Dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan əziyyət çəkir

Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi qiymətləndirilir

Müasir Azərbaycan cəmiyyətində dövlət -din münasibətlərinin tənzimlənməsi istiqamətində çox böyük işlər görən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həm də olkəmizdə multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi baxımından mühüm layihələrə imza atır.

Dövlət Komitəsinin müxtəlif dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları (QHT) və ictimai birliklərlə (İB) gördüyü işlər, ölkəmizdə dövlət-din, eləcə də din və cəmiyyət məsələlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət Komitəsi təkcə iyun ayında ölkəmizin müxtəlif bölgələrində müxtəlif mövzuları əhatə edən bir çox tədbirlər keçirib ki, onlardan biri də Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "Dini ekstremizm - ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi" mövzusunda seminar-müşavirədir.

Müşavirədə DQİDK və  Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər Şöbəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul işçiləri, Qəbələ, İsmayıllı, Ağsu və Oğuz rayonlarının icra və hüquq-mühafizə orqanlarının, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri yaxından iştirak edib.

Tədbirdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan, dövlət-din münasibətlərinin sağlam təməl üzərində qurulmasından söz açan DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb və Azərbaycanın bu nümunəvi modelini qoruyaraq inkişaf etdirmək və yeni nəsillərə ötürmək hər birimizin qarşısında duran əsas vəzifələrdən biridir.

Sədr müavini daha sonra bildiribki, hazırda dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Bu hadisələr səbəbindən həmin bölgələrdə ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaşanır, milyonlarla insan öz yurd-yuvalarından qaçqın və didərgin düşərək, ağır sosial şəraitdə yaşamağa məhkum olur. Əslində, cəmiyyətin dinclik və xoşbəxtliyinə səbəb olan dinin, əhalinin dinclik və etibarını təhdid edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismar edilməsi və bu pərdə altında fəaliyyətləri, dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu təhdidin qarşısının alınması baxımından dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi bu gün bütün sivil cəmiyyətlərin qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün, dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması daha effektiv nəticələr verə bilər. Çünki din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır. Məlumdur ki, bu gün cəmiyyətdə, eləcə də bir çox dövlətlərin ərazisində ölkəmizin inkişafını istəməyən qüvvələr fəaliyyət göstərir və Azərbaycana təkcə siyasi yox, həm də dini müstəvidə təsirlər göstərməyə, yad dini ideologiyaların respublikamıza ixrac olunmasına cəhd edirlər. Bunun qarşısını almaq məqsədi ilə Azərbaycan dövləti  İslam dininin mənəviyyat amili kimi həyatımızda mövcudluğunu qoruyur və inkişaf etdirir. Buna görə, Azərbaycan xalqı da ölkəmizdə İslam dinindən siyasi məqsədlər üçün istifadəyə, xurafata meylliliyə, dini radikalizmə heç zaman imkan verməyəcək. Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də ölkə vətəndaşlarını, xüsusən də gəncləri yad təsirlərdən qorumaq istiqamətində fəaliyyətini daha da genişləndirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə və maarifləndirmə" mövzusunda keçirdiyi panel iclası da, bu istiqamətdə görülən işlərin kiçik bir hissəsidir. Belə ki, burada da dini radikalizmlə mübarizə və maarifləndirmə əsas müzakirə mövzusu olub.

Şəki şəhərində mövcud olan dini durum barədə məlumat verən ŞİH başçısının müavini Zərinə Cavadova dövlətin dinə, dindarlara göstərdiyi qayğıdan, müxtəlif konfessiya nümayəndələri üçün yaradılan bərabər şəraitdən danışaraq qeyd edib ki, ölkəmizdəki dini sabitliyin, multikultural və tolerant mühitin formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətiindən qaynaqlanır.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov insanlara dini bilgilərin verilməsi, onların bu mövzu ilə bağlı məlumatlandırılmasının vacibliyinə toxunaraq bildirib ki, dini maarifləndirmə işi cəmiyyətin bütün təbəqələrini və fərdlərini əhatə etməlidir. Bunun üçün də insanlarda dini biliklər sahəsində mövcud olan boşluqların doldurulması, dini radikalizm meyllərinin zəiflədilməsi və cəmiyyətdə tolerantlığın artırılmasına nail olmaq qarşıda duran əsas vəzifələrdən biridir.

Azərbaycan xalqının tarixən dini radikalizmdən uzaq olmasına baxmayaraq, müstəqilliyini bərpa etdikdən sonra dini durumda üzləşdiyi problemlərdən birinin də radikalizm olduğunu bildirən sədr müavini qeyd edib ki, elm, təhsil zəif inkişaf etdiyi cəmiyyətlərdə din xurafata çevrilir: "Əgər hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmaz olur. Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı artır. Bu baxımdan, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir".

Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Südabə İsmayılova gənclərin radikal qruplaşmaların yalanlarına, təxribatçılıq əməllərinə uymaması və bütün bunlara qarşı mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Məlumdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan "Tədbirlər Planı" var və bu plana əsasən, Dövlət Komitəsi vaxtaşırı MN-nın hərbi hissələrində maarifləndirici tədbirlər keçirir. Belə tədbirlərdən biri də  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon "N" saylı hərbi hissənin birgə təşkilatçlığı ilə keçirilib. "Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda  keçirilən tədbirdə çıxış edən "N"saylı hərbi hissənin zabiti, mayor Sərxan Bayramov əvvəlcə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbçiləri  və şəxsi heyəti təbrik edərək, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar diləyib. Mayor Sərxan  Bayramov qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü işlər görür. O həmçinin, bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib.

"N" saylı hərbi hissənin komandirinin şəxsi heyətlə iş üzrə müavini, bölmə rəisi mayor Elşən Qurbanov isə, gənclərin dini radikalizmdən uzaq olmalarının vacibliyini qeyd edərək, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu xalqımızın əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O həm də, bu kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlərin effektivliyini artırmaq üçün yeniyetmə və gəncləri bu ənənələrin formalaşmasının tarixi ilə tanış etmək də, mühüm şərtlərdən biridir. Çünki bu gün dünyada baş verən bir çox məsələlər gənclər tərəfindən birmənalı qarşılanmır və onların arasında maarifləndirmə işlərini daha da gücləndirmək lazım gəlir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda keçirilən ikigünlük seminar-müşavirə də, məhz bu məqsədə xidmət edir.

Ölkəmizdə vicdan azadlığının təmin edilməsi və dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərildiyini deyən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi qiymətləndirilir.

Azərbaycanda din-dövlət münasibətlərinin nümunəvi xarakter daşıdığını bildirən Səyyad Aran, ölkəmizdə tolerantlıq və multikultural mühitin hökm sürdüyünü xüsusi vurğulayıb.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikamızın mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində böyük işlər görüldüyünü bildirən sədr müavini, bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycanda multikultural ənənələrin təbliği və təşviqində önəmli rol oynayan  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkəmizdə dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında da böyük pay sahibidir.

Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatları əsasında hazırlanıb.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.051668882369995