Arif Babayev: Muğam Müsabiqəsi başlayanda tərəddüd edirdim - MÜSAHİBƏ

Ustad sənətkar, Xalq artisti, professor Arif Babayevlə müsahibəmiz, görüşümüz təsadüfən baş tutdu.

Ondan bir neçə dəfə müsahibə almaq istəsək də, səhhətindəki bəzi problemlər səbəbindən alınmırdı. Nəhayət, böyük sənətkarla tələbəsi, Əməkdar artist Nuriyyə Hüseynovanın yaradıcılıq gecəsində görüşdük və fürsətdən istifadə edib, ona bir neçə sual ünvanladıq.

paralel.az Arif Babayevlə müsahibəni təqdim edir:

- Arif müəllim, 60 ildən çoxdur ki, səhnədəsiniz. Bu illər ərzində xeyli sayda tələbələriniz, yetirmələriniz olub, indi də var. Onlarla birlikdə nə vaxtsa ayrıca bir sənət gecəsi, konsert proqramı təşkil etməyi düşünürsünüzmü?

- Sanki ürəyimi oxudunuz. Çoxdandır belə bir fikrim var. Çox istəyirəm ki, tələbələrimlə ayrıca bir konsert proqramı hazırlayaq, sənət gecəsi keçirək. Amma hər şey təkcə məndən asılı deyil. Ömür yetsə, Allah izin versə, belə bir gecəni təşkil edəcəyik. Sağlıq olsun.

Tələbələriniz etimadınızı doğruldurmu?

- Tələbələrimdən çox razıyam. Dəqiq sayını da itirmişəm, çoxdurlar (gülür). Onların arasında artıq Xalq artisti, Əməkdar artist adına layiq görülənləri, müəllimlik fəaliyyəti ilə məşğul olanları da var. Hamısından çox razıyam, hamısı yüksək səviyyəli, peşəkar sənətçilər, muğam ifaçıları, xanəndələrdir.

Hamısı onlara göstərilən etimadı doğruldublar. Götürək elə Aybəniz Haşımovanı. Çox istedadlı, işgüzar, fəal və qoçaq tələbələrimdəndir. Əməkdar artistdir, “Bülbüllər” ansamblının, Sənət Akademiyasının rəhbəridir. Müəlimlik fəaliyyəti ilə məşğul olur, çox istedadlı tələbələri, yetirmələri var.

Yaxud sənət gecəsinə toplaşdığımız Nuriyyə Hüseynovanı götürək. İstedadlı, Azərbaycanı hər yerdə layiqincə təmsil edən, ölkəmizə uğur gətirən sənətçilərimizdəndir, Əməkdar artistdir, müəllimlik fəaliyyəti ilə məşğul olur.

Həmçinin, Xalq artisti Aygün Bayramovanın adını qeyd edə bilərəm. Çox istedadlı, layiqli tələbələrimdən, Azərbaycanın gözəl sənətçilərindən, xanəndələrindəndir.

Digər tələbələrim də həmçinin. Hamısı öz zəhmətləri ilə sənət aləmində yer tutublar. Onların uğurlarını gördükcə bir müəllim kimi mən də sevinirəm, fəxr edirəm, həm də cavanlaşıram (gülür).

- Son 15-20 ildə Azərbaycan səhnəsinə xeyli sayda xanəndələr, ifaçılar, yeni səslər, yeni nəfəslər gəlib. Onların səviyyəsi sizi qane edirmi?

- Qane edir. Özlərinəməxsus ifa tərzləri, dəst-xətləri var. Bildiyiniz kimi, 2005-ci ildən Heydər Əliyevin Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyi ilə ölkəmizdə Muğam Müsabiqəsi keçirilir.

Deyərdim ki, çox uğurlu, çox gözəl bir müsabiqə, layihədir. Bu müsabiqə başlayanda, ilk illərdə bir qədər ehtiyat, tərəddüd edirdim ki, görəsən, istədiyimiz, arzuladığımız gənc ifaçıları tapa biləcəyikmi?!

Artıq özünüz də görürsünüz ki, bu müsabiqə nəticəsində neçə-neçə istedadlı gəncimiz üzə çıxdı, tanındı, arasında xeyli sayda fəxri adlar alanlar da var. Yəni istedadlı, peşəkar gənclərimiz, ifaçılarımız az deyil.

Kimlər ki sənətə elə-belə gəliblər, səsləri yoxdur, onlar da zamanla əriyib, yox olacaqlar. Hər şey yaxşı olacaq.

- Ümumiyyətlə, Azərbaycanda mədəniyyətə, xüsusilə muğama, muğam ifaçılarına münasibətdən razısınızmı?

- Bəli, çox razıyam. İstər Ümummilli lider Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan sənətçilərinə, muğamın inkişafına böyük qayğı və diqqət göstərilib, bu gün də bu xətt davam etdirilməkdədir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sənət adamlarına, Azərbaycanın muğam ifaçılarına, muğam sənətinə münasibəti hər kəsə məlumdur. Hər şey göz qabağındadır.

Azərbaycan mədəniyyəti, Azərbaycan muğamı böyük inkişaf dövrü yaşayır. Bundan artıq nə lazımdır ki?!

Kamil HƏMZƏOĞLU

0.45311713218689