Mübariz Qurbanlı “Qaloş piri”ndən danışdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qaloş piri” ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

milletinsesi.info-ın məlumatına görə, o, Goranboyda “Qaloş piri” ilə bağlı yayılan görüntülərin təəssüf hissi doğurduğunu deyib:

“Orada daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Komitədə məlumat yox idi. Bizim qurumun yerli şöbəsi həmin yerdə araşdırma aparıb, adamlara izah və xəbərdarlıq olunub ki, bu cür hərəkətlər qanuna zidd və xurafatdır.

Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq. Burada xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir. Çünki bilirik ki, insanın sağlam olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir”.

“Zaman-zaman bu cür hadisələr, xurafat elementləri başqa ölkələrdə də rast gəlinir. Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, zamanında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanuna ziddir. Əslində, bu, dini fəaliyyət deyildi. Bunu dinlə bağlamaq düzgün deyil. Bizim üzərimizə düşən öhdəliyi bilirik və lazımi tədbirləri görürük”, - Mübariz Qurbanlı qeyd edib.

İlhamə Əbülfət

0.054318904876709