İçərişəhərdə uşaqların əl işlərindən ibarət sərgi açıldı - FOTO

Bu gün İçərişəhərdə yerləşən Arxeoloji parkda “İstedArt” mədəni-xeyriyyə layihəsinin III mövsümünün yekunu ilə bağlı sərgi açılıb.

paralel.az xəbər verir ki, sərgidə İçərişəhərə həsr olunan 36 rəsm əsəri, əl işləri təqdim edilib.

Sərgidə Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin musiqili çıxışı olub.  

Bildirilib ki, layihənin bu mövsümündə Bakı şəhərinin internat məktəblərindən, daun sindromlu şəxslərin reabilitasiya mərkəzindən 34 uşaq səkkiz müəllimin rəhbərliyi altında rəssamlıq və qrafika üzrə İçərişəhərdə yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində dərs keçib. 

Ümumilikdə, bir il ərzində 100-dən çox uşağı öz ətrafında birləşdirən layihəni keçirməkdə məqsəd valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən üzrlü, maddi sıxıntı çəkən uşaqların bacarıqlarını üzə çıxarmaq, onlara öz inkişaflarında bütün maneələrə baxmayaraq, dəstək olmaqdır. Bu müddətdə uşaqlar aktyor sənəti və qrafika üzrə də ustad dərslərində iştirak ediblər. 

Bu ilin payızından etibarən layihənin IV mövsümünə start verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin mart ayından etibarən start götürən “İstedArt” mədəni-xeyriyyə layihəsini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

0.096597909927368