Sona Əliyeva: Azərbaycan finalı təhlükəsiz təşkil etməklə bütün iddiaları alt-üst etdi

Dünyada nüfuzlu dövlət kimi tanınan Azərbaycanda mötəbər tədbirlər yüksək səviyyədə təşkil edilir. Belə tədbirlər sırasında mədəni, humanitar forumlar, idman yarışları və digərləri xüsusi yer tutur.

Mayın 29-da paytaxt Bakı daha bir möhtəşəm tədbirə - UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi.

Bu fikirləri paralel.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

“İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu” - deyən S.Əliyeva bildirib ki, final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən, bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın belə mötəbər tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə malik ölkə olması növbəti dəfə sübuta yetirildi.

O qeyd edib ki, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi:

“Bütövlükdə, Azərbaycan mükəmməl şərait yaratmaqla bəhs olunan final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu.

Avropa Liqasının final matçının Bakıda ən yüksək səviyyədə keçirilməsi də ölkəmizin bu sahədəki zəngin təcrübəsini, iqtisadi gücünü və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Bununla da oyunlardan əvvəl bəzi dairələr tərəfindən ortaya atılan spekulyasiyalar, iddialar alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər.

Bu gün bütün beynəlxalq mediada Azərbaycanın uğurla təşkilatçılığından, final matçının yüksık səviyyədə həyata keçirilməsindən yazılır, danışılır. Bakıya gələn qonaqlar ölkəmizin müsbət reallıqlarından, Bakıda gördüklərindən razılıqla danışırlar.

Yeri gəlmişkən, iyunun 1-də UEFA Çempionlar Liqasının final oyununun keçirildiyi Madriddə yaşanan problemlər bir daha reallıqları ortaya qoydu. Bütün bunlar təsdiqləyir ki, Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən təhlükəsiz şəhərlərdən biridir”.

Kamil HƏMZƏOĞLU

0.3702380657196