Çoxkonfessiyalı dövlət olaraq Azərbaycan dini ekstremizm üçün cəlbedici görünə bilər

Dini və milli ekstremizm dinlər və millətlər arasında barış və həmrəyliyin yaranması yolunda ən böyük maneədir

Müasir dünyamızda yaranan bir çox qarşıdurmaların və anlaşılmazlıqların kökündə duran ən mühüm problemlərdən biri də dini ekstremizm, fanatizim və bundan qaynaqlanın radikalizmdir. Dini və milli ekstremizm həm də multikulturalizmin və tolerantlığın tam əksi olaraq, dinlər və millətlər arasında barış və həmrəyliyin yaranması yolunda ən böyük maneədir. Buna görə də, bütün sivil dövlətlər multikulturalizmə və tolerantlığa, eləcə də  ictimai və mənəvi dəyərlərə təhlükə olan bu problemə qarşı ayrı-ayrılıqda deyil, birgə mübarizə aparmalıdır.

Azərbaycan çox qədim dövrlərdən bəri, dünyada ən tolerant və multikultural bir cəmiyyət kimi tanınsa belə, burada da zaman -zaman dini və milli ekstremist qrupların baş qaldırdığının şahidi oluruq.

Buraya müstəqilliyinin ilk illərində üzləşdiyi və bu gün də davam edən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini də aid etmək olar. Bu, bütün dünyaya bəlli bir həqiqətdir ki, erməni separatçı-ekstremistlərinin təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunub, bir milyona yaxın insan öz yurd-yuvasından qaçqın və məcburi köçkün düşüb. Ermənilərin dini don geyindirməyə çalışdıqları bu təcavüzün bir adı var, işğalçılıq, başqalarına qarşı dözümsüzlük, terrorçuluq və ekstremizm.

Azərbaycan isə özünün başqalarına qarşı dözümlülük, tolerantlıq və multikultural ənənələrini davam etdirərək, bu münaqişənin də beynəlxalq hüquq normalarına uyğun, sülh yolu ilə həllinə çalışır.

Azərbaycan, ümumiyyətlə, din sahəsində mövcud problemlərin, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə geniş imkanlar yaradır. Dini Qurumlarla İŞ üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər Şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumları da dövlətin qarşıya qoduğu vəzifələrin icrası istiqamətində mühüm tədbirlər həyata keçirir. Dini ekstremizm və radikalizm kimi problemlərin həllində rayon icra hakimiyyətləri də dövlət qurumlarına, eləcə də bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT) yaxından yardım göstərirlər. Bunun üçün müxtəlif formatda konfranslar, dəyirmi masalar, seminar-müşavirələr keçirilir. Bu tədbirlərdə iştirak edən dövlət qurumlarının nümayəndələri qeyd edirlər ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Gənclərimizin radikal dini təsirlərdən qorunması üçün onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacibdir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu istiqamətdə çox böyük işlər görüb. Ümummilli Liderin təməlini qoyduğu siyasəti davam etdirən Prezident İlham Əliyev də adət-ənənələrimizin, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı göstərir, bu istiqamətdə həyata keçirilən bütün işləri dəstəkləyir.

Məlumdur ki, dini radikalizm, ekstremizm və onların fəsadlarının aradan qaldırılması, təkcə dövlətin üzərinə düşən vəzifə deyil, bu bəlaya qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Çünki bəzi ekstremis qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlik pozuculuq fəaliyyəti, bütünlüklə ölkəmizdə sabitliyin pozulmasına cəhddir və buna qarşı hər birimiz mübarizə aparmalıyıq. Bunu da yaddan çıxarmamalıyıq ki, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferalarda toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir çox istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi açıq müşahidə olunur. Bu baxımdan, bu gün qarşımızda duran əsas məsələlədən biri də, dini təhlükəsizlik probleminin həllidir. Dini radikalların və ekstremist qruplaşmaların fəaliyyətini ictimai təhlükəsizliyə açıq təhdid kimi qəbul edərək, ona qarşı ciddi mübarizə  formalarının seçilməsi də vacib məsələlərdən biridir. Bunu nəzərə alan Azərbaycan dövləti son illər ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı mübarizə və bu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində qlobal işlər həyata keçirib. Görülən işlərin miqyasını anlamaq üçün Gəncə və Nardaran hadisələrinin adlarını çəkmək yetər.

Bununla belə, ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində təbliğat işlərinin gücləndirilməsinə hələ də ehtiyac duyulur. Çünki ölkəmizin inkişafını, xalqımızın rifah səviyyəsinin yüksəlişini gözləri götürməyən, dövlətimizin qüldrətini sarsıtmağa cəhd edən düşmən qüvvələr fürsət gözləyirlər və mübarizəni səngitdiyimiz halda yenidən öz çirkin əməllərini həyata keçirməyə cəhdlər edəcəklər.

Buna görə də istər ölkə daxilində, istərsə də əcnəbi dövlətlərdə Azərbaycan həqiqətlərinin təbliğinə ciddi önəm vermək lazımdır.

Bunun üçün mütəmadi olaraq konfranslar, seminarlar keçirilməlidir.

Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfrans təqdirəlayiq bir tədbir kimi dəyərləndirilməlidir.

Konfransda Prezident Administrasiyasının Millətlərarası münasibətlər, Multikulturalizm və Dini məsələlər Şöbəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər iştirak edib.

Konfransda çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, ölkəmizdəki dini dözümlülük, multikultural və tolerant mühitin qorunub saxlanılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə həmin siyasəti Prezident  İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin ölkəmizdə bütün dini konfessiyaların fəaliyyətinə yaratdığı şəraitin, onlara göstərilən dövlət qayğısının nəticəsidir ki, respublikamızda 940 dini icma dövlət qeydiyyatına alınıb,    2500-ə yaxın məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasına dövlət tərəfindən dəstək göstərilməsi, dünyada analoqu olmayan bir nümunədir. Azərbaycan tarixin bütün dönəmlərində etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələrinin formalaşdığı, milli və dini zəmində heç bir ayrı-seçkilik faktının qeydə alınmadığı bir dövlət kimi tanınır.  Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar respublikamızda özlərini nəinki yad hesab etmir əksinə, fərqli dini konfessiyaların nümayəndələri də hər zaman Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək, Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparırlar.

Bu gün də Azərbaycan həqiqətlərinin təbliği, eləcə də ölkəmizdə yaşayan digər dini konfessiya nümayəndələrinin öz dini inanclarını qoruyaraq inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərinin coğrafiyası çox genişdir. Buraya heç şübhəsiz ki, ölkəmizdə dini radikalizmə və ekstremizmə qarşı mübarizə də daxildir. Məlumdur ki, dini radikalizm dinlər arasında münaqişələrin yaranmasına xidmət edir və öz fəaliyyətini bu istiqamətdə həyata keçirməyə çalışır. Ölkəmiz də çoxkonfessiyalı bir dövlət olmaqla ekstremistlər və radikallar üçün cəlbedici məkan təsiri bağışlayır. Lakin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət -din münasibətləri onların ölkəmizdə əl-qol açmalarına qətiyyən imkan vermir.

Cəmiyyətin bütün sahələrində fəallıq göstərən dini konfessiyalar Azərbaycan həqiqətlərinin təbliği baxımından da, dövlət qurumları ilə yanaşı mühüm işlər görür. Ölkəmizdə həyata keçirilən bir çox beynəlxalq səviyyəli tədbirlər də, bu icmaların aktivliyinin daha da artırılmasına müsbət təsir göstərir.

Məsələn, ölkəmizdə məskunlaşan və burada fəaliyyət göstərən müxtəlif dini icmalar erməni ekstremistlərinin Dağlıq darabağda törətdikləri vəhşiliklər barədə faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görürlər. Onların həmçinin, xalqımızın əsrlər boyu formalaşdırdığı multikultural və tolerant dəyərlərin, eləcə də  tarixinin, mədəniyyətinin, o cümlədən Azərbaycandakı dini durumla bağlı obyektiv məlumatların təbliği istiqamətində gördüyü işlər də ölkəmizdəki tolerant və multikultural mühitin tanıdılması və yayılması baxımından çox böyük əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, ölkəmizin əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada müxtəlif dini konfessiyaların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayır və bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın bu nümunəvi modeli respublikamızın nüfuzunun dünya miqyasında daha da artmasına gətirib çıxarır və burada mövcud olan dini konfessiya rəhbərlərinin bir-birinə olan dostluq, qardaşlıq münasibətləri  xarici ölkələrə səfərlər zamanı oradakı insanların heyranlığına səbəb olur. Ölkəmizə səfər edən xarici jurnalistlər də Azərbaycandakı dinlərarası harmoniyanın canlı şahidi olduqlarını və gördüklərindən təəccübləndiklərin bildirirlər. Bu səbəbdən də ölkə həqiqətlərinin təbliği istiqamətində təşkil olunan yerli və beynəlxalq tədbirlər, səfərlər çox böyük önəm daşıyır və onların mütəmadi keçirlməsi üçün baza rolunu oynayır. Ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsimizə qarşı vandalizm faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da dini icmaların üzərinə mühüm vəzifələr düşür.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.28332805633545