Azyaşlıları istismar etmək nə demək?

Müsbət nəticə ictimai, rəsmi və şəxsi təşəbbüsün yekdilliyindədir

...Azyaşlı Zəhra itdi və tapıldı. Təəssüf ki, itmişdi və nə yaxşı, o, tez bir vaxtda tapıldı. Lakin hadicənin müsbət sonluqla bitməsinə baxmayaraq, insanlar, bütün cəmiyyət bu hadisədən sarsıldı. Çünki olay sıradan biri deyildi və bu, hələ dünyanın yaxşı-pisini qədərincə anlamayan bir azyaşlının itkin düşməsindən, başına nələrin gəlməsindən doğan narahatlıq idi. Narahatlıq yaradan digər məsələ bu hadisənin sonuncu olmasına olan ümidsizlik və əslində, belə halların ilk dəfə baş verməməsidir. Zəhranın hadisəsi təcili şəkildə ictimailəşdirildiyi üçün bütün cəmiyyət ona fokuslandı, eləcə də, onun çox balaca olması məsələnin diqqətdə saxlanmasına, axtarışın yekdilliklə aparılmasına rəvac verdi. Narahatlıq da təbii idi, çünki hamı sonunda valideyndir və heç kim də öndə onu nə gözlədiyini, yaxud, gözləmədiyini bilmir. Ona görə də belə hadisələr hamının narahatlığına səbəb olmaqla, məsələnin problem səviyyəsində qalmasından xəbər verir.

Problem təkcə uşaqların oğurlanmasından ibarət deyil, azyaşlılarla bağlı həllolunmayan məsələlər var ki, vaxtaşırı gündəmə gəlir. Lakin bu problemlərin gündəmdən düşməməsi, daim diqqətdə saxlanması gərəkdir. Söhbət, yenə də deyirik, uşaqlardan, bügünümüz və gələcəyimizdən gedir. Onları elə olduqları kimi, yəni azyaşlı və köməksiz, gücsüz, balaca kimi görmək isə hamının məsuliyyətidir.

Məsuliyyət hissini bilməyən qaraçılar Zəhranı bir neçə gün ərzində diləndirdiyi kimi, oğurlanmış uşaqların əməyindən istifadə edilməsi faktları da yetərincədir. Qanunvericilik belə halları qadağan etsə də, təəssüf ki, bu gün də uşaq əməyindən geninə-boluna istifadə edilir, uşaqlar istismar olunur. Elə buna görə də Beynəlxalq Əmək Təşkilatı 12 iyun gününü Ümumdünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə Günü elan edib. 2002-ci ildə elan olunan bu təqvim iyun ayının başlanğıcında qeyd edilən daha bir əlamətdar günlə - Uşaqların Beynəlxalq Müdafiəsi günüylə də səsləşir. Çünki uşaqları hər dürlü problem və çətinliklərdən qorumaq, müdafiə etmək, bir sözlə, onların istismar olunmasına qarşı beynəlxalq səviyyədə iş aparmaq qlobal məsələyə çevrilib.

Azərbaycanda da uşaq hüquqlarının müdafiəsiylə bağlı istənilən adda qanunlar toplusunu misal gətirmək olar. Onlardan yalnız birini - Beynəlxalq Əmək Təşkilatının 38-ci konvensiyasına qoşulmaqla uşaqların əməyindən istifadədə yaş həddinin gözlənməsini, bu vacib məqamı misal gətirmək olar. Yəni 15 yaşadək uşaqlar əməyə cəlb edilməməlidir, çünki bu, uşaqların səhhətinə və təhsilinə birbaşa qarşıdır. Hətta bu yaşdan sonra da uşaq əməyindən istifadənin labüdlüyü meydana çıxarsa, bu məsələ də qanunla tənzimlənməlidir. Dörd saatdan çox işləməmək, ağır əşyalar qaldırmamaq həddi qoyulur ki, bu da istənilən hallarda uşaqlara məsuliyyətlə yanaşmağı tələb edir. Bir sözlə, istənilən qanunu qaldırsaq, orada qanunvericilik bazasının yetərli olduğunu görmək mümkündür. Lakin məsələnin kağızlardan kənardakı vəziyyətini müsbət hesab etmək olmaz. Küçədə diləndirilən uşaqlar, qaraçı ailəsindən deyil, adi azərbaycanlı ailələrin uşaqlarının əməyinin istismar edilməsi də təəssüf ki, günümüzün acı reallıqlarındandır. Son vaxtlar isə hicab bağlayan qadınların uşaqlarla birlikdə dilənçiliklə məşğul olması problemin ictimai sferasını genişləndirir. Əvvəllər qaraçılara pul verən, indi onlardan imtina edən, əvvəllər küçədə-bayırda yoxsul insanlara pul verən, indi bunu kütləvi şəkildə etməyənlərin fonunda, dilənçiliklə məşğul olanlar cəmiyyətin dini inancından sui-istifadə etməklə, hicab bağlamaqla və yenə də ən həssas nöqtəni nişan alaraq, uşaqlardan istifadə edir. Mənfi nəticə yenə də azyaşlı uşaqlarda dayanır, onlar diləndirilir, əməyi istismar edilir. Zənnimizcə, diləndirilən azyaşlıların sağlamlığı və təhsili heç bir vəchlə, yerində ola bilməz.

Amma azyaşlılar təkcə küçədə-bayırda, gözgörəsi yerlərdə istismar edilmir. Ailə daxilində, evlərdə də uşaqlara qarşı şiddət, zorakılıq halları onların mənəvi və hətta fiziki baxımdan şikəst böyüməsinə səbəb olur. Məişət zəminində şiddət psixoloji travmalara, xəstəliklərə, hətta özünəqəsdə yol açır. Yeri gəlmişkən, bügünə qədər nə qədər azyaşlının, yaxud, yeniyetmənin evdə, məktəbdə üzləşdiyi psixoloji, fiziki təsirə görə intihara əl atması faktlarını görüb-eşitmişik. Bütün bunlar üzücüdür, lakin faktdır.

Qeyd edilənlərin müqabilində, ölkədə qanunlar, konvensiyalar olsa da, dialoqlar, müzakirələr aparılsa da, maarifləndirici tədbirlər, beynəlxalq forumlar keçirilsə də, problemi kökündən həll etmək mümkün deyil. Problem o zaman həll edilər ki, hamı ona özündən, ailəsindən başlasın. Ailələrdən başlayan özünütənqid, maarifləndirmə, özünü və uşaqlarını düşünüb irəliyə addım atmaq, nəticəni müsbətə doğru dəyişər. Bəli, bu gün bizdə qanunvericilik bazası güclüdür, fəqət onun işlənmə mexanizmi zəifdir. Qurumlar və təşkilatlar bu vacib işdə nə yazıq ki gücsüz qalıb. Bu gün bizdə uşaq hüquqlarının müvəkkilliyi yoxdur, lakin ailələr və orada dünyaya gələn gələcək var. Cəmiyyət özünü düşünürsə, işə uşaqları düzgün yetişdirməkdən başlasın. Onları istismar etməməklə gələcək cəmiyyətlərə, bunu düşünmürlərsə, heç olmasa, özlərinə saglam, salamat, gücü-qüvvəsi yerində şəxslər yetişdirsin. Problemin həlli yolu birtərəfli deyil, hərtərəfli olur çünki.

Nigar Orucova 

0.089287996292114