Azərbaycan öz milli-etnik tərkibi ilə dünyanın ən nadir, özünəməxsus və mədəni sivilizasiyalarından biridir

Mədəni müxtəlifliyi qoruyub inkişaf etdirməklə, cəmiyyətdə multikultural və tolerant mühit formalaşdırmaq mümkündür

Müasir dünyada dinlər və millətlər arasında multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlərin böyük bir qismi, bilavasitə hər bir dövlətin tərkibində məskunlaşan xalqların və dini konfessiyaların mədəni müxtəlifliklərinin inkişaf etdirilməsi ilə sıx bağlıdır. Məlumdur ki, multikulturalizm anlayışı bilavasitə mədəni müxtəlifliklərin çoxluğunu özündə ehtiva edir. Burada onu da qeyd etmək yerinə düşər ki, mədəniyyətin ən mühüm şərtlərindən biri də, mədəni müxtəliflik və plüralizmdir. Bu məsələ etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində fərqli formalarda özünü göstərir. Bu da həmin mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyərlərin fərqliliyindən irəli gəlir.

Dahi alman mütəfəkkiri İ.Herder özünün "Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar"  əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyətin ən mühüm faktor olduğunu qeyd edir və bildirir ki, məhz dində, dildə, sənətdə, elmdə öz əksini tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini və identikliyini göstərir.

Azərbaycan alimi, hüquq elmləri doktoru, professor Rəbiyyət Aslanova özünün "Qloballaşma və mədəni müxtəliflik" monoqrafiyasında qeyd edir ki, mədəniyyətin strukturundakı hər bir komponent - mifologiya, elm, din, ədəbiyyat və s. - bu sistemin həlqələrini, eləcə də etnik-milli-ümumbəşəri səviyyə müstəvilərini təşkil edir.

Rus alimi, filosof M.S.Kaqan isə mədəniyyəti yalnız öyrənmək deyil, həm də qəbul etmək, başqa mədəniyyətin mövcudluğunu təbii tarixi fakt kimi qəbul etmək lazım olduğunu bildirib. 

Amerikalı alim, politoloq  Samuel Xantinqton isə qeyd edir ki, soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir, bunlar mədəni fərqlər və müxtəlifliklər olacaq.

Qeyd etmək lazımdır ki, mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı da mühüm rol oynayır. Çünki bu səviyyələrin fərqləndirilməsi "mədəni müxtəliflik" anlayışını başa düşməyə kömək edir.

Lakin o da məlumdur ki, etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti daxilən ziddiyyətli prosesdir. Bununla belə, bu gün Azərbaycanda mövcud olan dini və milli anlaşma, qarşılıqlı əməkdaşlıq və yaşam forması onu deməyə əsas verir ki, mədəni müxtəlifliyi qoruyub inkişaf etdirməklə, cəmiyyətdə multikultural və tolerant mühit formalaşdırmaq mümkündür. Sadəcə olaraq burada dövlətin üzərinə çox böyük məsuliyyət düşür.

Onu da qeyd edək ki, "Etnik insan birliyi" səviyyəsi millətin formalaşması ilə yoxa çıxmır. Əksinə, millətlərin əksəriyyəti üçün etnik mənsubiyyət -"milli hiss" fenomeninin mənbələrindən birini təşkil edir və insanlar özlərini əsasən,  mənşə, tarix və dil kimi kollektiv birlik və ümumilik hissi sayəsində digərlərindən fərqləndirir.

Bu gün bir sıra Qərb dövlətlərində multikulturalizmin iflasa uğraması iddiası da, məhz bu fərqliliklərə yanlış yanaşmanın nəticəsidir. Biz bir çox hallarda elmi-kütləvi, yaxud, publisistik ədəbiyyatda "etnik və milli mədəniyyət" anlayışlarının eyniləşdirilməsini müşahidə edirik ki, bu da milli və dini problemlərin həllini daha da çətinləşdirir. Problem dalana dirəndikdə isə onun həlli yollarını tapmaq əvəzinə, ondan imtina etmək yolunu tuturuq, Fransa, Almaniya və Böyük Britaniyada olduğu kimi.  

Belə bir zamanda Azərbaycan özünün milli və dini məsələlərə yanaşma metodları ilə Qərb dövlətlərindən fərqli olaraq, dünyada sülhün və  birgəyaşayışın ən mükəmməl yolunu multikulturalizmin inkişaf etdirilməsində görür. Buna görə də, açıq etiraf etməliyik ki, Azərbaycanın və "azərbaycançılığın" əzəməti də, məhz bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan insanların maddi və mənəvi gücündədir. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan siyasətinin leksikonuna daxil etdiyi "azərbaycançılıq" ideologiyasının ortaq dəyər və sərvətlərə dayanaraq doğuracağı potensialın təsir və miqyasını təsəvvür edəndə, görürsən ki, bu xoş məram və niyyətə sevinənlər olduğu kimi, narahatlıq keçirənlər də yox deyil. Belələrinə qarşı mübarizənin özü də, multikulturalizmin və tolerantlığın inkişafına, təməli Ulu Öndər tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının bərqərar olmasına xidmət edir. Azərbaycan çox qədim zamanlardan müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların qəlbən sadiqliyi və mənsubluğu, bünövrədən bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən xəbər verir.

Azərbaycan xalqının da tarixi kökləri taleyin hökmü ilə bütün dünyaya səpələnən ümumtürk etnosuna gedib çıxır ki, bu gün ölkəmizdə 10 milyon azərbaycanlı yaşayırsa, 50 milyonu ölkəmizin hüdudlarından kənarda məskunlaşıb. Coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olan, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşıyan Azərbaycan tarixin bütün dönəmlərində tolerant bir diyar kimi tanınıb və Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, eləcə də əksinə keçid prosesində körpü rolunu oynayıb. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığın özü irəli sürüb. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların və dinlərin nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geopolitik və mədəni məkandır. Məsələn, görkəmli rus alimi Y.A.Jdanov özünün "Avrasiyanın günəş çələngi" əsərində yazır: "Planetdə başqa elə bir bölgə yoxdur ki, burdakı kimi onlarla xalq çox uzun müddət birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai elmi fikri millətlərarası münasibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşma probleminə dünyanın diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımdan dəyərli bir nümunədir".

"Azərbaycançılıq" ideyası etnik-milli və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verən bir ideologiyadır. Bu ideologiyanın da əsasında  multikulturalizm və tolerantlıq durur. Məhz buna görə də, ölkəmizdə bir ailə kimi vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar: talışlar, ləzgilər, avarlar, kürdlər, tatlar və başqaları, ümumilikdə 30-dan artıq azsaylı xalqların və etnik qrupların nümayəndələri özlərini azərbaycanlı adlandırırlar. Tarixin bütün dövrlərində özünün rəngarəng milli və dini tərkibli ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli və dini mənbələri bu gün də qorunur və inkişaf etdirilir. Ölkəmizin ərazisində yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti- folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. bu müxtəlifliyin vəhdətini, harmoniyasını təşkil edir.

Professor Rəbiyyət Aslanova "Qloballaşma və mədəni müxtəliflik"adlı kitabında qeyd edir ki, Azərbaycanda etnik-müxtəlifliyi maraq və məqsədləri üçün istifadə etmək istəyən qüvvələr həm daxildə, həm də xaricdə həmişə olub:"Azərbaycanın əzəmət və qüdrətini sübut edən bu rəngarəng, "sosial-mədəni kapitalı" əleyhimizə yönəldənlərin bütün cəhdlərinin qarşısı, Azərbaycan xalqının böyük lideri, müdrik rəhbərimiz Heydər Əliyev tərəfindən qətiyyətlə alındı". Bu gün də Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin dövlətimizin nüfuzuna xələl gətirən bu kimi hallara qarşı apardığı qətiyyətli mübarizənin nəticəsidir ki, ölkəmizdə dini və milli müstəvidə bütün anlaşılmazlıqların qarşısı alınıb və tam sabitliyə nail olunub.

Bu gün ölkəmizdə onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan  Respublikası Mədəniyyət Nazirliyi YUNESKO-nun, Avropa Şurası və ATƏT-in "mədəni müxtəlifliyə" dair proqramlarında fəal iştirak edir. Bir sözlə, bu gün bütün sivil cəmiyyətlər Azərbaycanı öz milli-etnik tərkibi ilə dünyanın ən nadir, özünəməxsus və mədəni sivilizasiyalarından biri kimi tanıyır və qəbul edir.

Hazırda Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri heç bir təhdid və təzyiqlə üzləşmədən öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosasiyalarını və ittifaqlarını yaradırlar.

Azərbaycan dövləti də, milli azlıqların bu və ya digər strukturlarına həm maddi, həm də mənəvi dəstək verir, dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur.

Azərbaycan hökuməti respublikamızda yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin qorunması və inkişafı ilə bağlı konkret iş görür, müxtəlif layihələr həyata keçirir. Bu məqsədlə Gürcüstan, Dağıstan, Tatarıstan respublikaları, onların ölkəmizdəki səfirlikləri ilə də əlaqələr yaradılıb. Eyni zamanda, azsaylı xalqları təmsil edən cəmiyyətlər, mədəniyyət mərkəzləri və ocaqları ilə qarşlıqlı əməkdaşlıq qurulub.

Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycanda istər dini, istərsə də milli-etnik müxtəlifliyin özünəməxsus mədəniyyətlərinin qorunmasına və inkişaf etdirilməsinə dövlət səviyyəsində hər cür imkanlar yaradılıb və onlar bu imkanlardan tam istifadə edə bilirlər. Bu da Azərbaycan dövlətinin dünyada multikulturalizmin və tolerantlığın qorunmasına və inkişaf etdirilməsinə verdiyi ən böyük töhfədir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.039277076721191