Vyana konfransı dünyanın qlobal proseslərinə Azərbaycanın özəl və dəyərli töhfəsidir

Azərbaycanda dövlət-din münasibətləri modeli zamanın tələblərinə uyğun şəkildə təkmilləşdirilib

Xəbər verildiyi kimi, iyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin "Hofburq" sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bir mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məqsədi daşıyıb.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, bu gün dünyada nümunə kimi qəbul olunan multikulturalizmin Azərbaycan modeli, Prezident İlham Əliyevin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi «multikulturalizm» və «İslam həmrəyliyi» illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Şeyx həzrətləri həmçinin bildirib ki, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniyada uğurlu beynəlxalq konfranslar təşkil edib və Vyanada təşkil edilən konfrans da bu çəçivədə keçirilən növbəti tədbirlərdən biridir.

Şeyxülislam bildirib ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və bu müdrik siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsi kim tanınır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə uğurlu fəaliyyəti, milli-mənəvi irsimizin ən yüksək səviyyədə təbliği ilə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və qayğısı Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsində mühüm rol oynayır.

A.Paşazadə  Azərbaycan -Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq qeyd edib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan bu münaqişə nəticəsində yaranmış problemin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl olunmasını tələb edir və ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasından real nəticə gözləyir.

Dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyini, bəzən dini zəmində qarşıdurmalara bilərəkdən rəvac verildiyini deyən Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, məhz bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası əməkdaşlıq və bəşəri həmrəylik mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, Azərbaycan bu gün sülhsevərliyə, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inanclıların birgəyaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb: "Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlə bağlı siyasətin sağlam və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda bu münasibətlərin beynəlxalq hüququn normaları müstəvisində tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquqi baza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib".

Dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına daha böyük diqqət göstərilməlidir. Deputat bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edib: "Xoş mərama söykənməli olan bu ideyaların geniş ictimaiyyət arasında təbliğinə xüsusi diqqət ayrılmalıdır". S.Novruzov qeyd edib ki,  Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir: "Artıq ənənəyə çevrilən bu Forumun rəsmi açılışındakı nitqində Prezident İlham Əliyev multikulturalizmi "alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant" kimi dəyərləndirməklə, təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib".

Tədbirdə çıxış edən KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar rəhbərlik etdiyi qurumun Vyana konfransının həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu qeyd edərək, müasir dövrdə qeyri-tolerantlıq və ksenofobiyanın , dini və etnik icmalara, qaçqınlara, cəmiyyətin müxtəlif təbəqələrinə qarşı mənfi yanaşmalara yol açdığını bildirib və buna görə də dini rəhbərləri münaqişələrin nizamlanması, cəmiyyətdə ekstremizm hallarının artmasına qarşı vahid strategiya və mexanizmlərin hazırlanmasında birgə fəaliyyətə çağırıb. O, eyni zamanda, dinlərarası uğurlu dialoq nümunələrinin dünyada daha geniş təbliğinin vacibliyini vurğulayıb və bu cür örnəklərin cəmiyyətdə geniş yayılmasının vacibliyini diqqətə çatdırıb.

 Silahlı münaqişələr nəticəsində dünyada milyonlarla insanın öz doğma torpaqlarından didərgin düşdüyünü deyən Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov , Azərbaycanın da taleyinə belə bir münaqişə düşən ölkələrdən biri olduğunu bildirib.  O qeyd edib ki, belə münaqişələr nəticəsində maddi-mədəni, tarixi və dini abidələr məhv edilir, ən əsası isə insan talelərinə ağır zərbə vurulur: "Ayrı-seçkiliyin güclənməsi dünyada qarşıdurma və münaqişələrin sayının artmasına səbəb olur və bu məsələdə mətbuatın da üzərinə böyük məsuliyyət düşür",- R.Həsənov deyib. Nazir müavini həmçinin qeyd edib ki, bir sıra mətbu orqanları jurnalistika prinsiplərinə zidd olaraq səhv xəbərlər, müxtəlif stereotiplərə söykənən saxta məlumatlar yayır və bu yolla problemlərin nizamlanmasına deyil, daha da qızışmasına cəhd edərək, cəmiyyətdə dözümsüzlük toxumları səpməyə çalışır: "Bunun qarşısının alınması və bəşəri həmrəyliyə nail olmaq üçün dini icmalar da öz səylərini artırmalıdır".

Konfransda çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxdinli dövlətdir və dini münasibətləri multikulturalizm siyasəti çərçivəsində nizamlayır. Bu da cəmiyyətdəki etnik, dini və mədəni fərqliliklərin nizamlanması üçün ən səmərəli siyasi modeldir. O, diqqətə çatdırıb ki, Azərbaycanda əhalinin 96 faizinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, burada bütün dinlər üçün yüksək inkişaf şəraiti yaradılıb və onlar tam sərbəst şəkildə fəaliyyət göstərirlər. 

Azərbaycan Konstitusiyasının 18-ci maddəsində "Bütün dinlər qanun qarşısında bərabərdir" prinsipi əksini tapır və bu prinsip dövlətin dinlərlə bağlı siyasi kursunu təşkil edir: "Məhz buna görə də Azərbaycanda həm müsəlman təriqətləri arasında, həm də digər dini icmalarla münasibətdə heç bir ayrı-seçkilik və qarşıdurma halına rast gəlinmir, bütün dinlərin təmsilçiləri dinc və birgə yaşayırlar".

Tədbirdə çıxış edən Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzairi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-dini tolerantlıq və multikultural ənənələrin qorunması sahəsində həyata keçirdiyi qlobal əhəmiyyətli təşəbbüslərini qeyd edərək, Vyana konfransının da dünyanın qlobal proseslərinə Azərbaycanın özəl və dəyərli töhfəsi olduğunu bildirib.

Müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu qeyd edən BMT Baş katibinin müavini Raşid Xalikov sülh, dinc birgəyaşayış və ədalət kimi bəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğinin vacibliyinə diqqət çəkib. BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos müasir dünyada sivilizasiyalararası dialoqun əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin 2016-cı ili ölkədə "Multikulturalizm İli" və 2017-ci ili isə "İslam Həmrəyliyi İli" elan etməsinin Azərbaycan dövlətinin bu sahədə nə qədər uzaqgörən siyasət yürütdüyünün və dünyada öncül mövqedə dayandığının göstəricisi olduğunu bildirib.

Sonda beynəlxalq konfransda yekun sənəd - Vyana Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

Yazının hazırlanmasında AZƏRTAC-ın informasiyalarında istifadə olunub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.043186187744141