Öz ölkəsinə yadelli...

Üfüqdəki işartı ilğım olarsa?

Mühacirət problemi həmişə olub, indiki və ya keçən əsrlərdə bu məsələ müxtəlif tərzdə özünü göstərib. Detallardan bəhs etmək istəməzdim, hamı özünün, ailəsinin, dostlarının, yaxın və ya uzaq tanışlarının timsalında bu barədə məlumatlıdır. Yüz ildən çox keçən zaman kəsiyində mühacirət etməyə məcbur qalanlarla bağlı araşdırma apararkən, onların istəmədən bu yolun yolçuluğunda olması aydın şəkildə görünür. Uzağa getməyək, cümhuriyyət qurucularının mühacirət ömrü, onlarla eyni dövrdə yaşayanların, ziyalı olaraq dövrün cəhalətinə göz yuma bilməyənlərin də nicatı uzaqlarda axtarması, buna ümid edərək yad ellərə yol alması... Misallar, nümunələr çoxdur, dənizdə damlalar tək...

Zənnimcə, aradan keçən yüz il mənzərənin heç də dəyişmədiyini göstərir. Misal üçün, bir vaxtlar Azərbaycanda kütləvi şəkildə savadsızlıq var idi, ölkədə orta məktəblər barmaqla sayılası qədər, orada oxuyası şagirdlər isə gündüz çıraqla gəzilirdi. Sayı olduqca az olan ziyalılar, başqa ölkələrdə təhsil alan maarifpərvərlər xalqın qaranlıqdan aydınlığa çıxması üçün əsl mücadiləyə qalxırdılar. Nə qədər çətin, təhlükəli olsa da, onlar öz ziyasını xalqının yoluna tutmağa çalışır, onu bir xalq-millət olaraq ortaya çıxarmaq istəyirdi...

İşıq sürətiylə yüz ilin üzərindən adlayıb müasir dünyamıza düşəndə, qeyd etdiyim kimi, maarif ziyasının aydınlandırdığı hazırkı zəmanədə tamam başqa bir mənzərənin şahidi oluruq. Hansı ki, yüz il əvvələ qayıdışda kütləvi savadsızlıq və onlarla müqayisədə sayı cüzi olan ziyalılar, əsl xalq təəssübkeşləri, dövrün aydınları olan millət fədailəri onun uğrunda can qoyurdu. Yüz il sonra da millət və xalq olaraq adımızı dəyişməmişik, lakin əksəriyyətin bir neçə diplomlu, bir neçə mərhələli təhsili olmasına baxmayaraq, savadsızlıq hələ də davam edir. Bu davamiyyət elə birbaşa orta təhsil səviyyəsindən başlayır, adına icbari orta təhsil deyilsə də, hamı o mərhələni məcburi şəkildə başa vursa da, on bir illik təhsil bazası zəruri hesab edilsə də, mahiyyət dəyişməyib.

Orta təhsilin insanları korazehin etməsini tək mən demirəm, istənilən şəxs, ziyalı və ya sıravi insan, yaxud təhsil eksperti də bizdə orta təhsilin yetərli olmadığını söyləyir. Əlbəttə, repetitorluq sisteminin tətbiq edilməsiylə, orta təhsilin bütünlüklə ödənişsiz olması barədəki xülyalar da puça çıxıb. Dövlət məktəblərinə 11 il ayaq döyərək repetitor hazırlığına müraciət etmədən təhsil alanların görəsən, neçə faizi tələbə adını qazana bilib? Hər halda, bu sual ritorikadan çox uzaqdır və cavabına sözsüz ki, ehtiyac var.

Bəli, təhsil sahəsindəki problem təkcə ölkədəki orta məktəblərlə bitmir, o, ali məktəblərə, ordan da daha uzaqlara gedib çıxır. Maraqlıdır, azərbaycanlıların xarici ölkələrdəki universitetlərə marağının, inamının, can atmasının və s. kökündə bilirsiniz nə dayanır? Sualın cavabını ariflərə ünvanlayıram...

Bu gün xaricə gedənlər çoxdur, bəzisi daha yüksək, prestijli təhsil, maaş, stabil iqtisadi şərtlərlə yaşam və s. məqsəd üçün, bəzisi şəxsi və ictimai həyatını, fəaliyyətini mövcud qanunlarla, inzibati diqtələrlə uzlaşdıra bilmədiyi üçün, bir qismi eyni yerdə qərar tuta bilmədiyi üçün, bir hissəsi isə sadəcə olaraq, səyahət arzusunu bütöv bir ömür kimi xaricdə keçirmək üçün yad ellərə yollanır... Və bir də var, onlar.

Ucdantutma xaricə gedənlərə

 

Qidalanmada vacib şərtin nə olduğunu demək istəməzdim. Çünki heç kim “çörəyi qulağına yemir”. O səbəbdən, yubanmadan sözümün məğzinə keçirəm.

... Ortada dayanan bir adam təsəvvür edin. Yolunu itirib, əlində kompas-filan da yox, hara gedəcəyini dəqiqləşdirə bilmir. Uzun illərdir yaşayır, amma yolsuzluğunu indi anlayıb. Hikkəsinin səbəbi, düşüncəsini işğal edən də budur - onun başını olar-olmazlarla, hər dürlü fikirlərlə xarab edənlərin hamısı indi necə də kənara çəkilib. Hə, hə, kənara çəkilib, bir qismi həyatda yoxdur, qalanları da bildiklərinin heç nəyə yaramadığını görüb aradan çıxıblar.

İndi bircə adam qalıb ortada - ortadaqalmış deyirlər ona da. Küsüb hamıdan, onu tərbiyə edənlərə “rəhmətlik” sözünü əsirgəməyə qan bağlılığı imkan vermir. Yerdə qalanları, öyüd-nəsihətlə, ümid və həvəsləndirməklə onu bügünə qədər gətirib çıxaranların da işi bitib artıq. Dediyim kimi, indi ortada qalıb hansı tərəfə gedəcəyini bilməyən adam, öz kün-cünə çəkilənlərin, onun nəzərində “aradan çıxanlar”ın halına da yanır (humanist biri olaraq böyüdülüb axı!) . Özü də bu formada - “məsləhətlərinin özünə deyil, heç başqasına da lazım olmadığını anlamaqdan pis nə ola bilər insan üçün?!”. Anındaca cavab verir özünə: “ Heç nə!”.

Ortada qalan bu adam beləcə, onların halına yana-yana, aradabir özünü üçüncü şəxsdə də düşünür: “İndi hara getsin, Şərqə, yoxsa Qərbə? Şərq təfəkkürüylə yetişən o, Qərbdə yaşaya biləcəkmi? Adət-ənənələrin laylasıyla yatıb-oyanan, mental dəyərlərin məngənəsində formalaşan birisinin gözünə uzaqdan gələn işartı işıq ola bilərmi? Qaçmaq istədiyi, ayağına buxov hesab etdiyi dəyərlərlə çox uzağa gedə biləcəkmi?”...

Tezcə də öz dəyərlərinə sahib çıxır, el sözüylə desək, özününkünün üstünə düşür: “Ümumiyyətlə, niyə özü-müzün sahib olduğumuz dəyəri başqası heç nə hesab edən kimi, onu qırıb atmaq, məhv etmək istəyirik? Bəlkə başqası bu cür dəyəri olmadığı üçün başqalarının da ondan məhrum olmasını istəyir? Misal üçün, avropalının nəyi bizdən üstündür, intellektidirsə, bu kitab, bu da stul - otur, oxu!!!”.

Haşiyə: Bu məqamda, yeri gəlib, gərək deyəm. Türkiyədə bir dəfə baş verən acı hadisədən məyus olmamışdım nədənsə. Adətən, belə məsələlərdə qələm əhli olaraq nəticələr çıxarmağa, əlaqədar olan və olmayan qurumları bir-birinə qatmağa, əsgər kimi hazır dayanmağımıza rəğmən, bu dəfə onu maraqlı, hətta gülməli bir hadisə kimi qarşıladım. Məsələ deməli, belə olub, bir qadın aldığı çörəyin içindən çıxan protez dişin sahibinə səslənir: “Dişini niyə çörəyin içində qoyursan? Gəl, dişini götür!”.

Amma hadisə bizdə baş versəydi, məntiqlə, çağırış bu yöndə olacaqdı: “Dişini çörəyin içində unutmusan. Gəl onu apar!”. Yəni bizdə ən işlək, gündə yesək də, heç vaxt vaz keçmədiyimiz qida məhsulu olan çörəyə (çörəklə “çörək kəsmişik” illərlə), onun içində ilişib qalan protezə münasibət də bambaşqadır. Nə olsun ki, adam protez dişlə çörəyi yeyə bilməyib, əsas odur kəsdiyi çörək protezi hifz edib, ya da, başqa sözlə, çörək protezi “yeyib”.

Hər halda, itib-batan yoxdur, kim və ya nə, harda olsa tapılacaq, evinə, yaxud, sahibinə qaytarılacaq. Hamı öz yerini tapacaq, ortada qalan olmayacaq - yazımın yeganə qəhrəmanından başqa. Onu da qınamaq olmaz, yaxına gəlib deyən yoxdur ki, kənara çəkil, kənardan görünən mənzərəyə elə kənardanca diqqətlə bax. Hər şey kənardan daha yaxşı görünür axı. Bax və yolunu tap. Gör, isti ürəklə, humanist dəyərlərlə böyümüş biri olaraq gözəl, fəqət soyuq, doğma kimi can atdığın, lakin sənə həmişə yad olacaq məmləkətdə ortada qalmayacaqsansa, get, yolun açıq olsun!

... Hamıya açıq olan yol çoxdan başlayıb, dediyim kimi, yüz illəri yorub, hələ də mənzil başına çatmayıb. Nə olsun ki, öncələr sayı barmaqla sayılacaq ziyalı və onun qarşılığında böyük bir xalq, millətlər ordusu vardı. Nə olsun ki, indi də hamı çoxsaylı ziyalı ordusuna yol göstərəcək qədər natiq, orator olub, dəyişən heç nədir. Bu mənzərənin qarşılığında hamı xaricə, üfüqdə görünənə, hələ işıq olub-olmadığı bilinməyən işartıya can atır. Maraqlıdır, o işartı ilğım olarsa bəs?

Nigar Vaqifqızı

0.038136005401611