Ölkədə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib

AHİK-də müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib

İyunun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsinin 2018-ci il qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Tədbiri AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq giriş nitqi söyləyib.

Tədbirin əməyin mühafizəsi və sağlamlığı üzrə istehsalatda profilaktika mədəniyyəti sahəsində ən yaxşı göstərici əldə etmiş qaliblərə həsr olunduğunu bidirən S. Möhbalıyev «Əməyin mühafizəsi və əmək sferasının gələcəyi» mövzusunda keçirilmiş Ümum-dünya Əməyin Mühafizəsi günü əməyin təhlükəsizliyi və gigiyenasının yüksəldilməsi sahəsində 100 illik fəaliyyətə yekun vurulmasını, gələcəyə baxış, texnoloji, demoqrafik əməyin mühafizəsi və iqlim faktorları nəticəsində baş verən böyük dəyişikliklər şəraitində səylərin davam etdirilməsini diqqətə çatdırıb və deyib ki, bu mövzu insanların həyatının və sağlamlığının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) əməyin təhlükəsizliyi, gigiyenası və əməyin gələcək sferası üzrə təcrübələrini və rəylərini bölüşdürmək məqsədilə ekspertlərin bütün dünyadan əməyin təhlükəsizliyi və gigiyenasına aid 33 orijinal analitik materiallarının təqdimatını planlaşdırır ki, bu da mütəxəssislər tərəfindən əməyin təhlükəsizliyi, gigiyenası və əmək sferasının gələcəyi barədə təcrübə və fikir mübadiləsi aparılmasına imkan verəcək.

Bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resursların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir.

Bəzən dəyişikliklər prosesi o qədər sürətlə baş verir ki, bu da əmək şəraitinin və əməyin mühafizəsi sisteminin kökündən dəyişməsinə səbəb olur. Bəzi hallarda təhlükələri və riskləri azaltmaq və ya aradan qaldırmaq mümkün olur. Lakin yeni texnologiyalar yeni risklər və təhlükələr yaradır ki, bu da iş üslubunun dəyişdirilməsini və yeni yanaşmalar tətbiq edilməsini tələb edir. BƏT-in məlumatına görə, işdə baş verən xəsarətlər və peşə xəstəlikləri hər gün dünyada 7600-dən çox insanın həyatının itirilməsinə gətrib çıxarır ki, bu da ildə 2 milyon 780 min nəfər deməkdir.

İnsan sağlamlığına ziyan vurulması ilə yanaşı, bu bədbəxt hadisələr ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir. Belə ki, istehsalat xəsarətləri nəticəsində dünyada hər il ÜDM-in 3,94 faizi itirilir. Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş «Əməyin gələcəyi» təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Əminliklə qeyd etmək olar ki, gələcəkdə əmək sferası böyük dəyişikliklərə məruz qalacaq.

  1. S. Möhbalıyev iştirakçıların diqqətinə çatdırıb ki, respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkədə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib.

Beynəlxalq təşkilatların məlumatlarına görə, Azərbaycan Respublikasında son 15 ildə həyata keçirilən dövlət siyasəti iqtisadiyyatda, sosial sferada, humanitar sahədə böyük nailiyyətləri təmin etmiş, inklüziv inkişaf sahəsində lider dövlət olmuşdur. İnklüziv inkişaf dövlət idarəçiliyinin elə bir yoludur ki, ölkə hərtərəfli inkişaf edir və bunun müsbət nəticələrini bütün vətəndaşlar hiss edir. Bu gün ərzaq təhlükəsizliyi, dayanıqlı və iqtisadi inkişafın təbliğ edilməsi, instutisional vərdişlərin gücləndirilməsi, ictimai və sosial xidmətlərin effektivliyi, habelə ətraf mühitin idarə olunması və təbii fəlakətlərin qarşısının alınması kimi məsələlər daha çox aktuallıq kəsb edir.

BMT üzv təşkilatları tərəfindən yeni iş gündəliyinə əsasən «Dayanıqlı İnkişaf Məqsədləri (DİM) adlanan 17 məqsədi və bu məqsədlərə müvafiq olaraq müəyyən edilmiş 169 hədəfi özündə birləşdirən «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyi müəyyən edilib.

  1. S. Möhbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə BƏT arasında əmək, əmək münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkminlləşdirilməsi sahəsində əməkdaşlığın daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələr yaranıb. BƏT-in dəstəyi və AHİK-in təşkilatçılığ ilə son 12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim kursları, təqdimatlar və tədbirlər keçirilib. BƏT-in dəstəyi və AHİK-in təşkilatçılığı ilə 2019-cu il mayın 8-də Bakıda «Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi» mövzusunda treninq keçirilib.

Respublikamızda BƏT-in 58 Konvensiyası ratifikasiya olunmuş, konvensiyaların tələbləri respublikamızın Əmək, Mülki, Cinayət - Prosessual, İnzibati Xətalar Məcəllələrində öz əksini tapmışdır: «Tərəfimizdən hal-hazırda əməyin mühafizəsi ilə əlaqədar BƏT-in 155 saylı «Əməyin təhlükəsizliyi və sağlamlığı haqqında» konvensiyasının Sosial-iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclasında müzakirə olunaraq ratifikasiyaya hazırlanıb.

Bilirsiniz ki, Azərbaycan höküməti ilə BƏT arasında əməkdaşlıq çərçivəsində «2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı» qəbul edilib. Ölkə Proqramının hazırlanmasında AHİK fəal iştirak edib».

  1. S. Möhbalıyev daha sonra bildirib ki, AHİK-in V Qurultayında 2018-2023-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətinin əsas istiqamətlərində layiqli əmək şəraitinin yaradılmasına, işləyənlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə, ekoloji problemlərin həllinə, BƏT-nin əməyin mühafizəsinin vahid idarəetmə sisteminə nail olmaq kimi vəzifələr nəzərdə tutulub. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə artıq müvafiq addımlar atılmaqdadır. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Respublikamız ətraf mühitin mühafizəsi sahəsində çox sayda beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inkişafına nail olub. Belə ki, Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı (ƏMMFP) ölkənin ətraf mühit prioritetlərini və digər nəzərdə tutulmuş fəaliyyətləri müəyyən edir.

AHİK sədri deyib ki, həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparmış, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyət göstərmişlər:» 2018-ci il ərzində onlar 597 müəssisə və təşkilatda müayinə işi aparmış, 2834 pozuntu aşkar etmiş, onların 92,9%-nin aradan qaldırılmasına nail olmuşlar. Nəticədə 320 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilmiş, 585 nəfərin iş şəraiti yaxşılaşdırılmışdır. Yoxlanan müəssisələrdə aparılan işlər hər on iki nəfərdən bir işçinin əmək şəraitinin təhlükəsizliyini artırmış və risk faktorunu azaltmışdır. Görülən bütün bu işlər əmək kollektivlərinin hər bir üzvündə sosial müdafiəyə və iş yerində xəstəlik və xəsarət almayacağına əminlik yaradır.

2018-ci ildə respublika üzrə istehsalat zədələnməsinin vəziyyətinə nəzər yetirsək görərik ki, həmkarlar ittifaqlarının fəaliyyət dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların sayı ötən illə müqayisədə 41,2% (68 hadisəyə qarşı 40 hadisə), istehsalat xəsarətindən ölənlərin sayı isə 48,4% (38 nəfərə qarşı 16 nəfər) azalmışdır. Baş vermiş bədbəxt hadisələrin araşdırılması göstərir ki, son illər ərzində ölümlə nəticələnən bədbəxt hadisələrin əksəriyyəti yeni və formalaşmaqda olan peşə riskləri fonunda baş vermişdir. Buna istehsal proseslərinin texniki təkmilləşməsi, kollektivdə və işçinin ailəsində baş verən sosial və təşkilati dəyişikliklərin təsiri də az olmamışdır.

Təkcə 2018-ci ildə ölümlə nəticələnmiş istehsalat xəsarətlərinin təşkilati səbəblərə əsasən 83,4%-i təlimat və qaydalara əməl edilməməsindən, 5,5%-i əmək intizamının zəif olmağından,  5,5% ehtiyatsızlıqdan, 5,6% texniki səbəblərdən (maşın və dəzgahların nasazlığından) baş vermişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqı hərəkatının Beynəlxalq Əmək Təşkilatının ənənələrini davam etdirərək bütün səylərini əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini formalaşdırıb inkişaf etdirərək təşkilati və praktiki tədbirlər həyata keçirir, işçilər üçün layiqli, sağlam və təhlükəsiz iş şəraiti yaratmağa, işəgötürənlərin stimullaşdırılmasına yönləndirir.

Son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, 2009-cu ildən başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)» adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində bu tədbirə 14008 müəssisə və təşkilat qatılıb, onlardan 393-ü bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Ötən ildə keçirilən «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə əlaqədar respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə komissiyası 218-dən çox müəssisənin və 20 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb, yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.

2018-ci il ərzində 16346 işçini, o cümlədən 5035 qadın işçini təmsil edən 48 müəssisə və təşkilatda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 337 yoxlama həyata keçirib.

Həmkarlar ittifaqı komitələri öz əməli fəaliyyətində birgə kompleks nəzarət təcrübəsindən daha geniş və səmərəli surətdə istifadə ediblər. Əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar bilavasitə müəssisələrin əməyin mühafizəsi xidməti, nəzarət orqanları ilə birgə 1266, müəssisə müdiriyyəti ilə birgə keçirilən yoxlamalarda isə 1394 pozuntu halı aşkar edilib.

İctimai nəzarət-profilaktika işinin aparılması nəticəsində həmkarlar ittifaqı komitələri müəssisə və təşkilatların kollektiv müqavilələrinə əmək şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyin artırılmasına və sosial məsələlərə aid 353 adda bəndin əlavə edilməsinə nail olunmuş və nəticə etibarı ilə bu müddəaların 96,8%-nə əməl edilib.

Müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 150, əməyin mühafizəsi komissiyalarının 103 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi məsələsi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 50 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb. Bütün bu tədbirlər bir sıra müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaitinin əvvəlki müvafiq dövrlə müqayisədə 4,1%, hər işçiyə görə isə 3,7% artırılmasına gətirib çıxarıb.

Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə həmkarlar ittifaqı komitələri və əməyin mühafizəsi komissiyaları və sahə HİRK-in texniki əmək müfəttişləri tərəfindən həyat keçirilən ictimai nəzarət sayəsində 293 tədbir keçirilmiş, attestasiya olunmuş iş yerlərinin sayı 69,4%-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 99,4%-ə çatdırılmışdır. İşçilər müəyyən olunmuş normalar daxilində sanitar-məişət xidmətləri, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 8, əməyin mühafizəsi kabineti və 45 güşə yaradılmış, bununla da kabinetlərin sayı 244-ə, guşələrin sayı isə 926-a çatdırılıb.

Göründüyü kimi, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini vermişdir. Burada həmkarlar ittifaqları fəalları ilə yanaşı, çoxsaylı işəgötürənlərin nümayəndələrinin, aidiyyatı dövlət qurumlarının əməyi az olmamışdır və biz bu əməyi qiymətləndirməliyik.  Hesab edirəm ki, əldə olunan müsbət nəticələr AHİK, onun üzv təşkilatları və işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcəkdir».

Çıxışının sonunda S. Möhbalıyev «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətlərə görə tədbir iştirakçıları adından və şəxsən öz adımdan təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edib.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib. 

Tahir Abbaslı

0.33237290382385