Narazılığa səbəb olan rüsumlar azaldıldı - DƏYİŞİKLİK

Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri azaldılıb.

paralel.az xəbər verir ki,  bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda Milli Məclisin (MM) iyunun 13-də keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə təklif olunan 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

Sənəd birinci oxunuşda qəbul edilən zaman akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumunun tutulması qeyd edilmişdi.

MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, ilk müzakirələrdən sonra verilən təkliflərə, səslənən iradlara baxılıb və onların bir qismi nəzərə alınıb:

“Artıq cəmiyyət də, millət vəkilləri də rahat olsunlar. Burada problem yaradacaq məsələ qalmayıb. Rüsumlar normaldır”.

Qeyd edək ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun yüksək olduğunu bildirmişdilər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

0.13423991203308