılan nifrət təbliğatı dayandırılmalıdır"

Bu ilin birinci yarısında Dağdıq Qarabağ probleminin nizamlanmasına daha çox Ermənistanda gedən siyasi proseslər təsir etməkdədir. Qarabağ siyasi klanı ilə indiki siyasi hakimiyyət arasında yaranmış fikir ayrılığı problemin nizama salınması istiqamətində müəyyən tendensiyalara səbəb olub. Məsələn, Azərbaycanda bəziləri düşünür ki, biz yaranmış vəziyyətdən hansısa formada istifadə etməliyik, bəziləri isə bunun zərərli nəticələrə gətirib çıxaracağı qənaətindədir. Lakin Azərbaycan siyasi elitasında tamamilə fərqli fikirlər səsləndirilir.

Məsələn, son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr daha da intensivləşərək, yeni müstəviyə qədəm qoyub. Bu müzakirələr çərçivəsində xalqların sülhə hazırlanması istiqamətində çağırışlar xüsusilə diqqət çəkir.

Ötən günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşdən sonra Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov diqqətçəkən açıqlamalar verib.

"Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də, məhz detallardır. Ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır", - deyə nazir bildirib.

O, qeyd edib ki, hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq: "Vəziyyətin normallaşdırılmasından danışanda, Paris və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq".

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə daha ilginc fikir səsləndirib: "İki ölkə arasında olan problemlərin sülh yolu ilə həll olması vacibdir. Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq".

Məsələyə mövqe bildirən politoloq Zərdüşt Əlizadə deyir ki, bu iki fikir arasında ziddiyət yoxdur, çünki cəmiyyətlərin sülhə hazırlanması o demək deyil ki, münaqişə zonasının hansısa məhəlləsinə sülhməramlılar gələcək, xalqları bir-birindən ayıracaq. Politoloqun fikrincə, məsələnin mahiyyətinə gəldikdə isə həqiqətən cəmiyyətləri sülhə hazırlamaq vacibdir, çünki 40 ildir cəmiyyət müharibəyə hazırlanıb, ədavətə, kinə, qırmağa, öldürməyə köklənmişik. "İndiyəcən proses eskalasiya şəklində üzü yuxarı inkişaf edirdi, bu tendensiyanın qarşısını almaq, əks istiqamətdə inkişafa nail olmaq üçün ilk növbədə hökumətlər bu istiqamətdə siyasətini dəyişməlidir, tabeliyində olan bütün qurumlara göstəriş verməlidirlər ki, "B" eskalasiya əməliyatına başlasınlar. Yəni tədricən ədavəti barışa, mərhəmətə,  kini ülfətə çevirmək istiqamətində çalışmalıdırlar. Bu proses radioda, televizyada, məktəblərdə və bağçalarda aparılmalıdır. Bununla yanaşı, iki ölkə arasında gediş-gəlişə və mübadiləyə qoyulan qadağalar aradan qaldırılmalıdır. Erməni familyalı insanların Azərbaycana, azərbaycanlıların isə Ermənistana səfər qadağası aradan qaldırılmalı, Ermənistanda türklərə qarşı dövlət səviyyəsində aparılan nifrət təbliğatı dayandırılmalıdır. Vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı görüşlərinə və fikir mübadiləsi aparmağa şərait yaradılmalı və bu görüşlər intensivləşdirilməlidir," -  deyə Əlizadə bildirib.

Politoloq sülhməramlıların bölgəyə gətrilməsinə münasibət bildirərkən dedi ki, cəmiyyətlər ədavətə, bir-birinə qarşı kinə və nifrətə köklənəcəksə, onda sülhməramlılara da ehtiyac olacaq, yox, əgər hökumətlər bu iki xalqın düşmənçiliyini dostluğa çevirməyi bacaracaqsa, onda bəlkə də heç sülhməramlılıra ehtiyac qalmayacaq. O qeyd etdi ki, sülhməramlılırın gəlişi həm böyük xərcdi, həm də ciddi diplomatik-təşkilati çətinliklərdir: "Bununla yanaşı sülhməramlı qüvvələrin təmsil etdiyi dövlətlərin hərəsinin özünün maraqları var. Qoşunlar kiçik dövlətlərindirsə, onların təminatı zəif olacaq, böyük dövlətlərin qoşunlarıdırsa, onların özəl maraqları daha qabarıq nəzərə çarpacaq, hətta bəzən o qoşunların sülh yaratmağa marağı olmur və s. Əlbəttə, mən də istəməzdim ölkəmizin ərazisində sülhməramlılar yerləşdirilsin, çünki bu, Azərbaycanın suverenliyinin məhdudlaşdırılması demək olardı".

Dağlıq Qarabağda hansı dövlətin qoşunları sülhməramlı qüvvələr qismində yerləşdirilə bilər sualına cavabında politoloq qeyd etdi ki, əvvəla bu barədə ATƏT-in Minsk Qrupunun ilkin qərarı var ki, həmsədr ölkələrin (ABŞ, Fransa və Rusiya) qoşunları sülhməramlı qoşunlar kimi istifadə edilə bilməz: "İkincisi, prinsip etibarı ilə belə bir razılaşma var ki, sülhməramlı qoşünlar Avropanın o qədər də böyük siyasi çəkisi olmayan dövlətlərin qoşunlarından ibarət olmalıdır. Məsələn, sülh məramlılar Bolqarıstan, Slovakiya və s. bölgənin geosiyasi məsələlərində maraqlı olmayan, ölkələrinin qoşunlarında təşkil edilə bilər. Artıq belə bir ilkin razılaşma mövcuddur, əgər bu razılaşmaya əməl olunsa, onda istənilən kiçik və mədəni Avropa ölkələrinin qoşunları Qarabağda sülhməramlı missiyanı  həyata keçirə bilər. Sözsüz ki, bölgəyə bir neçə yüzdən bir neçə minə qədər sülhməramlı yerləşdirilə bilər".

Akif Nəsirli

0.051909923553467