Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətidir

DQİDK -nin gördüyü işlər dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından çox böyük əhəmiyyət kəsb edir

Qloballaşan dünyamızda müasir cəmiyyətin dünyəvi hüquqi prinsiplər kontekstində dini dəyərlərə hörmət edərək, müstəqil şəkildə formalaşması iki cəhətdən özünü göstərir. Birincisi, siyasi hakimiyyət dini simvol və dəyərlərə istinad etmədən öz hüquqi-siyasi statusunu formalaşdırır. İkincisi, dövlətin ictimai həyatını tənzimləyən prinsiplər dini hökmlərə istinad etmir.

Buna görə də dinin ictimai həyatda yer alması fərqli bir formada özünü ehtiva edir və dövlətin demokratik prinsiplər çərçivəsində inkişafına təsir etmir. Burada demokratik proseslərə əks olan, dinin və ya başqa bir dini sektanın radikallıq nümayiş etdirmək cəhdləridir. Bu kimi hallar olmadığı təqdirdə, hər bir etiqad və düşüncə cəmiyyət həyatında həm düşüncə, həm də həyat tərzi olaraq öz yerini tuta bilir. Bu gün cəmiyyətdə qəbul olunan dünyəvilik prinsipləri də, əslində dinin ictimai əhəmiyyətinin zəiflədiyi prosesin adıdır. Bu baxımdan, dünyəvilik müasir cəmiyyətlərdə müştərək bir xüsusiyyət olaraq, hər yerdə eyni formada yayılmayıb. Buna görə də bir çoxları hesab edir ki, Qərbi Avropa dövlətləri dünyəvi, ABŞ dindar, Kanada isə bu iki kateqoriya arasında yer alır. Buna görə də dinin gələcəyini araşdıran müasir sosioloqlar "dinsiz bir gələcək düşüncəsinin illüziya" olduğunu bildirirlər. İnsanlar tarixin bütün dönəmlərində hansısa bir inanca ehtiyac duyub və ona tapınıb. Bu mənada araşdırmaçı sosioloqlarla razılaşmaq olar.

 Müasir Azərbaycan cəmiyyəti də dünyəvi bir dövlət olmaqla, həm də dini dəyərlərə çox yüksək səviyyədə dəyər verən bir ölkədir. Bunu ölkəmizdə yaşayan bütün dini konfessiyaların nümayəndələri, eləcə də respublikamızda səfərdə olan, müxtəlif dinləri təmsil edən çox mötəbər din xadimləri də etiraf edir. Çünki təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin tənzimlənməsi prosesi bu gün də ən yüksək səviyyədə davam etdirilir və bir çoxları üçün artıq nümunəyə çevrilib.

Ölkəmizdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının bu istiqamətdəki fəaliyyəti də respublikamızda din -dövlət münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdirilməsinə və qorunmasına xidmət edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaranmasının 18 illiyi münasibətilə "Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfrans da, bu faktı bir daha təsdiqləyir.

Konfransda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün dəyərlər sisteminin dəqiqləşdirilməsi müstəsna əhəmiyyətə malik idi. Belə bir vaxtda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsinin vacibliyi ortaya çıxmışdı.

Lakin məlumdur ki, müstəqilliyin ilk illərində ölkəmizdə baş qaldıran erməni separatizmi, ölkə daxilindəki xaos və anlaşılmazlıq, eləcə də dinlər arasında münasibətləri gərginləşdirməyə çalışan qüvvələrin fəaliyyəti, dövləti idarəolunmaz bir hala gətirmişdi. Ölkəmizdə yaranan vəziyyətdən narahat olan bir qrup ziyalı və Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev az bir zamanda həyatımızın bütün sahələrində qlobal dəyişikliklərə nail ola bildi. Dövlət -din münasibətləri sahəsindəki vəziyyəti nəzərə alan müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, dövlət-din münasibətləri sisteminin də əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası yaradıldı. Heç şübhəsiz ki, Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması idi. Komitə tərəfindən qısa bir müddətdə görülən işlər, proseslərin gedişi, qlobal miqyasda baş verən hadisələr bir daha təsdiqlədi ki, Ulu Öndər bu qurumu yaratmaqla ölkədə din siyasətinin daha da möhkəmlənməsinə, tolerantlıq mühitinin inkişaf etdirilməsinə yeni bir təkan verdi və baş verə biləcək mənfi halların qarşısının əvvəlcədən alınmasına mühüm zəmin yaratdı.

Ümummilli Liderin dinə dövlət qayğısı prinsiplərini daha yüksək səviyyəyə qaldıran Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Heydər Əliyev yolu ilə inamla və sürətlə irəliləyən Azərbaycan bu gün həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib.  Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə verdiyi böyük önəmin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın ən multikultural dövlətlərindən biri kimi tanınır.

Onu da qeyd etmək lazımdır ki, Ulu Öndərin təşəbbüsü ilə yaradılan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim dəstək göstərdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də, bütün fəaliyyəti dövründə ölkəmizdə dövlət -din münasibətlərin tənzimlənməsi, eləcə də ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın dünyada təbliği istiqamətində çox böyük işlər görüb və görür. Dövlət Komitəsinin fəaliyyətindən danışan sədr müavini 18 illik  fəaliyyət dövründə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işləri, həyata keçirilən layihələri diqqətə çatdırıb. O, dini qurumların dövlət qeydiyyatı və onlarla iş, dinşünaslıq ekspertizası, dini radikalizmlə mübarizə, dini maarifləndirmə işi, xarici və daxili ictimaiyyətlə əlaqələr sahəsində görülən işlərdən danışıb.

O həmçinin, Dövlət Komitəsinin kollektivinin öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək, din sahəsində mövcud məsələlərin sürətlə həllinə və dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə nail olmaq üçün var qüvvəsi ilə çalışdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın son illərdə fəaliyyətini daha da genişləndirdiyini bildirən sədr müavini Komitənin müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini, dini qurumlarla iş sahəsində xeyli irəliləyişlər əldə olunduğunu bildirib. O, Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dövlət-din münasibətlərinin tənzimlənməsi və din sahəsinə dövlət qayğısı baxımından əlamətdar hadisə kimi dəyərləndirib.

Konfransda çıxış edən Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Əliheydər Zülfüqarov da Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, DQİDK-nın din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində gördüyü işlər dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında Dövlət Komitəsinin fəaliyyətinin xüsusi əhəmiyyətə malik olduğunu deyən, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi ilə DQİDK uzun müddətdir ki sıx əməkdaşlıq edir. Qurumların birgə təşkil etdiyi tədbirlərin önəminə toxunan F.Nurullayev Azərbaycanda dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında Dövlət Komitəsinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Bu da məlumdur ki, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) kimi qurumların yaradılması da, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində aparılan böyük işlərin bir formasıdır.

Ümumiyyətlə, Azərbaycanda multikultural ənənələrin təbliği və təşviqi istiqamətinidə aparılan işlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müstəsna rolu var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət tərəfindən qarşıya qoyduğu məqsədlərinə çatmaq üçün gördüyü qlobal işlərin nəticəsidir ki, bu gün ölkəmizdə dövlət-din münasibətləri ən yüksək səviyyədədir və xalqımız sülh və əmin-amanlıq içində yaşayır.

Bu da hazırda dünyanın bütün sivil cəmiyyətlərinin qəbul etdiyi reallıqdır ki, Azərbaycan özünün dövlət-din, multikulturalizm və tolerantlıq dəyərlərinə münasibəti ilə hamıya örnək ola bilər. Azərbaycan multikulturalizmi modeli isə artıq bir çoxlarına nümunə kimi göstərilir. Bu da heç şübhəsiz ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.08390212059021