Dini, etnik dözümlülük mühiti Azərbaycanı mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib

Dünyada Azərbaycan mültikulturalizmi modelinin öyrənilməsinə böyük maraq yaranıb

Azərbaycanda mövcud olan multikultural və tolerant mühit tarixin keşməkeşli dolaylarından keçərək formalaşıb və bu gün də qorunaraq inkişaf etdirilir. 

Dünya sivilizasiyasının son illər üzləşdiyi bir çox problemlərin kökündə, məhz tolerantlığın-başqalarına qarşı dözümlülük faktorunun çatışmazlığını durduğunu   artıq hamı başa düşür. Bununla belə, bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması iddiasını ortaya qoymalarını heç cür anlamaq mümkün deyil.

Belə qarışıq bir zamanda Azərbaycan dövlətinin dünyada multikulturalizmin və tolerantlığın inkişaf etdirməsi və qorunması istiqamətində gördüyü qolabal işlər heç şübhəsiz ki, bütün sivil cəmiyyətlər tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir.

Azərbaycanda multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu kimi, həm də burada yaşa-yan bütün xalqların, etnik qrupların və dini konfessiyaların gündəlik yaşam tərzi olaraq qəbul olunur. Belə bir mühitin formalaşdırılması isə öz-özünə baş vermir. Ölkəmizdə bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT), eləcə də dini icmalar və ictimai birliklər bu istiqamətdə mühüm işlər görür, ciddi layihələr həyata keçirirlər. Onların arasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Bu qurumların istər ölkəmizdə, istərsə də dünyanın müxtəlif bölgələrində multikulturalizmin Azərbaycan modelinin təbliği istiqamətində gördüyü işlər, heç şübhəsiz ki, nəinki regionda ümumiyyətlə, dünyada multikultural dəyərlərin inkişafına böyük töhfələr verir. 

Məsələn, ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində keçirilən beynəlxalq hüquq və din simpoziumunda Azərbaycan multikulturalizminin əsas müzakirə mövzularından biri olması diqqətçəkən məsələdir.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, dünyanın 50-dən çox ölkəsindən 150-dək siyasi-ictimai və din xadimlərinin, elm, QHT və media nümayəndələrinin qatıldığı bu simpoziumda insan hüquqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular geniş müzakirə olunub.

Tədbirdə bir sıra tanınmış din və siyasi xadimlərinin, o cümlədən ABŞ Dövlət Departamentinin dini azadlıqlar üzrə səfiri Sem Braunbek, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel və Avropa İnsan Haqları Məhkəməsinin sabiq hakimi Ann Pauer-Ford iştirak etməsi də, simpoziumun əhəmiyyətindən xəbər verir.

Briqam Yanq Universitetinin dəvəti ilə tədbirə qatılan və simpoziumda çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşaması, artıq bütün dünya ictimaiyyəti tərəfindən reallıq kimi qəbul olunan bir faktdır.

 Nəsimi Ağayev həmçinin bildirib ki, Azərbaycanda tarixən mövcud olan bu ənənələrin qorunması və inkişafı etdirilməsi, eləcə də multikultural dəyərlərin təbliği ölkə rəhbərliyinin daim diqqət mərkəzində olan məsələlərdən biridir. Azərbaycanın dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işləri simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan multikulturalizminin dün-yanın müxtəlif ölkələrində təbliğ olunması işində həm də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimiz və orada çalışan əməkdaşlar da yaxından iştirak edirlər.

Eyni zamanda xarici ölkələrin din və siyasət xadimləri, diplomatlar da ölkəmizə səfərləri zamanı, buradakı multikultural mühitlə daha yaxından tanış olmaq məqsədi ilə yuxarıda adlarını qeyd etdiyimiz qurumlara baş çəkir, Azərbaycan reallıqları ilə yerində tanış olmaq imkanı qazanırlar. Bu baxımdan Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (BBMM) gəlmələri də, onlara Azərbaycan multikulturalizmi modeli ilə tanış olmaq imkanı verib. Qonaqları səmimi qarşılayan BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələri, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbay-canın zəngin mədəni-mənəvi irsə və tolerantlılıq ənənələrinə malik olması, artıq beynəlxalq aləmdə də qəbul edilir.

Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına və uğurla həyata keçirilməsinə yönəlik dövlət siyasəti, multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasına, zənginləşdirilməsinə, cəmiyyətdə bu  istiqamətdə qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinə xidmət edir.

Fransalı qonaqlarla görüş zamanı BBMM-in Fransada hayata keçirə biləcəyik layihələr, eləcə də Azərbaycan multikulturalizmi modelinin Fransada təbliği və öyrənilməsi məsələləri barədə müzakirələr aparılıb. Qonaqlar da öz növbəsində qeyd ediblər ki, ölkələrində son dövrlər tez-tez terror aktlarının törədilməsi səbəbindən Fransada  multikulturalizm anlayışına münasibət bir qədər dəyişib və yanlış qəbul edilir.

Dini ekstremizm və dini etiqad azadlığı, multikulturalizm və izolyasiya siyasəti ilə qarışdırılır. Buna görə də nümunəvi model olaraq, Azərbaycan multikulturalizminin bir fənn kimi Fransa universitetlərində tədris olunması, bütövlükdə cəmiyyətdə təbliği böyük önəm daşıyır.

Azərbaycan multikulturalizmi modelinin dünyada təbliği istiqamətində fəaliyyətini genişləndirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) verilən məlumata görə, artıq Hindistanın Sri Sri Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib.

Dərslər BBMM və Sri Sri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən hindistanlı tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin Hindistan universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız və multikultural vəziyyət ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak etmək şansı qazanıblar.

Onu da qeyd etmək vacibdir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 18 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni uğurla tədris olunur.

Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində  fəallıq göstərən  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun İtaliyaya səfəri də, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımında çox böyük önəm daşıyır.

Səfər zamanı bir çox mühüm görüşlər keçirən şöbə müdiri Azərbaycanın dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı siyasəti, ölkəmizdə tarixən multikultural ənənələrin möv-cud olması, müxtəlif dini və etnik icmaların sülh şəraitində yaşaması, xüsusən də müasir dünyada dini və milli zəmində baş verən münaqişələrin fonunda multikulturalizmin Azərbaycan modelinin xüsusi əhəmiyyət kəsb etməsini görüş iştirakçılarının diqqətinə çatdırıb.

İtaliya rəsmiləri də dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı İtaliyanın siyasəti və təcrübəsi barədə məlumat verərək, Azərbaycan tərəfinin sözügedən sahələrdə böyük təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini deyiblər.

Səfər çərçivəsində Etibar Nəcəfov İtaliyanın nüfuzlu Sapienza və Link Kampus universitetlərində olub və "Multikulturalizm Azərbaycanın dövlət siyasəti kimi" mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirə çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində hazırlanan "Azərbaycan: Tolerantlıq diyarı" adlı videoçarx nümayiş etdirilib və  BBMM-in nəşr etdirdiyi "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" və "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitablarını İtaliya rəsmilərinə, həmçinin universitetlərin kitabxanalarına hədiyyə olunub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.056673049926758