Azərbaycan dünyada dini və milli birgəyaşayışın təmin olunmasına böyük töhfələr verir

Prezidenti Azərbaycanı multikulturalizmin mayakına çevirmək niyyətindədir və ölkə vətəndaşları da, bu prosesdə könüllü iştirak edirlər

 Qloballaşan dünyamızda sülhün, barışın, millətlər və dinlər arasında qarşılıqlı anlaşmanın və harmoniyanın əldə olunmasında multikulturalizmin və tolerantlığın mühüm rol oynadığı, artıq heç kimdə şübhə doğurmur. Bütün dünyada multikulturalizmin inkişaf etdirilməsi və qorunması üçün isə qarşılıqlı əməkdaşlığa və dialoqa böyük ehtiyac var. Özünün multikultural dəyərlərə münasibəti, xalqlar və dinlərarası dözümlülük nümunəsi ilə bütün dünyanın diqqətini cəlb edən Azərbaycan dövləti bu ehtiyacların təmin olunması istiqamətində çox böyük işlər görür. 

May ayının əvvəlində Bakıda öz işinə başlayan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da, bu fəaliyyətin istiqamətlərindən biridir. "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq"- şüarı altında keçirilən bu Forumda müzakirə olunan məsələlərin əsas mahiyyətini də, məhz dini və milli zəmində baş verən zorakılıq hallarına qarşı birgə mübarizə təşkil edib.

Müasir dünyamızda bir sıra dövlətlərin dini və milli məsələləri siyasiləşdirmək yolu ilə öz maraqlarını gerçəkləşdirmək cəhdləri, sonuncda çox böyük qarşıdurmalar, müharibələr, terror və faciələrlə nəticələnir ki, bununda qarşısını yalnız qarşılıqlı dialoq yolu ilə almaq olar.

Sovet rejiminin süqutu ilə tarixi qonşularımız olan ermənilərin terror və işğalına məruz qalan, 20 faiz torpaqları işğal altına düşən, bir milyondan çox məcburi köçkün və qaçqını olan bir ölkə olaraq Azərbaycan bu gün də bütün problemlərin sülh yolu ilə həllinə çalışır və bununla da bütün dünyada dini və milli birgəyaşayışın təmin olunmasına böyük töhfələr verir. Azərbaycan məhz bu humanist, multikultural və tolerant movqeyinə görə, dünyada multikulturalizmin və tolerantlığın mərkəzi kimi qəbul olunur. 

Ölkəmizin bu mövzuda keçirilən bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi də, dünyada artan nüfuzumuzun və dünya dövlətlərinin bizə etimadının nəticəsidir.

Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan xalqı bütün dövrlərdə tolerantlıq mədəniyyətini və multikultural dəyərləri özündə əks etdirib və yaşadıb. Bakıda keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq"- şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan əhəmiyyətli bir hadisədir.

Forumun keçirildiyi vaxtdan artıq, bir aya yaxın zaman keçsə də, onun ətrafında gedən müzakirələr hələ də davam edir. İstər ölkəmizdə, istəsə də ölkəmizdən çox-çox uzaqlardan həmin forumun əks-sədaları gəlir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov mətbuata açıqlamasında Prezident İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi fikirlərin ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişələrə qarşı fəaliyyət naminə dialoq qurmaq üçün dünyaya ciddi mesaj olduğunu bildirib.

Tarixçi-alim qeyd edib ki, son illər bu istiqamətdə ölkəmizdə həyata keçirilən bir çox tədbirlər Azərbaycanı dünyanın əsas multikultural mərkəzlərindən birinə çevirib: "Biz multikultural dəyərləri yaşadır, təbliğ edir, həmçinin onun yayılması üçün beynəlxalq səviyyədə əməkdaşlıq edirik. Ölkəmizdə müxtəlif dini və etnik icmalar sülh və qardaşlıq şəraitində yaşayır və dövlətimizin qayğısını hiss edirlər",- Ə.Fərhadov deyib.

O, həmçinin dövlətimizin bu siyasətinin ölkəmizin ali və orta ixtisas məktəblərində, elm və mədəniyyət ocaqlarında geniş təbliğ olunmasından söz açaraq bildirib ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 2016-cı ildən etibarən multikulturalizm, islam həmrəyliyi, tolerantlıq mövzularında seminarlar, dəyirmi masalar təşkil olunur. Tədbirlərə mütəmadi olaraq Azərbaycanın ali və orta məktəblərinin müəllim, tələbə və şagirdləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, dini və etnik icmaların üzvləri dəvət olunurlar və bütün məsələlər geniş müzakirə olunur.

Eyni zamanda Azərbaycanın multikultural dəyərləri, tolerantlıq mədəniyyəti daim öyrənilir, bu istiqamətdə beynəlxalq və respublika konfranslarında məruzələr dinlənilir, elmi əsərlər yazılır.

Alim vurğulayıb ki, dövlətimiz tərəfindən həyata keçirilən multikulturalizm siyasəti və bu istiqamətdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları da Azərbaycan mədəniyyətini, sülh və tolerantlıq siyasətini tədqiq və təbliğ etməyə yönəlik bir fəaliyyətdir.

Ölkəmizdə keçirilən Forumun əks-sədasını əcnəbi ölkələrdən almaq bizim  üçün daha xoşdur. Belə ki, Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Amerika nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan "Intermountain Jewish News" qəzetinin redaktoru Şana Qoldberq özünün çalışdığı nəşirdə Azərbaycanda gördüyü və müşahidə etdiyi multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən geniş məqalə dərc etdirib.

Məqalənin müəllifi yazır ki, bir-biri ilə rəqabət aparan regional dövlətlər arasında yerləşən, öz müstəqilliyini və zəngin neft ehtiyatları üzərində nəzarəti qoruyub saxlaya bilən, çoxetnoslu cəmiyyəti dəstəkləyən Azərbaycan, özünə qonşu olan dövlətlərlə yanaşı, həm də İsraillə yaxşı münasibətlər qurub.

Şana Qoldberq qeyd edir ki, 2018-ci ildən keçirilən Bakı forumu Azərbaycanda mövcud olan multikulturalizm siyasəti haqqında məlumatları dünyaya yaymaq üçün çox gözəl vasitədir. Müəllif yazır: "Azərbaycan Respublikasının Prezident İlham Əliyevin çox dəqiq ifadə etdiyi kimi, özünü multikulturalizmin elçisi hesab edən Azərbaycan müxtəlif etnosların, azsaylı xalqların və müxtəlif dini konfessiyaların eyni bir dövlətdə dinc yanaşı yaşamasının mümkünlüyünü təsdiq edən əyani sübutdur".

Məqalə müəllif daha sonra Azərbaycan əhalisinin çoxmillətli və  çoxkonfessiyalı tərkibi barədə yazaraq qeyd edir ki, 27 il bundan əvvəl Azərbaycan Sovet İttifaqının tərkibindən çıxanda ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yaranıb. Qonşu Ermənistanla münaqişəyə cəlb edilən ölkə parçalanmaq təhlükəsi qarşısında olub. Bu gün isə Azərbaycan Qafqazda ən qüdrətli və güclü dövlətdir.

Şana Qoldberq qeyd edir ki, o dövürdə Azərbaycanı parçalanmaq təhlükəsindən Heydər Əliyev xilas edib. Müəllif bildirir ki, 1993-cü ildə Heydər Əliyev prezident seçiləndən sonra ölkədə sabitlik yaranıb, genişmiqyaslı sosial və iqtisadi islahatların həyata keçirilməsinə başlanılıb.

Azərbaycan əhalisinin etnik tərkibindən söhbət açan məqalə müəllifi yazır ki, Avropa ilə Asiyanın qovuşduğu bir məkanda, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan tarixin bütün dönəmlərində etnik qrupların, azsaylı xalqların qaynayıb-qarışdığı bir yaşayış məskəni olub: "Məsələn, İran mənşəli yəhudilər əsrlərboyu burada yaşayıblar və yaşayırlar".

Müəllif həmçinin qeyd edir ki, o dövürdə dövlət rəhbərliyinə Heydər Əliyev gəlməsəydi, Azərbaycan uğursuz bir postsovet dövlətinə çevrilə bilərdi. Bu gün isə ölkənin paytaxtı Bakı regionda iqtisadi tərəqqi nümunəsidir. Müəllif hazırda dünyada məşhur olan «Alov qüllələri»ni, habelə forumun açılış mərasiminin keçirildiyi Heydər Əliyev Mərkəzini geniş təsvir edərək, bütün bunlara heyranlığını dilə gətirib. O vurğulayır ki, Bakı Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşsə də, burada Avropa ab-havası daha açıq şəkildə özünü göstərir və üstünlük təşkil edir. Müəllif qeyd edir ki, şəhərin möhtəşəm memarlıq nümunələrinin böyük əksəriyyəti XIX əsrin axırlarında, Bakıda ilk neft bumu dövründə yaradılıb.

Öz məqaləsində həm də Dağlıq Qarabağ münaqişəsi probleminə toxunan Şana Qoldberq yazır ki, həmin münaqişə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə də təsdiq edilib. Lakin çox təəssüflər olsun ki, bu problemin həlli istiqamətində beynəlxalq təşkilatlar heç də lazım olan ciddiliyi nümayiş etdirməyiblər.

Qoldberq daha sonra nümayəndə heyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşləri barədə yazıraq qeyd edib ki, həmin görüşlərdə Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri müzakirə edilib. Azərbaycanda mövcud olan dini və milli tolerantlıqdan, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açan müəllif yazır: "Bütün bunlar onun sayəsində mümkün olub ki, ölkə Prezidenti Azərbaycanı multikulturalizmin mayakına çevirmək niyyətindədir və ölkə vətəndaşları da, bu prosesdə könüllü iştirak edirlər".

Bu isə o deməkdir ki, respublikamızda dovlət-din münasibətləri ən yüksək səviyyətdə qurulub və ölkəmizdə hakimiyyət-xalq vəhdəti mövcuddur.

İndoneziyanın paytaxtı Cakartada nəşr olunan "The Jakarta Post" qəzeti də mayın 21-də nəşr olunan buraxılışında Azərbaycanın orucluq adətləri mövzusunda müsahibəni onlayn və çap versiyalarında yayımlayıb.

Müxbirin suallarını cavablandıran Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov ölkəmizdə müqəddəs Ramazan ayında xalqımızın imsaq və iftar adətləri barədə ətraflı məlumat verib.

Ruslan Nəsibov həm də ölkəmizdə mövcud olan minillik tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq oxuculara geniş məlumat verib. Müsahibədə əhalisinin 95 faizdən çoxunu müsəlmanların təşkil etdiyi Azərbaycanda bütün dinlərə böyük hörmət bəslənildiyi, ölkədəki digər dini və etnik qrupların nümayəndələrinin birgə, sülh və əmin-amanlıq şəraitində yaşadığı xüsusi qeyd olunub.

Məqalədə həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizmin dövlət siyasətinə çevrildiyi vurğulanıb. Azərbaycanın öz multikulturalizm və tolerantlıq modeli ilə dünyaya nümunə olduğu və bu məqsədlə ənənəvi olaraq təşkil edilən Mədəniyyətlərarası Dialoq Forumunun da təşəbbüsçüsü və ev sahibi olduğu bildirilib.

Azərbaycan artıq çoxdandır ki, özünün multikultural siyasəti ilə diqqət mərkəzindədir və bu sülhsevər siyasəti ilə bütün sivil cəmiyyətlərin rəğbətini qazana bilib.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.058564186096191