Türk xalqı bir daha özünü təsdiqlədi

Böyük qələbə İmanoğlunun deyil, türk demokratiyasınındır

Türkiyədə keçrilən təkrar bələdiyyə seçkilərini bütün tüpk dünyası həyacanla izləyirdi, gümanlar dağınıq idi, kimi təəssüflə, kimi də sevinclə türk demokratiyasının qürbundən danışırdı. Çünki Rəcəb Tayyib Ərdoğan kimi israrlı bir siyasətçi tam gücü ilə İstanbul bələdiyyəsini qazanmaq məqsədi ilə bütün imkanlarını səfərbər etmişdi ki, xalqın İmamoğluna verdiyi mandatı qazansın. Lakin bu dəfə xalq sözünü daha kəskin dedi və İmamoğlunu rekord həddə səs fərqi ilə yenidən İstanbulun bələdiyyə başqanı seçdi. Cəmiyyət bir orqanizm kimi sərt sifətini göstərərək, elə bil, acığa düşərək İmanoğluna İstanbul bələdiyyəsi tarixində ən yüksək sayda səs verdi. Bu türk xalqının illərlə qazandığı və bəslədiyi demokratiyanın təntənəsi idi. Bu o deməkdir ki, son illərin keşməkeşli qovğası hələ də türk xalqının demokratiya sevgisini sarsıtmayıb, Avropa məkanının layiqli bir cəmiyyəti kimi ayaqdadır. O ki qaldı son onillikdə bütün seçkilərə liderlik edən AKP-nin bütün böyük şəhər bələdiyyələrindəki məğlubiyyətinə, bu demokratik cəmiyyətin hakimiyyətin fəaliyyətinə adekvat reaksiyasıdır. Ergenekon əməliyyatından tutmuş son çevrilişə, oradan da son bələdiyyə seçkilərinə qədər hakim partiya bütün digər müsbət işləri ilə bərabər cəmiyyətdə "düşmən" axtarışı ilə məşbuldur. Siyasi nəzəriyyələrdə isə siyasi liderin yüksəlişinin, yalnız bu həddə qədər olduğu göstərilir. Hətta, demokratik dəyərlər çox zəif inkişaf etdiyi, despot və ya avtoritar cəmiyyətlərdə belə, ölkədə "düşmən" axtaran liderin siyasi prespektivinə cidd şübhələr yaranır.

Ərdoğan Türkiyənin son 20 illik dönəminin ən parlaq siyasətçilərindən biri olduğunu heç kim inkar edə bilməz. Yeri gəlmişkən, Rəcəb Tayyib Ərdoğan siyasətinin tranplini də, məhz İstanbul böyük şəhər bələdiyyəsi olub, onun ilk uğurları məhz bələdiyyə başqanlığına seçilməsi ilə başlayıb. Hətta, cəmiyyətdə "Şaban" kimi tanınan rəhmətlik Kamal Sunal komik filmlərindən birində belə bir ifadə işlədir ki, "Ərdoğan deyirsə, yapacaq..." Filmdə o qədər də diqqət çəkməyən bu ifadə, sonrakı illərdə Türkiyə siyasətində öz təsdiqini tapdı. İsrarlı bir siyasətçi olaraq Ərdoğan Türkiyənin siyasi sistemində inqilabi dəyişikliklər etdi - ordunun siyasi proseslərə təsirini aradan qaldırdı, parlament və prezident institunu gücləndirdi. Lakin bir siyasi lider üçün görünün bundan artığını etmək mümkün deyil.

AKP liderlərinin ciddi mübarizə ortaya qoyaraq İmamoğlunun mandatının ləğv edilməsi və təkrar seçkiyə getməsi rəqibin siyasi karyerasında daha böyük uğurun əldə edilməsinə səbəb oldu. İstanbul Böyük Şəhər Bələdiyyəsi Türkiyənin bir şəhərinin yerli özünüidarəetmə orqanı olsa da, artıq onun təkrar seçkini yüksək fərqlə udan Əkrəm İmamoğlunu bütün dünya tanıdı. Hazırda siyasi şərhçilər baş verənlərin səbəbləri üzərində baş sındırır, biri on, digəri isə iyirimi bənddən ibarət səbəb sadalayır. Bu yerdə Napoleon Bonapartdan bir lətifə yadıma düşdü. Bir dəfə döyüşlərdə toplardan bir neçəsi atəş açmır. Şöhrətli sərkərdə soruşur ki, toplar nə üçün atılmadı? Topçuların komandiri deyir ki, topların atmamasının 42 səbəbi var: birincisi, barıt yaş idi... Bu yerdə Napoleon topçunun sözünü kəsir - o biri səbəbləri deməsən də olar, çünki barıt yaşdırsa, digər 41 səbəb aradan qaldırılsa da top atmayacaq. İndi bu hadisənin əsas səbəbi odur ki, xalq bələdiyyə başqanlığına İmamoğlunu layiq gördü və xalqın iradəsinin əksinə qərar qəbul etməyə heç kim cəsarət etmədi. Bu hadisə bütün türk dünyasına bir örnəkdir - səlcuqlar bütün digər türk qardaşlarına demokratiya nümunəsi, türk soyu demokratiyasının presidentini yaradır. Bu hadisə göstərdi ki, Türkiyədə cəmiyyətin demokratik dəyərləri qəlblərdə elə kök salıb ki, onu artıq aradan qaldırmaq münkün deyil, bu geriyədönməz prosesə çevrilib. Bütün türk dünyasına belə nümunələr ortaya qoymaq arzusu ilə İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmanoğluna uğurlar diləyirik!

P.S : Sonda onu da qeyd edək ki, turk demokratiyasının gəlişmələrini təzahür edən bu cür hadisələr bir sıra Avropa ölkələri tərəfindən qısqanclıqla qarşılandığı hiss olunur. Çevrilişi eninə-uzununa təhlil edən Avropa televizyaları və ekspertləri son bələdiyyə seçkiləri barədə çox xəsisliklə danışır.

Akif Nəsirli

0.039106130599976