İradə Gülməmmədovanı məmurlar saymır, rayon idarə olunmur - Abşeron əhalisi belə hesab edir

Abşeron Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasovu əhali ayıq tapa bilmir. Rayonun icra başçısı İradə Gülməmmədovanın sözü isə Su Kanal İdarəsinin rəisinin yanında heç bir etibarı yoxdur. Abşeron rayonunda əhalinin su ilə təminatında ciddi problemlər var. Evlərə verilən suyun qrafikə salınması problemə çevrilib, içməli suya həsrət qalmış sakinlər dəfələrlə üzləşdikləri problemlə bağlı Su Kanal İdarəsinə müraciət etsələr də, heç bir faydası olmayıb. 


Sakinlər bildirir ki, Abşeron Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasovu insanların içməli su problemini həll etmək qəti maraqlandırmır, rəisi yalnız asan yolla pul əldə etmək maraqlandırır. Sakinlər qeyd edirlər ki, Q. Abbasovun pul qazanmaq üçün də yaxşı imkanı var. Onların sözlərinə görə, Q. Abbasov əhaliyə kiçik su nasosları satmaqla məşğuldur. Çünki evlərə verilən suyun istifadə edilməsi üçün lazım olan təzyiqə ehtiyac var. Bu səbəbdən də əhali hidrofor və ya kiçik su nasoslarının gücündən istifadə etməyə məcburdur. 

Q. Abbasovun digər qazanc yeri isə Xırdalan şəhərində inşa edilən binalara texniki şərtin verilməsidir. Bizə məlumat verən sakinlərin dediyinə görə, Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasov hər binaya texniki şərt vermək üçün binanı tikən şirkətlərdən 50 min manat alır. Camaat deyir ki, onlar bir neçə dəfə etiraza qalxıb Abşeron Su Kanal İdarəsinə gediblər. Hətta İcra Hakimiyyətinin önünə yığışaraq, su və kanalizasiya problemlərinin həllini tələb ediblər. İcra başçısı İradə Gülməmmədova məsələyə reaksiya versə də, Qorxmaz Abbasovu yerində tapa bilməyib. «Bir neçə dəfə Su Kanal İdarəsinə gedərək, orada Qorxmaz Abbasovla görüşmək istədik. Amma katibəsi hər dəfə bildirdi ki, Qorxmaz müəllim yatıb və bu səbəbdən də bizi qəbul edə bilməyəcək». 

Redaksiyaya sakinlərin verdiyi məlumata görə, Qorxmaz Abbasov nəinki İradə Gülməmmədovanı, hətta keçmiş icra başçısı Zakir Fərəcovu da saymayan məmurlardan biridir. Qeyd edilir ki, Su Kanal İdarəsinin müdirinin bu qədər arxayın hərəkət etməsinə səbəb isə arxasının yuxarılara bağlı olması və böyük maddi resurslar sahibinə çevrilməsidir. İddia olunur ki, Qorxmaz Abbasov hətta "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynovdan da çəkinmir. Bunun səbəbini isə Abşeron Su Kanal İdarəsinin rəisi Qorxmaz Abbasovun özünü ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxın adamı kimi qələmə verməsi ilə izah olunur. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mirdamər

0.088271141052246