ABŞ-da şerif işləyən azərbaycanlı: Səni elektroşokerlə vururlar və bir neçə dəfər döyür

Media.az azərbaycanlı olan amerikalı şerif Fəxri Mirzəquliyevdən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Özün haqda məlumat ver. Kiminləsə tanış olanda, özün haqqında nə danışırsan?

- Xoş sözlərə görə təşəkkür edirəm, mən də çox şadam ki, tanışıq. Hər şey tanışlığın səbəblərindən, həmsöhbətin cinsindən və digər amillərdən asılıdır. Tanımadığım insanlara özüm haqqında çox danışmağı o qədər də sevmirəm. Kənar mövzuları axtarıb tapmağa çalışıram. Allaha şükür, söz ehtiyatı buna imkan verir. Sizdən isə sirrim yoxdur.

- Necə oldu ki, məktəbi belə erkən bitirdin?

 - Buna görə nənəmə borcluyam. Nənəm Aida Teymurovna unikal insandır. Rus dili və ədəbiyyatı müəllimi olan nənəm demək olar ki, bütün fənlər üzrə evdə özəl dərslər deyir. Mən nənəmgildə böyümüşəm. Şagirdlər onun yanına gələndə, mən də masa arxasına əyləşib dinləyirdim. Məni birinci sinfə aparanda, məlum oldu ki, xətt tənliyini həll edirəm. Həyətə də elə belə çıxmaq asan deyildi. Bir saat gəzinti Krılovun bir təmsilini əzbərləmək idi.

- Bilirəm ki, uşaqlıqda sən şahmat oyayırdın və Azərbaycanda mükafat yerləri tuturdun. Şahmatçılarımızdan kiminləsə ünsiyyət saxlayırsan?

- Demək olar ki, hamını, o cümlədən elit qrossmeysterlərimizi tanıyıram. Teymur Rəcəbov və atası ilə Avstriyada Avropa çempionatında bir otaqda qalırdıq, gözəl insanlardır. Şəhriyar Məmmədyarov da çox savadlıdır. O və bacıları çox istedadlıdır, atalarına isə heykəl ucaldılmalıdır. Bütün turnirlərdə onların yanında olub, dəstəkləyib. Şəhriyarın oyunlarını imkan daxilində izləməyə çalışıram. Daha bir güclü şahmatçı olub – rəhmətlik Vüqar Həşimov. Yadımdadır, Yunanıstandan Avropa çempionatından avtobusla Türkiyəyə gedirdik, birdən yolda onda epileptik tutması oldu. İndi mən tibbi treninqdən sonra bilirəm ki, qıc olmanı dayandırmaq, dili tutmağa çalışmaq lazım deyil, o vaxt isə hamımız qorxduq. Onu qollarımda xəstəxanaya gətirdim, barmaqlarım qan içində. Həkimlər apardılar Vüqarı, mən və onun qardaşı isə ayaqlarımız əsə-əsə qalmışdıq. Bakıda olanda, Vüqarın məzarına baş çəkmişəm. Yayda gəlsəm, mütləq gedəcəyəm. Heyif ki, belə oldu, bu cür insanlar nadir hallarda dünyaya gəlir.

- Amerikaya necə gedib çıxdın?

- 2002-ci ildə tələbə kimi getdim. Bir çox şey düşündüyüm kimi olmadı, ona görə də təhsili yarımçıq qoymalı və yaşamaq üçün vəsait axtarmalı oldum.

Müqayisə etsək, indi gələn şəxslərə çox asandır, onlar hətta sürücülük vəsiqəsi ala bilərlər. Los-Ancelesdəki məsafələri və nəqliyyat problemlərini nəzərə alsaq, bu, müvəffəqiyyətin yarısıdır. Yadımdadır, səhər kollecə getməli, sonra işə (bir alverçi üçün yük maşınını boşaldırdım), ardınca digər işə (gecə yanacaqdoldurma məntəqəsində işləyirdim) getməli idim. Bəzən günlərlə evdə olmurdum.

- Gedərkən, düşünürdünmü ki, bu həmişəlik olacaq?

 - Gedərkən, heç bilmirdim məni nə gözləyir. İngiliscə demək olar ki, danışmırdım. Yaşamaq icazəsi də yox idi, lakin daxilən sakit idim. Həyatda məni narahat edən az şey var. Əsas odur ki, etdiklərinə inanmaqdır.

- Polisə necə düşdün?

- On il qrin-kart alırdım. Alan kimi nə edəcəyim barədə düşünməyə başladım. Həmişə istəyirdim ki, prokurorluqda araşdırma şöbəsində işləyim. Ora isə iki yol var idi: biri vəkillikdən, digəri isə polisdən keçirdi. Vəkilliyə oxumaq xeyli vaxt tələb edir və bahadır, ona görə də birinci hüquqşünaslığı oxumaq qərarına gəldim ki, bu işlə məşğul olmaq istəyib-istəmədiyimi bilmək üçün. Oxuduqdan sonra anladım ki, bu, mənlik deyil. Vəkillər 1-2 saat məhkəmədə qarşı tərəflə mübahisə etmək üçün aylarla kağızlarla məşğul olurlar, ölərdim bekarçılıqdan. Ona görə də kimin nə işlə məşğul olduğunu, kimin hansı səlahiyyətlərə malik olduğunu və s. öyrənməyə başladım. Dərhal şerifləri seçdim. Dünyada ən böyük departament, ən yaxşı hazırlıq bizdədir. Detektivlərimiz bütün dünya ölkələrinə gedirlər, digər departamentlərə dərs keçirlər, çox sayda müxtəlif vəzifələr var – akvalanqçılardan helikopter pilotlarınadək və s.

- Nə dərəcədə mürəkkəb prosesdir? Nə qədər davam edir yoxlama, rəsmiləşdirmə? İmtinaya səbəb nə ola bilər?

- Bilmirəm indi necədir, eşitmişəm ki, qaydalar dəyişib... Lakin əvvəl 100 nəfərdən yalnız dördü yoxlamadan keçirdi və akademiyaya düşürdü. Tibbi müayinə, fiziki hazırlıq, psixiatr və yalan detektordan keçmək lazım idi. Bundan sonra daha 30 faiz tədris zamanı ələnirdi. Akademiyamız digərlərindən fərqli olaraq daimi gərginlik üzərində qurulub. Böyük fiziki yükləmələr, hüququn öyrənilməsindən başqa təslim olacağını yaxud sonadək döyüşəcəyini yoxlamaq üçün səni elektroşokerlə vururlar, gözünə qözyaşardıcı qaz püskürürlər, qaz kamerasına atırlar və 3 dəqiqə ərzində bir neçə nəfər döyür.

- Bəs polis olmaq qorxulu deyilmi? Özü də belə böyük şəhərdə?

- Burada çox şey insanın xasiyyətindən asılıdır. Bəzən bizim təhlükəli peşəmizi seçmiş insanlara rast gəlirəm, lakin onların xasiyyəti bu işə uyğun gəlmir. Belə insanlara çətin olur, daim stress altında olurlar, əhvalı olmur. Qeyri-maddi səbəblərə görə bu peşəni seçən insanlar ümumiyyətlə bunu iş saymır. Bu daha çox karyerası boyu böyük sərgüzəştə bənzəyir.

- Bizim hamımızın uşaq vaxtı filmlərdən amerikalı polislər barədə məlumatımız var. Lakin biri var özününküləri, biri də var tamamilə fərqli mədəniyyətə sahib olan cinayətkarları tutasan. Yoxsa qanuna tabe olmayan bütün vətəndaşlar sənin üçün eynidir?

- Ümumiyyətlə filmləri real həyatla birləşdirən çox az şey var. Mütamadi olaraq polislərin hərəkətlərini şərh edən insanları görürəm, halbuki onlar həyatda heç vaxt qanqster görməyiblər, qanundan xəbərləri yoxdur və s. Həmçinin eşidirəm ki, insanı sinəsindən vurmaq lazım deyildi, tətiyi çəkdiyi barmağından vurmaq lazım idi. Əlində silahı tutan hər kəs bilir ki, keçdiyi hazırlıqdan asılı olmayaraq heç kim belə yaxşı atəş aça bilmir.

Fərqli mədəniyyətlərə gəldikdə isə güman ki, Los-Ancelesdə başqa yerlərlə müqayisədə onların sayı daha çoxdur. Ona görə də  biz daim treninqlərə gedirik. Ötən həftə Cənubi Amerika milliyyətlərindən birinə həsr olunmuş treninqdə iştirak etdim.

- Bəs sən o vaxt Bakıda qalsaydın, orqanlarda işləmək istəyərdinmi?

- Güman ki, yox. 

- Nəçə bazar günün var və onları necə keçirirsən? 

- Baxır necə. Bəzən iki, bəzən üç istirahət günüm olur. Bizdə əsas həftədə 40 saat işləməkdir. Bunu neçə günə yerinə yetirəcəksən önəmli deyil. İstirahət günlərimi fərqi yoxdur kafedə yaxud təbiət qoynunda, mənə yaxın olan insanlarla keçirməyə çalışıram.

- Emiqrantlar daha çox SSRİ-dən olan insanlarla vaxt keçirirlər. Sən kimlə dostluq edirsən, ünsiyyət qurursan?

- Həmkarlarımla ünsiyyətdə oluram, lakin öz insanlarımızla vaxt keçirməyə çalışıram. Birincisi, həmkarlarla söhbət iş barədə olur, bu isə sinir sisteminə pis təsir edir. İkincisi, bizim insanlar daha sadədir, daha səmimidir, mənim isə sadə, səmimi insanlara meylim var.

- Sonuncu dəfə nə vaxt Bakıda olmusan? Vətənə gəlməyə hazırlaşmırsan?

- Sonuncu dəfə dörd il öncə olmuşam. İndi düşünürəm, bəlkə yayın sonunda gəlim.

- Gələcəkdə Azərbaycanla hansısa layihəni nəzərdən keçirirsən? Bunu necə təsəvvür edirsən? 

 - Bu, ölkənin xeyrinə olan çox nəhəng yaxud iqtisadi cəhətdən çox faydalı bir şey olmalıdır. Biz mülki əhalidən fərqli olaraq pensiya fonduna ödənişlər etmirik, öz fondumuz var. Ona görə də işdən çıxandan sonra heç nəyin olmaya bilər.

- Bilmirəm belə sual vermək nə dərəcədə düzgündür. Bu gün özünü amerikalı ya azərbaycanlı hiss edirsən?

- Rusca danışanda, rusdilli insanlar ləhcə ilə danışdığımı bildirirlər. İngiliscə danışanda isə amerikalılar deyirlər ki, ləhcəm var. Azərbaycan dilində də eyni. Əsas özünü insan hiss etməkdir.

- Harada işlədiyini nəzərə alsaq, qorxmursan ki?

- Bəlkə də olur, amma yegin ki, bu mənada yox. Qorxulu anlar olur. Məsələn, bu yaxınlarda qız dostumun uşağı xəstələndi. Mən kömək məqsədilə pul göndərdim. Pulu o qədər də nəzarət etmədiyim yığım hesabımdan göndərdim. Bir müddət sonra məlum oldu ki, köçürmə baş tutmayıb. Mən pul yığılması ilə məşğul olan qız dostumun rəfiqəsinə yazdım və təkrar pul göndərməyi təklif etdim. Məlum oldu ki, onlar bütün məsrəfləri qarşılayan sponsor tapıblar. Bu vaxtadək cürət edib qız dostuma yazıb işlərin nə yerdə olduğunu soruşa bilmirəm, uşağın durumu haqqında məlumatı xəbərlərdən alıram. Ümumiyyətlə onun taleyi uşaqlıqdan ağırdır. O qədər də inanclı adam olmasam da, inanmaq istərdim ki, bu həyat sadəcə bir qaralamadır və nə vaxtsa o, əziyyətlərinin qarşılığını görəcək.

0.062325000762939