Azərbaycan dünya səviyyəsində multikulturalizm və tolerantlığın inkişafına öz töhfəsini verir

Ölkəmiz milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hərtərəfli inkişafını təmin edən demokratik dövlətdir

Bu gün elə bir dövlət tapmaq çətindir ki, ölkəmizdə mövcud olan dini və milli münasibətlərdən xəbərsiz olsun.  Müstəqilliyinin ilk günündən demokratik inkişaf  və Avropaya inteqrasiya yolunu tutan Azərbaycan dövləti, bu gün də həmin yolla inamla irəliləyir. Ölkəmizdə müstəqilliyin ilk illərində baş verən xaos və bu səbəbdən yaranan anlaşılmazlıqlar Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun həyata keçirdiyi uzaqgörən milli siyasəti nəticəsində az bir zamanda aradan qaldırıldı. Dövlət - din məsələlərinin tənzimlənməsi, eyni zamanda ölkəmizin ərazisində yaşayan azsaylı xalqların və etnik qrupların hüquqlarının tanınması ilə paralel şəkildə həyata keçirildi ki, bu da milli və dini problemlərin müsbət həllinə imkan verdi. Məlumdur ki, Avropanın və Asiyanın qovuşuğunda yerləşən strateji bir məkan olaraq, ölkəmiz daim digər dövlətlərin maraq dairəsində olub. Böyük İpək Yolunun, məhz ölkəmizin ərazisindən keçməsi, bu maraqları daha da artırıb və Azərbaycan bir çox xalqların və etnik qrupların yaşayış məskəninə çevrilib. Tarixin bütün dönəmlərində özünün başqalarına qarşı dözümlü xarakteri ilə seçilən Azərbacan xalqı burada məskunlaşan bütün azsaylı xalqlar və etnik qruplara qarşı eyni-tolerant münasibət göstərərək, həm də onların öz aralarında həmrəyliyin və harmoniyanın yaranmasını stimullaşdırıb.  Bu da inkaredilməz faktdır ki, bu gün də ölkəmizin ərazisində 30-dan çox azsaylı xalqın və etnik  qrupların nümayəndələri qardaş kimi yaşayır və fəaliyyət göstərirlər.

Azərbaycan dövlətinin ölkəmizdə dini və milli münasibətlərin tənzimlənməsi istiqamətində gördüyü qlobal işlərin nəticəsidir ki, hazırda onlar respublikamızın tamhüquqlu vətəndaşları kimi, həyatımızın bütün sahələrində azərbaycanlılarla çiyin-çiyinə çalışır, ölkəmizin daha da inkişaf etməsi və çiçəklənməsinə öz töhfələrini verirlər.   

Azərbaycanda mövcud olan multikultural mühit imkan verir ki, burada məskunlaşan bütün insanlar öz dinlərini, dillərini, adət-ənənələrini, mədəniyyətlərini qorusunlar və inkişaf etdirsinlər.

Biz zaman-zaman ölkəmizin ərazisində yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətləri, adət-ənənələri, dini etiqadları barədə oxucularımıza məlumat verməyə çalışırıq. Çünki bir -birimizi nə qədər yaxından tanısaq, anlaşmamız daha asan olar. 

Azərbaycan dövləti mövcud stabilliyin qorunması və inkişaf etdirilməsi üçün çox mühüm layihələr həyata keçirir. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda belə, dini və milli tolerantlığın inkişaf etdirilməsini özünün daxili və xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir. Bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan  dünyada multikulturalizmin və tolerantlığın ən yüksək səviyyədə inkişaf etdirildiyi bir dövlət kimi tanınır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyada multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi sahəsində tutduğu qətiyyətli mövqeyi, artıq bir çox dövlətlər tərəfindən də dəstək tapır. Bu gün də ölkəmizdə bu siyasətin davam etdirilməsi üçün çox mühüm layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərə dövlət tərəfindən də böyük  dəstək verilir. Azərbaycan multikulturalizminin təbliği istiqamətində ölkəmizdə və xarici dövlətlərdə keçirilən bütün tədbirlər daim diqqətlə izlənilir və təqdir olunur. Çünki bu tədbirlər ümumilikdə bəşəriyyətin sabitliyinə və sülhə xidmət edir. Belə tədbirlərdən biri kimi, Bakıda "Baku Network" Ekspert Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən konfransı da göstərmək olar. Bu konfrans çərçivəsində ölkəmizin ərazisində məskunlaşan ən qədim etnoslardan biri olan udinlərin (udi) nümunəsində Azərbaycanda milli azlıqların tarixi, mədəni ənənələri və hüquqlarının müdafiəsi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə "Qafqaz Albaniyasının tarixi irsinin Azərbaycanda multikulturalizmin vacib hissəsi kimi qorunması" mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva regionda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrindən danışıb.

O qeyd edib ki,  o dövrdə Albaniya əhalisi polietnik və 26 tayfanın konfederasiyasından ibarət olmaqla, konsolidasiya yolu ilə alban dilində danışan və eyni zamanda digər etnosların da dilinin qorunduğu alban etnik birliyi yaranıb. Alban tayfa konfederasiyasında vacib etnoslardan və alban irsinin yaradıcılarından biri də utilər (udinlər) olublar. Ülviyyə Hacıyevanın bildirdiyinə görə, Uti Qafqaz Albaniyasında ən böyük vilayət olub və 8-ci əsrdən Albaniyanın düzən ərazilərində çoxetnoslu əhali arasında İslam dini yayılmağa başlayıb. Alim qeyd edib ki, 12-ci əsrə qədər alban, türk və farsdilli etnosların konsolidasiyası əsrlər boyunca regionun bütün etnos və subetnoslarına qarşı tolerantlıq nümayiş etdiriblər və vahid Azərbaycan xalqı formalaşıb. Yaşayış ərazisinin və etnik mənşənin ümumiliyi, Azərbaycan dilinin etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunması, burada multikulturalizmə geniş zəmin yaradıb. Eyni zamanda Azərbaycan, türk müsəlman etnik təbəqəsi regionda dominantlıq təşkil edib. Lakin Qarabağda, Şəkidə xristian udinlər yaşamaqda davam ediblər.

Bu da məlum faktdır ki, udinlər 4-cü əsrdən 1836-cı ilədək Alban kilsəsinə sadiq olublar. Qafqaz Albaniyasının tarixi irsinin qorunması, təkcə udin icmasının simasında milli azlıqların inkişafı üçün deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün çox vacibdir.

Müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoq mərkəzidir və bu səbəbdən də, bütün sivil cəmiyyətlər Azərbaycan multikulturalizmini dünyaya nümunə göstərirlər.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adətlərini, ənənələrini qoruyan udinlər də kiçik, amma dini baxımdan zəngin Alban apostol kilsəsinin varisləridir. Azərbaycan isə alban çarlığının varisidir və burada məskunlaşan udinlər də alban kilsəsinin yeganə daşıyıcılarıdır. Bunlar çox vacib tarixi faktlardır və bunu heç kim inkar edə bilməz. Ona görə ki, multikulturalizmin inkişaf tendensiyası Azərbaycan reallıqları üçün təbiidir və bu model, artıq ölkəmizdə insanların yaşam tərzinə çevrilib.

Bu da məlumdur ki, dünyanın bir çox yerlərində multikulturalizmin xalqların inteqrasiyası nəticəsində formalaşmış müxtəlif modelləri var. Amma Azərbaycan multikulturalizmi insanların yanaşı yaşadığı, bir-biri ilə ümumi dil tapdığı və təmasların ən yüksək səviyyədə olduğu mühiti təcəssüm etdirir. Ona görə də, zaman-zaman öz ölkələrində təqiblərə məruz qalan milli azlıqlar, məhz Azərbaycanda sığınacaq tapıblar və buranı özləri üçün Vətən seçiblər. Çünki bizdə həm mədəni, həm milli, həm də etnik və dini müxtəliflik mövcuddur. Yəni Azərbaycanda mövcud olan multikultural cəmiyyət dinamik inkişaf edən, yenilənən və gələcəyə yönələn uğurlu cəmiyyət modelidir.

Bu səbəbdən də dövlətin tolerantlıq və multikulturalizm siyasətini cəmiyyətdə etnik, irqi, dini, mədəni fərqliliklərin nizamlanmasının yeni bir forması kimi də qəbul etmək olar. Bu gün ölkəmiz müstəqil xarici siyasətə malikdir, etibarlı beynəlxalq tərəfdaşdır, eləcə də milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hərtərəfli inkişafını təmin edən demokratik dövlətdir. Azərbaycan dünya səviyyəsində multikulturalizm və tolerantlığın inkişafına öz töhfəsini verir. Multikulturalizm və tolerantlıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu siyasətin təbliği Azərbaycan cəmiyyətinin gələcəyi üçün çox vacibdir. Bir çox Qərb dövlətlərinin multikulturalizm ideyalarından imtina etməsi fonunda Azərbaycanın dünyaya bu konsepsiyanın yeni modelini təqdim etməsi də, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Bununla belə, dünyada  multikulturalizmin inkişaf etdirilməsi istiqamətində görüləcək çox işlər var. 2014-cü ildə Azərbaycanda Multikulturalizm Mərkəzinin yaradılması dövlət tərəfindən bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Bununla da kifayətlənmək olmaz, biz daha genişmiqyaslı siyasət aparmalı, daha geniş müzakirələrə imkan yaratmalı və ölkə xaricində daha aktiv fəaliyyət göstərməliyik. Azərbaycanda çoxmillətliliklə bağlı real mənzərəni diqqətə çatdırmaq hər bir vətəndaşın, diplomatik nümayəndəliklərimizin, diaspor strukturlarının borcudur. Biz bu gün sizlərə ilk növbədə Azərbaycanda yaşayan udinlər barədə məlumat verdik. Bu etnosun üstünlüyü ondadır ki, onlar Azərbaycan cəmiyyətinə yaxşı inteqrasiya olunublar, öz adət-ənənələrini qoruyur, eyni zamanda ölkəmizdə hörmət edilən dəyərlərə adaptasiya olunublar.

Sonda onu da qeyd etmək vacibdir ki, tolerantlıq və millətlərarası dialoq Azərbaycan multikulturalizminin əsas məqsədlərindən biridir. Bu, həm də humanizm prinsiplərinə əsaslanır, xalqlar və sivilizasiyalar arasında münaqişələrin nizamlanmasında böyük rol oynayır. Buna görə də Azərbaycan hökumətinin milli azlıqlar və dini qruplaşmalar barəsində həyata keçirdiyi multikultural siyasət,  bir çox dünya dövlətləri tərəfindən maraqla tədqiq olunur. Həm Avropa Şurasının, həm də  İslam Əməkdaşlıq Təşkilatının üzvü olmaqla Azərbaycan bir daha sübut edir ki, dünyanın ən tolerant dövlətlərindən biridir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.16309905052185