Azərbaycan dünyada dinlər və millətlər arasında dözümlülüyün təbliğatçısı qismində çıxış edir

Mədəniyyətlər və sivilizasiyalar arasında dialoq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir

Azərbaycanın dün-yada multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti, bir sıra Qərb dövlətləri tərəfindən birmənalı qarşılanmasa da, ümumilikdə bütün sivil cəmiyyətlərdə müsbət nümunə kimi qəbul olunur. Bunu təsdiqləyən əsas faktlar, multikulturalizm və tolerantlıqla bağlı bir çox beynəlxalq tədbirlərin bilavasitə Azərbaycanda keçirilməsidir. Dünyada sülhün, barışın, dinlər və millətlər arasında dözümlülüyün təbliğatçısı və təşviqatçısı qismində çıxış edən Azərbaycan dövləti, tarixin bütün dönəmlərində bu ənənələrə sadiq qalıb və bu gün də həmin siyasəti həyata keçirmək istiqamətində çox mühüm layihələr həyata keçirir. Bu layihələrin daxilində həm də multikulturalizmin və tolerantlığın ölkəmizdə, eləcə də dünyanın müxtəlif bölgələrində təbliği və təşviqi xüsusi yer tutur.  

İyun ayının 19-da  Vyanada öz işinə başlayan "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusundakı beynəlxalq konfransı da, bu layihələr çərçivəsində keçirilən silsilə tədbirlərin davamı kimi qəbul etmək lazımdır.

Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb. Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransın keçirilməsi üçün yaradılan şəraitə görə, təşkilatçılara öz minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov və Səməd Seyidov, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart, Avstriya parlamentinin üzvü Qeral Hauzer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının rəhbərliyi iştirak edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin ideya rəhbəri olduğu tədbir barədə görüş iştirakçılarına ətraflı məlumat verərək  qeyd edib ki, müxtəlif dinlərin və mədəniyyətlərin dinc, birgə yaşadıqları Avstriya da, tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb və məhz buna görə də beynəlxalq konfransın bu ölkənin paytaxtı Vyana şəhərində keçirilməsinə qərar verilib.

Şeyx həzrətləri həm də Avstriya nümayəndələrini bu ilin sentyabrında ölkəmizin paytaxtında keçiriləcək "Dünya dini liderlərinin II Bakı sammiti"ndə iştiraka dəvət edib.

Daha sonra çıxış edən Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart konfransın Vyanada keçirilməsindən məmnunluq duyduğunu qeyd edərək, Avstriyada dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət daşıdığını bildirib. Avstriyanın müxtəlif dini, milli, mədəni və digər görüşləri təmsil edən tərəflər arasında dialoqun baş tutduğu ölkəyə çevrildiyini qeyd edən nazir, bu amillərlə yanaşı, iqtisadi əlaqələrin inkişafının da daim diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanla Avstriyanın uzun illərə söykənən dostluq əlaqələri var və ölkəsi bu əlaqələri davam etdirməkdə maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri isə bu dostluğun zirvə nöqtəsidir. Nazir həmçinin bildirib ki, Azərbaycan Respublikası Prezidentinin son səfəri çərçivəsində Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının əsası qoyulub. Bu Şuranın əsas məqsədi iki ölkə arasındakı dostluq əlaqələrini yeni mərhələyə qaldırmaqdır. Bütün bunlar onu deməyə əsas verir ki,  Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası iki dövlət arasında iqtisadi əlaqələrinin dərinləşməsi ilə yanaşı, mədəni və dini mövzularda layihələrin inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağın mövcud olması, hər iki ölkənin bu əlaqələrdən bəhrələnməsinə imkan verəcək.

Nazir Andreas Rayxhart iki ölkə arasında sıx və mütəmadi əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını və şəxsən özünün də Azərbaycana dərin dostluq hissləri bəslədiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Avstriya xalqına və hökumət üzvlərinə ehtiram və salamlarını çatdıraraq qeyd edib ki, Azərbaycan tərəfi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına dəstək verəcək və bu inkişafda maraqlı olduqlarını dövlət başçıları da öz çıxışlarında xüsusi qeyd ediblər.

Bu ilin mart ayında Prezident İlham Əliyevin Avstriyaya uğurlu səfərinin nəticəsi olaraq, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının yaradıldığını və bu qurumun artıq öz fəaliyyət istiqamətlərini müəyyən edərək işə başladığını qeyd edən Əli Həsənov Şuranın iki ölkə arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib.

Prezident köməkçisi Vyananın Avrasiyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzlərindən biri olduğunu qeyd edərək bildirib ki, beynəlxalq konfransın keçirilməsi üçün məkan seçimində qərarın bu şəhərin xeyrinə verilməsi heç də  təsadüfi olmayıb. Ə.Həsənov həmçinin qeyd edib ki, dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir və ölkəmizin müstəqillik tarixinin son 25 ilində ölkə daxilində davamlı olaraq bu istiqamətdə çox böyük işlər görülür. Azərbaycan bu siyasəti, təkcə ölkə daxilində reallaşdırmaqla kifayətlənmir, eyni zamanda, qarşılıqlı hörmət və rəğbətə söykənən bu dəyərləri dövlətlərarası münasibətlərin əsas prinsiplərindən biri kimi qəbul edir. Dövlətlərarası münasibətlər müstəvisində bu siyasət özünü müxtəlif sivilizasiyalar arasında əlaqələrin intensivləşməsi ilə təsdiq edir. Prezident İlham Əliyev də müxtəlif xüsusiyyətlərə malik sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət hesab edir və dünya ölkələrini də bu siyasi xəttə əməl və yardım etməyə çağırır.

Əli Həsənov qeyd edib ki, bütün dinləri və sivilizasiyaları təmsil edən nümayəndələrin, dövlət və hökumət rəsmilərinin iştirak edəcəkləri tədbirin sonunda dinlərarası və sivilizasiyalararası əməkdaşlığa çağırış edən bəyannamənin qəbul olunacağı gözlənilir. Ə.Həsənov bildirib ki, konfransda müzakirəyə çıxarılacaq mövzular, ediləcək çağırışlar, onun təmsil etdiyi dəyərlər həm Azərbaycanın, həm Avstriyanın, həm də bütövlükdə Avropa İttifaqının həyata keçirdiyi kursa tam uyğundur və bu istiqamətdə işlər davam etdirilir.

Diqqətinizə çatdıraq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusundakı beynəlxalq konfrans iyunun 19-da Vyana şəhərinin "Hofburq" sarayında öz işinə başlayıb. Konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının (QHT) rəhbəri, o cümlədən, BMT Baş katibinin müavinləri, Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələri, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələri iştirak edib.

Konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.

Konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Konfransda həmçinin, Azərbaycanın sivilizasiyalararası  və dinlərarası əməkdaşlığın inki- şafındakı rolundan və multikulturalizm dəyərlərindən bəhs edən "Bəşəri çağırış" filmi nümayiş olunub.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamızda Azərbaycan öz nadir təcrübəsini- multikulturalizm modelini təklif edir. Şeyx həzrətləri həmçinin bildirib ki, milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi olaraq tanınır.

Çıxışının sonunda  Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək 2-ci Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir töhfəsi olacaq.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.036928176879883