Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi istiqamətində qolobal işlər görür

Ölkəmiz terrora məruz qalan dövlət kimi, hər zaman terrorun bütün təzahürlərinə qarşı mübarizə aparır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  öz çıxışlarında dəfələrlə qeyd edib ki, multikulturalizmin və tolerantlığın alternativi yoxdur. Multikulturalizmin və tolerantlığın alternativi ksenofobiya, antisemitizm, dini və milli ədavət, terrorizm, soyqırım və insan faciələridir. 

Bu yazıda bu barədə daha ətraflı məlumat vermək istəyirik. Çünki son zamanlar dünyanın bir çox bölgələrində, ələlxüsus da Afrika və Asiya ölkələrində dini və milli zəmində münaqişələrin sayı artmaqda davam edir. Bununla yanaşı digər ölkələrdə də eyni motivlərlə törədilən terror aktlarının sayı artıb.

 Azərbaycanın dünyada terrorizmə qarşı mübarizədə mühüm rol oynadığı hələ 5 il bundan əvvəl  ABŞ Dövlət Departamentinin illik hesabatında öz əksini tapıb. Həmin sənədin Azərbaycan bölməsində ölkəmizin terrorçuluğa qarşı apardığı mübarizə yüksək qiymətləndirilir və Azərbaycanın təhlükəsizlik sahəsində gördüyü işlər nümunə kimi göstərilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə ABŞ-la sıx əməkdaşlıq əlaqələrinə malikdir və aktiv surətdə Qafqaz vasitəsilə insan resursları və pul vəsaitinin daşınmasına cəhd göstərən terrorçu təşkilatların fəaliyyətinin qarşısının alınmasında iştirak edir. Azərbaycan həmçinin özünün antiterror qanunvericiliyində müvafiq dəyişikliklər edərək xarici ölkələrdə terror birliklərinin tərkibində vuruşan ölkə

vətəndaşları üçün cəza tədbirlərini daha da sərtləşdirib. Biz də  ABŞ Dövlət Departamentinin bu qənaətini ölkəmizin terrorçuluğa qarşı mübarizədə həyata keçirdiyi əməliyyatlara və xüsusi xidmət orqanlarının işinə verilən obyektiv qiymət kimi qəbul edirik və  belə ədalətli qiymətləndirmələrin digər sahələr üzrə də olacağına inanırıq.

Çünki bütün dünyanı bürüyən, vətəni, milləti, dövləti olmayan bu bəşəri bəlaya qarşı Azərbaycanın apardığı mübarizəyə verilən adekvat qiyməti daha mübariz olmağa və qarşılıqlı əməkdaşlığa çağırış kimi qəbul edirik. Əslində, burada təəccüb doğuracaq bir şey yoxdur, tolerantlıq və multikulturalizm kimi bəşəri dəyərlərı özündə birləşdirərək yeni bir islam dövləti modelini dünyaya təqdim edən Azərbaycanın, onun xüsusi xidmət orqanlarının terrorizmə münasibəti də başqa cür ola bilməz. Azərbaycan dövləti son 4-5 ildə həyata keçirilən əməliyyatlar vasitəsiylə öz yolunu azan minlərlə insanın həyatını  xilas edib, onları dünyada fəaliyyət göstərən radikal dini qruplaşmaların qurbanı olmaqdan qurtarıb. Bu da heç şübhəsiz ki, həmin qruplaşmaların ölkəmizə qarşı fəaliyyətlərinin güclənməsinə səbəb olub.  

Sosial şəbəkələrdən istifadə edərək  Azərbaycan hakimiyyətinin ünvanına hər cür iftiralar yağdıran saytların, min cür yalanları tirajlayan qəzetlərin də əsas məqsədi  terrorçuları dəstəkləyərək, ölkəmizə qarşı sərt mövqe nümayiş etdirməklə, buradakı mübarizəni səngitməkdir. Belə olmasaydı, onlar da Azərbaycanın nümunəvi tərəfdaş olması barədə hesabatdakı məqamlardan  danışar, bunu təqdirəlayiq bir hal kimi dilə gətirərdilər. Əslində isə başqalarından obyektivlik tələb edən bu qaragüruhçu dəstəsinin qarşıya qoyduğu məqsəd ölkə daxilində sabitliyi pozmaqla, insanlar arasında çaşqınlıq yaratmaq, ölkəmizdə söz və mətbuat azadlığının pozulmasını iddia etməklə Respublikamızın dünyada nüfuzunu aşağılamaqdır. Onların bütün istək və arzularına baxmayaraq,  Azərbaycan bu gün  dünyaya təkcə terrorçuluga qarşı mübarizə ilə nümunə göstərmir. Eyni zamanda dünyada multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində qlobal işlər görür ki, bu da həmin qrupların bütün planlarını alt-üst edir, onlarda istər-istəməz qıcıq yaradır, onları daha da aqressiv olmağa vadar edir ki, son nəticədə necə deyərlər, tünd sirkə kimi əməlləri öz başlarında çatlayır. Çox  təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, bəzi Qərb dairələri Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır, onları görmək istəmirlər.  Buna görə də  Azərbaycanın haqqını tanımayan, ikiüzlü siyasət yürüdən Qərb, Avropa Şurası və digər beynəlxalq təşkilatlar ölkəmizdə konkret bir cinayət törətmiş şəxsin hüquqlarını müdafiə edərək, kimi gəldi "siyasi məhbus" adı ilə qələmə verməklə siyasi əxlaqsızlığın ən kobud formasını nümayiş etdirirlər ki, bu da ölkə ictimaiyyətində haqlı narazılığa səbəb olur. Təəssüf döğurucu haldır ki, ABŞ Dövlət Departamenti kimi mötəbər təşkilatlar da hər dəfə "insan haqları"  və "söz azadlığı" məsələsində qərəzli mövqe nümayiş etdirir. Bu mövzulardan danışarkən  Azərbaycan reallıqlarına qətiyyən əhəmiyyət vermirlər və bununla da, öz müstəqil siyasətiylə beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməyə çalışan gənc Azərbaycan dövlətinə qarşı ən müxtəlif formalarda təzyiqlər olunur, onu tutduğu yoldan sapdırmağa cəhdlər edilir. Onların istədikləri odur ki,  Azərbaycanı Liviyanın, Suriyanın, Misirin, Əfqanıstanın gününə salsınlar. Ancan onlar anlamırlar ki, bu gün  Azərbaycan hakimiyyətinin dayaqları kifayət qədər möhkəmdir və o öz gücünü xalqdan alır.

Öz gücünü xalqdan alan Azərbaycan dövləti isə bütün bu təzyiqlərə dözür və öz müstəqillik yolunu davam etdirir.

Bu yolda qarşıya çıxın dini radikalizm və terrorizm kimi hallara qarşı mübarizədə də Azərbaycan daim dünyanın sivil dövlətləri ilə bir arada yer tutur.

Multikultural və tolerant dəyərlərə böyük önəm verən ölkəmizdə dini radikalizmə qarşı mübarizə də mühüm yer tutur. Məlumdur ki,  bu gün dünyanın 40-dan çox  ölkəsində dini radikalizm zəminində münaqişələr var və bu çox ciddi problemdir. O da danılmaz  faktdır ki, münaqişə və müharibələrin davam etdirildiyi ölkələr əsasən müsəlman dövlətləridir. Sülh və barışıq dini olan İslam dininin daşıyıcıları ölan bu ölkələrdə qarşılıqlı anlşmanın olmaması hər zaman diqqət çəkir. Və bu da anlaşılandır ki, həmin ölkələrdə sülhün və barışın olmaması üçün böyük planlar həyata keçirən güclər də yox deyil. Müsəlman ölkələri arasında  müxtəlif səbəblərdən yaranan münaqişələri daha da qızışdıran həmin dövlətlər, bu yolla onları öz təsirləri altında saxlamağa çalışır.

Dünya informasiya məkanında yayılan məlumatlara görə, son illərdə dünyada 60 mindən çox terror hadisəsi qeydə alınıb. Din pərdəsi altında törədilən terror aktları da geniş vüsət almaqdadır.

Azərbaycan da terrora məruz qalan dövlət kimi, hər zaman terrorun bütün təzahürlərinə qarşı mübarizə aparır. Mübarizə eyni zamanda xurafata qarşı aparılır ki, bu da ölkəmizdə dini qarşıdurmaların baş verməsinin qarşısının alınmasında mühüm rol oynayır. Bütün görülən işlərin nəticəsidir ki, ölkəmizdə heç vaxt dini zəmində qarşıdurmalar, yaxud münaqişələr olmayıb. Bu, Azərbaycan dövlətinin və xalqının uğurudur. Bu uğurlar nəticəsində Azərbaycanın multikulturalizm modeli artıq dünyada nümunəyə çevrilib. Dünyanın bir çox dövlətləri multikulturalizmin və tolerantlığın Azərbaycan təcrübəsini öyrənmək üçün ölkəmizə müraciət edir.

Qeyd etmək lazımdır ki, hər hansı ayrıca götürülən ölkədə terrorun qarşısının alınması üçün, bütün dövlətlər öz imkanlarından istifadə etməlidirlər. Çünki kütləvi terror  öz-özlüyündə faktiki olaraq soyqırıma gətirib çıxarır . İnsanlar sadəcə olaraq dinlərinə, dillərinə görə fərqləndikləri üçün məhv edilirsə, bunun adı artıq soyqırımdır. Bəşər tarixində baş verən istənilən soyqırım faktını araşdırsaq, görərik ki, bu faciələrin qəddarlıq dərəcəsinin az və çox olmasına baxmayaraq, hamısının əsasında dözümsüzlük, milli, etnik, dini, irqi və ya mədəni fərqlərə malik insanların bir-birinə münasibətdə tolerantlığın və multikulturalizmin çatışmazlığı dayanır.

Yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq İslam ölkələrində baş verən hərbi münaqişələrin, hər gün çoxsaylı insan tələfatı ilə nəticələnən qarşıdurmaların da əsəs səbəbini burada axtarmaq lazımdır.

Soyqırım, ksenofobiya və ayrı-seçkiliyin digər təhlükəli formalarına yol açmaqla, milyonlarla insanı etnik zəmində terrorizmə və zorakılığa məruz qoyur. Qeyd olunan halların qarşısının alınması yalnız döyüşən tərəfləri ayırmaqdan və gərginliyi aradan qaldırmaqdan ibarət deyil. Həm də münaqişə və zorakılığın, beynəlxalq terrorizm və dözümsüzlüyün köklərinin əsaslı surətdə aradan qaldırılması, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi ilə bilavasitə bağlıdır.

Soyqırım cinayəti beynəlxalq hüquq anlayışına yalnız keçən əsrin ortalarında daxil olub. 1941-ci ilin dekabr ayında Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin radiodakı çıxışında "adı olmayan cinayət" adlandırdığı soyqırım 1948-ci ildə müvafiq konvensiyanın qəbul edilməsindən sonra beynəlxalq hüquq leksikonunda «vətəndaşlıq statusu» əldə etdi.

Heç şübhəsiz ki, Azərbaycan xalqı da soyqırıma məruz qalan xalqlar sırasında yer alır və təəssüflər olsun ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırım faciəsinə bu günə kimi də hüquqi qiymət verilməyib.

Bu da məlum həqiqətdir ki, Azərbaycan xalqı dəfələrlə işğala, soyqırıma məruz qalmasına baxmayaraq, heç vaxt ümidsizliyə qapılmayıb.

Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində baş verən soyqırımların acı nəticələrinə, insanlara qarşı dəhşətli qətliamlara, amansız terror aktlarına son qoyulması üçün bütün səylər birləşdirilməlidir. Ancaq bu yolla dünyada multikulturalizmə, tolerantlığa nail olmaq mümkündür. Bu isə təkcə bir ölkənin öhdəsinə düşən vəzifə deyil, bəşəri bir problemdir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.09058403968811